İcra Hakimiyyətində Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib

İcra Hakimiyyətində Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib

İcra Hakimiyyətində Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib

Xətai Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, ermənilər havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımıdır. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdikləri soyqırımı aktının nəticələrini statistik rəqəmlər də sübut edir: 

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Rafiq Quluyev vurğulayıb ki, Xocalı soyqırımı qan yaddaşımızdır. 

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın, Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır: “Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Soyqırımın törədilməsinə görə  Ermənistanın o zamankı  siyasi-hərbi rəhbərliyi  məsuliyyət daşıyır. Günahkarlar  məhkəmə qarşısına çıxarılmalı, layiqli cəzalarını  almalıdırlar.”  

Vüqar Rəhimzadə Azərbaycan dövlətinin Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində həyata keçirdiyi  ardıcıl tədbirlərdən  geniş bəhs edib: “Soyqırımı aktına ilk hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Müxtar Respublikası Ali Məclisinin Sədri olarkən, daha sonra isə Ulu Öndərin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra verilib”.

Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizlə 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi,  şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının intiqamı  alındı,  onların narahat ruhları rahatlıq tapdı.

Tədbirdə çıxış edən Xocalıdan olan şəhid ailələrinin üzvləri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnunluqlarını bildirib və  bu əminliyi ifadə ediblər ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu  ərazilərimizi düşmən işğalından azad edib, ərazi bütövlüyümüz bərpa olunub və yaxın zamanlarda biz xocalılılar  doğma yurd-yuvamıza qayıdacağıq.

 

İcra Hakimiyyətində Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib