Ermənistan Rusiyanı münaqişəyə cəlb etmək istəyir - Sərhəddə baş verənlərin pərdəarxası

Ermənistan Rusiyanı münaqişəyə cəlb etmək istəyir

Ermənistan Rusiyanı münaqişəyə cəlb etmək istəyir - Sərhəddə baş verənlərin pərdəarxası

Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir. Yeni Müdaifə naziri Suren Paikyanın təyinatından sonra erməni tərəfi dərhal hərbi təxribatlara yol ataraq, Azərbaycan hərbçilərinin olduğu istiqamətdə ağır artilleriya və qumbaratanlardan atəş açıblar. 

Ermənistanın vəziyyəti getdikcə gərinləşdirməsi, yeni hərbi eskalasiyaya başlamaq maraqları, sözsüz ki, ilk belə hal deyil. 

Sərhəddə nələr baş verir? Ermənistanın vəziyyəti gərginləşdirməkdə məqsədi nədir?

Məsələ ilə bağlı Polemika.az açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev (Behrudi) qeyd edib ki, əslində baş verən proseslər, sərhəddə gedən delimitasiya prosesinin bir hissəsidir:

“Məsələ burasındadır ki, hər iki tərəf, istər Ermənistan, istərsə də Azərbaycan sərhədlərin qarşılıqlı tanınması prosesi baş vermədiyi üçün, hər kəs olduğu mövqedə möhkəmlənməyə, özünün əməliyyat şəraitini yaxşılaşdırmağa çalışır. Ermənistan tərəfi nədən bunu edir? Biz 44 günlük müharibədən sonra o sərhədlərə çıxa bilmişik, amma ermənilər 30 il müddətində o ərazilərdə olublar. Əgər bunların sərhəd anlayışı olsaydı, onlar indi bizim bölmələrin gəlib, sərhədimizə çıxdığı ərazilərdə 20-30 il müddətində elə möhkəm istehkamlar qurardılar. Ermənilər düşünürdülər ki, onların sərhədi Tərtərdən, Ağdamdan (Ohanyan xətti – red.), Füzulidən keçməlidir”.

Eskpert iddia edib ki, hazırda əməliyyatlar Silahlı Qüvvələrimizin nəzarəti ilə keçirilir:

“Əgər bizdə 2 yaralıdırsa, bu rəqəm onlarda 5 qat çoxdur. Dolayısıyla, bu lokal baş verən proseslərin səbəbidir, amma Ermənistan bir az da bunun üzərinə provakasiya ilə gedir ki, onun uzaqgedən məqsədi var. Uzaqgedən məqsədi odur ki, necə ki, onlar rusları sülhməramlı qismində Qarabağ ərazisinə cəlb edə bildilər, eynilə sərhədə də Rusiya Silahlı Qüvvələrini bu və ya digər yöndə cəlb etmək istəyirlər.

Onlar belə qənaət yaratmaq istəyirlər ki, guya Azərbaycan bunların ərazilərinə müdaxilə edir, bunlar qoruna bilmir və ruslar gəlib bunların əvəzinə sərhədi müdafiə etməlidirlər. Provokasiyaların geniş miqyasada səbəbi, əslində, bununla abğlıdır. Silahlı Qüvvələrimiz bundan əvvəlki təxribatlarda misliylə cavab veriblər, bütün istiqamətlərdə də sonunda bizə uyğun olan taktiki-strateji yüksəkliklər nəzarət altına götürülüb və bundan sonra da belə olacaq”.

E. Şıxəliyev əlavə edib:

“Təbii ki, birdən-birə əvvəlcədən mövcud olmayan mövqelərə gəlib möhkəmlənməyimiz, bir az çətindir. Aparılacaq döyüş əməliyyatlarının və baş verə biləcək insidentlər baxımından şəxsi heyəti sığortalamaq bir az çətindir. Ona görə ki, orada əvvəllər mövqelər olmamışdı, indi sıfırdan mövqelər yaranmalıdır ki, təhlükəsizliklə təmin olunsun.

Hər bir halda erməni tərəfi yalnız güc dilindən anladığına görə, Azərbaycan Silahlı Qüvvələri onlara başa salmaq istəyir ki, artıq ya özünüzü məğlub ölkə kimi qəbul etməlisiniz, ya da bizim təklif etdiyimiz hədlərdə sərhədlərimizi tanımalısınız. İndi bu prosesin masaya yansıması baş verməlidir. Adətən, birinci problemlər masada çözülməlidir ki, ərazidə bu şeylər baş verməsin. Silahlar nə zaman işə düşür? Siyasilər anlaşmayanda. Ona görə də, indi siyasi qərarlar qəbuletmə prosesi getməlidir, xüsusən də, bu sərhədlər və koridorlar məsələsinin həll olunması üçün”

“Bütün bu proseslərin fonunda Ermənistan sərhədlərin tanınmaması və koridorun açılmaması yönündə bütün bu məsələləri imitasiya edir ki, guya bizdə Azərbaycanla münaqişə var, bu qərarları verə bilmirik və s. Siyasi hakimiyyət bu prosesi uzatmaq istəyir, uzatmaq üçün də səbəb olmalıdır. Səbəb də münaqişə yaratmaqdır.

Hesab edirəm ki, təhriklər olduğu müddətcə də, Azərbaycan Silahlı Qüvvələri misliylə bunlara cavab verəcəklər, çünki bizim, artıq o bölgədə bu yöndə təcrübəmiz var”, - deyə mütəxəssis fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV 

Ermənistan Rusiyanı münaqişəyə cəlb etmək istəyir - Sərhəddə baş verənlərin pərdəarxası