Dağlarda hərbi xidmət və əsgər yeməyi satanlar...

Dağlarda hərbi xidmət və əsgər yeməyi satanlar...

Dağlarda hərbi xidmət və əsgər yeməyi satanlar...

Hekayə

Hətta qocalar evinə də sağmal inək kimi baxmaq mümkündür...

Umberto Eco

Ağır-ağır dağa qalxırdılar. Yüksəklik artdıqca oksigen azalır, nəfəs almaq çətinləşirdi. Aşağıda bunu ona demişdilər. Xəbərdarlıq etmişdilər ki, yuxarıda 30 faiz hava çatışmazlığı var. Buna görə də həmin bölükdə heç kim xidmət etmək istəmir. Ora ancaq adamı və pulu olmayanlar aparılır. 

Alayda onunla bərabər bir neçə əsgərin də adını yuxarıdakı hərbi hissədə xidmət etmək üçün yazmışdılar. Bir neçə gün əvvəldən kimin harada xidmət edəcəyi bu gənc əsgərlərə elan olunmuşdu.

Amma bu müddətdə onunla bir yerdə dağa göndəriləcək əsgərlərin siyahısında siyahılıq qalmamışdı. Təkcə ondan başqa hamı valideynlərinə xəbər vermiş və xidmət edəcəkləri yer dəyişdirilmişdi.

Amma o istəməmişdi. Eşitmişdi ki, dağdakı hərbi hissədə qulluq çətindir, əziyyətlidir, şəraitsizlikdir, çox soyuqdur. Bu mənzərə ona çox pis təsvir edilmişdi. Sadəcə, bir şey xoşuna gəlmişdi, paytaxtdan, şəhərdən, yaşayış məskənlərindən uzaqdır, “survivor” kimi bir həyat olacaq. Əziyyətdən qorxmadığından həm də fərqli mühit olduğundan dağa getməyə can atırdı.

İndi dağa qalxırdılar.

Gənc əsgər və iki zabit...

***

Noyabrın əvvəli olsa da, hər tərəf dizə qədər qar idi. Ən yaxın kənddən hərbi hissəyə ən azı 15 km kimi yol vardı. Bu yolu piyada qaxdılar və hərbi hissəyə çatdılar.

Əsgərdən əvvəl tərcümeyi-halı gəlmişdi. Onun ali təhsilli olduğu, hərbi xidmətdən əvvəl jurnalist işlədiyi, ailə vəziyyəti komandirə çatdırılmışdı. Və çatan kimi də ona “Qoca” ayamasını qoşdular.

Komandir onu hörmətlə qarşıladı. Tanışlıqdan sonra “Qoca”nı ərzaq anbarına cavabdeh təyin etdiyini dedi. İşi gündə 3 dəfə anbardan əsgər və zabitlər üçün ərzağın ayrılmasına nəzarət etmək olacaqdı.

Hərbi hissədə 25 əsgər və 12 zabit vardı. Zabitlərin bəziləri ailəli idi. Yəni ümumilikdə təxminən 40 nəfərin ərzaq bölgüsünə nəzarət edəcəkdi.

***

Hər şey dəqiq idi. Əsgər üçün nəzərdə tutulan bütün nemətlər anbarda vardı. Siyahı “Qoca”nın əlində idi. Hər gün anbara daxil olur unundan tutmuş yarmasına kimi, siyahı üzrə çəki ilə onlanları çəki ilə, ədədlə hesablananları ədədlə aidiyyatı şəxslərə verirdi.

Bir gün hərbi hissənin şəxsi heyətinin kitabına baxarkən burada 75 əsgərin ad-soyadının olduğunu gördü və jurnalist marağı ilə köhnə əsgərlərdən digərlərinin harada olduğunu soruşdu. Cavab verildi ki, onlar aylıqdadır...

Burada 75 əsgərin görməli olduği işi cəmi 25 nəfər görürdü.

***

Hərbi hissə dağ başında olduğundan ora oktyabrdan may ayına kimi heç bir maşın qalxa bilmirdi. Buna görə də qar əriyib yollar açılanda hərbi hissənin bir illik bütün ehtiyacları daşınırdı. Yanacağından tutmuş corabına, meyvə qurusundan tutmuş pomidor turşusuna kimi... 

Özü də 75 əsgər üçün. 25 əsgər 75 əsgərin ərzağını anbara daşıyırdı, yerbəyer edirdi yay uzunu. 

Hər gün ən azı bir böyük yük maşını hərbi hissəyə dolu daxil olub, boş qayıdırdı. 

***

Əsgərlərə elan olunurdu ki, artıq ərzaq təminatı başa çatdı. Onlar sevinirdilər ki, 50 kiloluq un kisələri, turşu balonları daşımayacaqlar.

Amma belə olmurdu...

Sonuncu hərbi yük maşını bölükdən uzaqlaşandan sonra bu dəfə mülki yük maşınları gəlirdi. Ətraf kəndlərdə, rayonlarda olan market sahiblərinin müşayiəti ilə...

Bu qədər ərzaq gəlib, kim yeyəcək onu? Gündə 5 dəfə yemək verilsə də, bu 25 nəfər əsgər 75 nəfərin normasını yeyb bitirə bilməzdi. Qalıb xarab olacaqdı. Ən salamatı onu etibarlı adamlara satmaqdır. 

Bu dəfə əsgərlər az əvvəl anbarlara yığdıqlarını yenidən yük maşınlarına daşımalı olurdu. Qarabaşaq, perlova, "qovyadin", kərə yağı, duru yağ, yumurta, şəkər tozu, un, kartof, yerkökü, badımcan ikrası, “moloko”, turşular və daha nələr... 

***

"Qoca" üçün sirr açılmışdı. Amma bu onda təəccüb yaratmadı. Çünki jurnalist kimi qarşısına ordu ilə bağlı belə xəbərlər çox çıxmışdı. Bu faktla bağlı düşündü ki, burada onun suçu varmı, görəsən?

Belə qərara gəldi ki, heç bir məsuliyyəti yoxdur. Çünki o yalnız əsgər və zabitlərə verilən ərzaq normalarına cavabdeh idi və bunun da hamısını öz imzası ilə təsdiq edirdi.

Marketlərə gedən ərzaq necə rəsmiləşdirilirdi, bu bəlli deyildi. 

Hələ bunun yanacağı vardı, corabı vardı, alt paltarı, üst paltarı, botinkaları vardı...

***

“Qoca” xidməti başa vurub jurnalist kimi fəaliyyətini davam etdirdi. Bir gün hərbi hissələrdə monitorinqlər keçirən bir qrup deputat mərbut konfransı keçirirdi. Çıxış edənlər orduda hər şeyin yüksək səviyyədə olduğunu bildirir, bu haqda yazan medianı isə ittiham edirdilər...

Bu yerdə “Qoca” ayağa qalxdı:

- Siz ordu ilə bağlı neqativ xəbərlərin yalan olduğunu deyirsiniz. Amma mən bu yazılanları gözlərimlə görmüşəm. Nəinki görmüşəm, əsgərin satılan ərzağını komandir bizə daşıtdırırdı...

Deputatlardan biri əsəbi şəkildə ayağa qalxaraq çılğıncasına:

- Sən özün cinayətkarsan! O ərzağı daşımaqla orduya xəyanət etmisən. Sənin haqqında tədbir görüləcək...

Jurnalist heyrət edərək susdu və sakitcə yerinə oturdu. Bu haqda bir də heç yerdə danışmadı.

Elnur Məmmədli

Dağlarda hərbi xidmət və əsgər yeməyi satanlar...