“Elə buna görə də, tövlə, öküz, dana söhbəti edirlər” – Azər Həsrət 

“Elə buna görə də, tövlə, öküz, dana söhbəti edirlər” – Azər Həsrət 

“Elə buna görə də, tövlə, öküz, dana söhbəti edirlər” – Azər Həsrət 

“Birincisi, bu, deputat olan kəslərin yerində olmamasının göstəricisidir”. Bu sözləri Polemika.az-a açıqlamasında siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət deyib.

O, Cavanşir Feyziyev qalmaqalından sonra baş verən hadisələrə, eləcə də, analoji bəyanatla çıxış edən deputat Etibar Əliyevin səsləndirdiyi fikirlərə və deputatların jurnalistlərlə apardığı münaqişələrə münasibət bildirib. Müsahibimiz əminliklə qeyd edib ki, jurnalistlər elə bir kateqoriyadır ki, bu adamlarla cəngə girən heç kim bu vaxta qədər qalib gəlməyib:

“Hətta dünyanın aparıcı ölkələrinin, ən məşhur siyasətçiləri jurnalistlərlə bir balaca münaqişə nəticəsində öz vəzifələrini itirməli olublar. ABŞ-ın və Avropa ölkələrinin bununla bağlı “n” qədər örnəkləri var. Əlbəttə, Azərbaycanın özündə də, çağdaş tariximizdə jurnalistlərlə davaya girib qalib çıxan kimsəyə rast gələ bilməyəcəksiniz.

Söhbət nədən gedir? Söhbət ondan gedir ki, jurnalistlər həmişə həqiqət axtarışında olurlar, tənqidi yanaşmaya üstünlük verirlər. Bütün bunlar da ona xidmət edir ki, cəmiyyətdə sağlamlaşma baş tutsun. Yəni sağlamlaşmaya xidmət edən bir kəsimə dava açmaq heç bir ağıllı siyasətçinin ağılına gəlməz. Yalnız burunundan uzağı görə bilməyənlər, siyasətdə təsadüfən mövqe tutmuş adamlar jurnalistlərə dava aça bilərlər”.

A. Həsrət əlavə edib: ““Xural TV” ilə bağlı olan məsələyə də baxdım. Açığını deyim ki, hətta jurnalistə münasibəti bir yana qoyuram, deputat olan adamın ağızından o cür ifadələr çıxmamalıydı. Deputat olan adam özünə rəva bilməməliydi ki, bu cür aşağı səviyyəli, ayıb olacaq ifadələrlə kiməsə münasibət bildirsin. Nə bilim, “tövlə”, “dana”… 

Təbii ki, jurnalistin fəaliyyəti hər kəsi qıcıqlandıra bilər, bu normaldır. Əslinə qalanda, ağıllı, savadı və tərcrübəsi yetərli olan siyasətçi o cür qıcılanmaların qarşısında duruş gətirə bilənlərdir”.

Əməkdar jurnalist bu məsələdə Prezident İlham Əliyevin nümunəsinə də toxunub: “Baxın, Prezident İlham Əliyev çox gözəl bir örnəkdir. Dünyanın hər tərəfindən istər azərbaycanlılar olsun, istərsə də qeyri-azərbaycanlılar, onun üzərinə nə qədər adam gəlir? Nə qədər adamlar ona hücumlar edib, media kampaniyaları aparırlar? Bir dəfə gördünüzmü ki, o, təmkinini pozsun, ədəbsiz ifadə ilə kiməsə cavab versin, özündən çıxıb səbri daşsın və jurnalistlərə qarşı səsini belə ucaltsın? Olmayıb! Niyə? Ona görə ki, təcrübəlidir, doğru və düzgün siyasətçidir. Yəni o kəslər ki, səbr kasası daşır, özünü itirir, özündən çıxır, həmin adamlar siyasətdə təsadüfi adamlardır. Elə buna görə də, onlar tövlə, öküz, dana söhbəti edirlər”, - deyə yekublaşdırıb.

Rafi MÜSLÜMOV

“Elə buna görə də, tövlə, öküz, dana söhbəti edirlər” – Azər Həsrət