Gürcüstan "qollarını çırmaladı": Tiflis Bakıyla İrəvanı bir araya gətirir?

Gürcüstan "qollarını çırmaladı": Tiflis Bakıyla İrəvanı bir araya gətirir?

Gürcüstan "qollarını çırmaladı": Tiflis Bakıyla İrəvanı bir araya gətirir?

Müharibənin bitməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi “3+3” formatına keçən aylarda Gürcüstan hökuməti qatılmayacağını bəyan edib. Bunun səbəbi həmin formatda Rusiyanın olmasıdır. 

“3+3” formatına Gürcüstanın alternativ təklifi “1+1+1” formatıdır. Bəzi siyasi analitiklərin fikrincə, bu təşəbbüs müasir Cənubi Qafqaz modelinin təzahürüdür. Lakin Azərbaycan və Ermənistan Gürcüstanın bu təklifinə indiyənə qədər münasibət bildirməyib.

Xatırladaq ki, Gürcüstanın xarici işlər naziri David Zalkaliani “1+1+1” formatı çərçivəsində rəsmi Tbilisinin Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllində vasitəçi olacağını da qeyd edib.

Beləliklə, Azərbaycan üçün hansı format daha uyğundur: “3+3”, yoxsa “1+1+1”?

Gürcüstanın təklif etdiyi vasitəçilik baş tuta bilərmi?

Polemika.az-a açıqlamasında “Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Xəyal Bəşirov qeyd edib ki, ən optimal variant “3+3” formatıdır.

“Əslində, əsas məqsəd və məram ondan ibarətdir ki, təkcə ayrı-ayrı dövlətlərdə deyil, ümumən regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində addımlar atılsın. 

İkinci Qarabağ müharibəsindən öncə bu formata, ümumiyyətlə, istənilən formata maneəçilik törədən əsas amil keçmiş Qarabağ münaqişəsi idi. Münaqişənin həllindən sonra Azərbaycan Ermənistana bu formatda əməkdaş təklif edirsə, Gürcüstan da bu formatdan qaçmamalıdır”.

X. Bəşirov əlavə edib:

“Təbii ki, Gürcüstan və Rusiya arasında müəyyən siyasi problemlər var, amma elə bu formatın təşkil olunmasında məqsəd təkcə Azərbaycan və Ermənistan arasındakı keçmiş münaqişədən sonra qalan problemlərin həlli deyil, həm də Rusiya ilə Gürcüstan arasında gərginliyin həlli istiqamətində də bu format rolunu göstərməlidir. Ona görə də, “1+1+1” formatının elə də güclü bir əhəmiyyəti olmayacaq”.

Politoloq hesab edir ki, əgər biz qonşu dövlərlərlə münasibətlərimizi normallaşdırmayacğımız təqdirdə, bu formatların heç bir əhəmiyyəti yoxdur:

“Azərbaycan heç bir dövlətlə, o cümlədən Ermənistanla münasibətlərin gərginləşdirilməsinə maraqlı deyil. “6-lıq” formatının reallaşması ən optimal variantdır”.

Rafi MÜSLÜMOV

 

Gürcüstan "qollarını çırmaladı": Tiflis Bakıyla İrəvanı bir araya gətirir?