İllik limit nə vaxtdan yenilənir? Təbii qazın tarifləri...

İllik limit nə vaxtdan yenilənir? Təbii qazın tarifləri...

İllik limit nə vaxtdan yenilənir? Təbii qazın tarifləri...

Azərbaycanda əhali üçün tətbiq olunan qaz limitinin sıfırlanması prosesi bu il yanvarın 10-da başa çatacaq, "AzəriQaz" deyir.

2022-ci ilin başlamasına rəğmən qaz limitləri hələ də sıfırlanmayan abonentlər bu vəziyyətdən narahatdır, ancaq "AzəriQaz" deyir ki, sıfırlanma zamanı abonentin "365 gün limiti qorunur" və limitin sıfırlanması bu il yanvarın 10-dan növbəti ilin yanvarın 10-dək olan vaxtı nəzərdə tutur.

"Yəni, biz bu ay yanvarın 1-də başladığımız sıfırlanmanı yanvarın 10-da yekunlaşdıracağıq. Növbəti il yanvarın 10-da da sıfırlanma yekunlaşacaq. Abonent üçün fərqi nədir ki, sıfırlanma ayın 3-də, 5-də,yoxsa 10-da oldu?! Əgər 10-dan 10-na götürülürsə, 3-ü, 5-i var ha, bax, o da 365 günün içindədir", "AzəriQaz" sözçüsü Eldəniz Vəliyev BBC Azərbaycancaya deyib.

Qurum rəsmisi abonentləri əmin edir ki, bir şəxsin evindəki "limit hansı gün sıfırlanırsa, gələn ilin limiti də gələn ilin yanvarının həmin günündə sıfırlanacaq".

O, vətəndaşlardan sıfırlanmanın bir-iki gün ərzində aparılmasının mümkün olmadığını "nəzərə almalarını" istəyib.

"Azəriqazda olmayıb ki, bütün abonentlərin limiti ayın 1-2-də sıfırlansın. Bu, hər zaman yanvarın 10-na qədər çəkən prosesdir. Ayın 6-7-də bu proses bitmiş hesab oluna bilər lakin, nəzərə alsaq ki, vətəndaşlara səhv nəsə göndərilə bilər, yanlışlıq ola bilər, sistemdir də, hər şey ola bilər, ona görə də ayın 6-7-dən sonrakı 3-4 gün yoxlama günləridir," - Eldəniz Vəliyev deyib.

Gələn ildən mexaniki sayğacların oxunmasının avtomatlaşdırılması istiqamətində Azərbaycanda pilot layihənin işə salınacağını bildirən qurum rəsmisi tətbiq olunacaq aparat "özünü doğrultsa, bütün sayğacların oxunmasının mərkəzləşdirilmiş qaydada aparılacağını" deyir.

Smart tipli sayğac abonentləri üçün iyulun 1-dək karta yüklənən pula uyğun olaraq müəyyən edilən qazın həcmi köhnə, yəni iyulun 1-dək qüvvədə olan tariflə sayılacaq, iyulun 1-dən etibarən isə karta yüklənən pula görə qazın həcmi yeni tariflə hesablanacaq, bu barədə iyul ayında BBC News Azərbaycancaya Azəriqaz-ın mətbuat xidmətinin rəisi Ceyhun Səfərov bildirmişdi.

Onun sözlərinə görə, mexaniki sayğaclardan istifadə edənlər üçün isə qaz həcminin hesabatı iyulun 10-dək köhnə tariflərlə aparılacaq.

"Mexaniki sayğaclarda göstəricilər fiziki olaraq hesablanıb qeydə alınır. Ona görə də biz iyulun 10-dək mexaniki sayğacların oxunmasını təmin etməliyik. Bunu təmin edənə qədər isə, yəni iyulun 10-dək, hələlik mexaniki sayğaclardan istifadə edən abonentlər üçün hesablama köhnə tariflərlə aparılacaq. İyulun 10-dan sonra isə onların qaz hesabatı yeni tariflə aparılacaq. Ona görə biz də abonentlərdən xahiş edirik ki, iyulun 10-dək sayğacların oxunmasına bizə şərait yaratsınlar ki, sonra ortalıqda hansısa mübahisəli məsələ qalmasın".

İyulun 1-dən təbii qazın istehlak qiyməti artıb, güzəştli istifadə tətbiq edilən qaz limiti azaldılıb.

Tarif Şurasının çərşənbə günü verdiyi qərarına görə, qiymət artımı il ərzində 1200 kubmetrdən sonrakı istehlaka tətbiq ediləcək.

İndiyə kimi əhali qrupuna aid abonentlərə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilmişdi.

Bu limit indi 1200 kubmetrə endirilir. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan əhali 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər.

Tarif Şurasına görə, il ərzində 1200 kubmetr qaz işlədənlər abonentlərin 51 faizini təşkil edir.

Məlumata əsasən, "Şura üzvlərinin qərarı ilə sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib".

Bu arada qərar bir sıra sahələr üçün güzəştlərin saxlanılmasını nəzərdə tutur. Belə ki, sənaye və kənd təsərrüfatı sahələri üçün tarif dəyişdirilməyərək, hazırkı 20 qəpik səviyyəsində saxlanılıb.

Təbii qaz əsasında fəaliyyət göstərən yaşayış binalarının məhəllə qazanxanaları üçün də tarif 20 qəpikdən 13 qəpiyə endirilib. Digər sahələrdə (ticarət, xidmət və s.) qiymətlərin 5 qəpik artırıldığı bildirilir.

"Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək", - Tarif Şurasının saytında yerləşdirilmiş məlumatda deyilir.

 

İllik limit nə vaxtdan yenilənir? Təbii qazın tarifləri...