Ermənistan tunelin sonunda: Nə etməli? - Şərh

Ermənistan tunelin sonunda: Nə etməli? - Şərh

Ermənistan tunelin sonunda: Nə etməli? - Şərh

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Baş nazir Nikol Paşinyanın Azərbaycana təqdim edilən delimitasiya və demarkasiya təklifinin rəsmi Bakı tərəfindən qəbul edilmədiyini açıqladı.

Bunun, əslində, bir neçə səbəbi var. Bu gün Ermənistan hakimiyyəti delimitasiya məsələlərinə, sadəcə texniki bir proses kimi baxır. Azərbaycan isə bu məsələdə ərazi bütövlüyü və suverenliyin tanınılmasının tərəfdarıdır. Lakin buna baxmayaraq, bugünkü Ermənistan hakimiyyəti Azərbaycanla sərhədlərin təyin edilməsi məsələsini Qarabağ münaqişəsindən hər zaman fərqləndirib.

Bir az tarixə ekskursiya edək. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın “BBC”yə verdiyi müsahibədən bir hissəyə diqqət edək. Sarkisyan həmin müsahibədə deyirdi ki, “Ağdam mənim vətənim deyil və biz danışıqlar nəticəsində Qarabağa yüksək muxtariyyət təyin ediləndən sonra həmin əraziləri qaytaracaqdıq.”. 

2015-ci ildə BMT-nin 70 illiyində çıxış edən sabiq prezident öz ritorikasına sadiq qalaraq yenə də bu mövzuya toxunmuşdu. O qeyd etmişdi ki, Azərbaycanın məsələsi, yalnız Qarabağ erməniləri ilədir, Ermənistanla yox. Çünki biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Bu bəyanatı 30 il ərzində Ermənistanda hakimiyyətdə olan Levon Ter-Petrosyan da, Rober Koçaryan da, Serj Sarkisyan da, eləcə də hazırki Baş nazir Nikol Paşinyan da hər dəfəsində vurğulayıb.

Ermənilərin bu məsələdə ikibaşlı hərəkət etməsi, əslində hər kəsə bəllidir. Çünki 30 il müddətində işğalda qalan Dağlıq Qarabağın ətrafındakı 7 rayonu ermənilər hər zaman “bufer zona” kimi qiymətləndiriblər. Onlar “Madrid prinsipləri”nə görə də, ilk 5 rayonu Azərbaycana təhvil verəcəkdilər. Lakin burada da ikili standart həyata keçirən İrəvan yenə də, gah nala, gah da mıxa vurdu.

2017-ci ildə qondarma “Artsax”da keçirilən “referendum” nəticəsində ermənilərin “bufer zona” adlandırğı 7 rayon bu “dövlət”in ərazi vahidi kimi qəbul edilmişdi. Hətta keçmiş DQMV ətrafı əraziləri qondarma rejimin “torpaqlarına” qataraq xarabazara çevirdikləri şəhərlərə və kəndlərə ermənicə adlar qoymaqdan da utanmadılar. Bu gün də eyni situasiya davam edir. Ermənistan tərəfi gah deyir ki, bu problem Azərbaycan və Qarabağ ermənilərinin problemidir və beləliklə problemi öz boynundan atır, gah da Qarabağa status istəyir və delimitasiya məsələsi ilə Azərbaycanın suverenliyini ayrı tutur və hətta günahı Bakının üzərinə atır. 

Mövcud situasiya Ermənistanın yenidən dalana dirəndiyini göstərir. Çünki Azərbaycan status məsələsini çoxdan arxivə tullayıb. Ermənistan da bu reallıqlarla barışıb arxivin qaranlıq və tozlu künclərində vurnuxmaqdan əl çəkməlidir.

Rafi MÜSLÜMOV 

Ermənistan tunelin sonunda: Nə etməli? - Şərh