İmişlidə deputatlığa keçmiş namizəd həbs olundu

İmişlidə deputatlığa keçmiş namizəd həbs olundu

İmişlidə deputatlığa keçmiş namizəd həbs olundu

Dekabrın 13-ü axşam saatlarında İmişli Rayon Məhkəməsi Azərbaycan "Vətən Müharibəsi Veteranları" İctimai Birliyi yerli şöbəsinin sədri Taleh Tapdıqov barədə 5 sutkalıq inzibati həbs qərarı çıxarıb.

“Polemika.az” xxəbər verir ki, bu barədə AzadlıqRadiosuna yerli sakinlər məlumat verib. Məlumata görə, T.Tapdıqovun İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında icra başçısı Elçin Rzayevlə mübahisəsi olub. Onun saxlanmasının da sonuncunun polisə müraciəti əsasında həyata keçirildiyi bildirilir. "Onu döyə-döyə, sürüyə-sürüyə maşına basıb polis idarəsinə apardılar. Az sonra isə məhkəməyə gətirdilər və dərhal 5 sutkalıq həbs qərarı elan edildi", - adının çəkilməsini istəməyən yerli sakinlərdən biri vurğulayıb.

Bu deyilənlərlə bağlı İmişli Rayon Məhkəməsi və polislə danışmaq mümkün olmayıb.

İmişli Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, T.Tapdıqovun saxlanması və barəsində inzibati cəza tədbiri görülməsinə səbəb özünün qanunsuz hərəkətləri olub: "O, 15:30 radələrində içkili vəziyyətdə icra hakimiyyətinin inzibati binasına daxil olub, icra başçısından obyekt tikməsi üçün torpaq sahəsi ayrılmasını tələb edirdi. Ona qanunçuluğun tələbi izah ediləndə səsini qaldırdı. Bir müddət işimiz pozuldu. Bununla bağlı akt tərtib edildi və polisə müraciət olundu".

Bu deyilənlərə T.Tapdıqovun özündən və yaxınlarından münasibət öyrənmək, hələlik, mümkün olmayıb. T.Tapdıqov son parlament seçkisində 79 saylı İmişli Seçki Dairəsi üzrə deputatlığa namizəd olub. O və tərəfdarları seçkinin nəticələrinə etiraz olaraq bir neçə dəfə aksiya keçirib.

İmişlidə deputatlığa keçmiş namizəd həbs olundu