Cavanşir Feyziyevin mandatı necə alına bilər? - Hüquqi əsaslar 

Cavanşir Feyziyevin mandatı necə alına bilər? - Hüquqi əsaslar 

Cavanşir Feyziyevin mandatı necə alına bilər? - Hüquqi əsaslar 

Milli Məclis hər hansı ictimai təzyiq dalğası yaranmadan və ya “yuxarı”dan göstəriş gözləmədən, Azərbaycan dövlətinin üzərinə bulaşmış növbəti ləkəni özü təmizləməyə təşəbbüs göstərməli, deputat Cavanşir Feyziyevin mandatından məhrum edilməsi üçün dərhal hüquqi prosedurlara başlamalıdır. 

Bunun üçün dağa-daşa düşməyə, hansısa qurumun və ya şəxslərin müraciətini gözləməyə, Feyziyevlər ailəsinin İngiltərəyə yatırdığı pulların mənbəyinin uzun-uzadı araşdırılmasının aparılmasına, qısası, əsas axtarmağa və əlavə vaxt itkisinə ehtiyac yoxdur – Cavanşir Feyziyevin özünün olayla bağlı indiyəqədərki açıqlama və yazıları, etirafları onun mandatının əlindən alınması üçün tam yetərli əsasdır, dəlil-sübutdur!

Belə ki, 2016-cı il referendumuyla Konstitusiyamızın 89-cu maddəsinin I hissəsinə əlavə edilmiş 7-ci bəndin tələbinə görə, deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydaları kobud surətdə pozularsa, o, mandatından məhrum edilə bilər. 

Deputat Cavanşir Feyziyevin davranışlarında isə biz Konstitusiyamızın bu bəndi əsasında 2017-ci ilin 30 iyununda qəbul edilmiş “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunun bir deyil, azı 6 maddəsinin çoxsaylı tələblərinin aşkar və kobud şəkildə pozulduğunu görürük.

Məsələn, bu Qanunun 11-ci maddəsi “Maraqlar toqquşmasının qarşısının alınması” adlanır və orada açıqca göstərilir ki, deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməli, hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini, həmçinin ictimai mənafeni rəhbər tutmalıdır.

Cavanşir Feyziyev isə nəinki deputatlıq status və imtiyazlarından sui-istifadə edərək, bütün fəaliyyətini özünün və ailəsinin suçlandırıldığı “çirkli pulların yuyulması” ittihamından yayındırmağa həsr edib və bu zaman dövlətin imicini şəxsi və ailə maraqlarına qurban verib (Maddə 11), üstəlik:

- araşdırma tələb edən yerli şəxsləri ictimai şəkildə aşağılayıb, təhqirə məruz qoyub və ağır dövləti cinayətlərdə suçlayıb (Maddə 4. İnsanların hüquqlarına, azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət); 

- deputat ola-ola özünün sahibkarlıq fəaliyyətiylə məşğul olduğunun xüsusi qabardıldığı təbliğat materialının konkret pul məbləğində müxtəlif saytlarda yayımını təşkil edib (Maddə 5. Deputat statusu ilə bir araya sığmayan fəaliyyətin qarşısının alınması); 

- vicdansızca davranaraq, məhkəməyə və cəmiyyətə aşkar yalan danışıb, məhkəməyə təqdim etdiyi sənədlərdə həyat yoldaşını ailə üzvü kimi deyil, özünün biznes ortağı kimi göstərib (Maddə 6. Vicdanlı və mədəni davranış); 

- jurnalistləri və siyasətçiləri təhqir etməsini sonrakı təkzib yazısında onlara qarşı öncədən qərəzli olmasıyla əsaslandırıb (Maddə 8. Qərəzsizlik); 

- İngiltərə məhkəməsində 5 milyondan çox çirkli vəsaitin mənbəyini hələ sübuta yetirə bilmədiyi halda, ondan imtina möveyi tutmayıb və bu məbləğə də sahiblənməklə adını hələ uzun müddət gedəcək korrupsiya araşdırmsı prosesinin mərkəzi fiquru halına gətirib (Maddə 9. Korrupsiyanın qarşısının alınması) və s. 

Feyziyevin deputatlıq fəaliyyətinə xitam vermək üçün əsas götürüləcək və üzərində dayanılacaq daha bir ciddi qanun pozuntusu isə, şübəsiz ki, onun ailə üzvlərinin daimi yaşayış yeri kimi artıq İngiltərəni seçmələri və pulların da onların yaşayışını təmin etmək üçün hesablarına köçürüldüyünü etiraf etməsi faktıdır.

Əgər Feyziyevin ailə üzvləri artıq ən yüksək səviyyəli investiya vizası əsasında İngiltərəni daimi yaşayış yeri seçiblərsə (Azərbaycanda “İkili vətəndaşlıq haqqında” qanun yoxdur), deməli, onların artıq İngiltərə dövləti qarşısında üzərlərinə götürdükləri konkret öhdəlikləri yaranıb. 

Ən yaxın qohumları - xanımı və oğlu daimi olaraq İngiltərəni Vətən seçən, ailə üzvlərinin xaricdə yaşamaları üçün milyonlarından keçən, sərmayəsini bu ölkəyə yatıran adam indi necə Azərbaycan parlamentinin deputatı ola bilər, qoy, bu suala da bizim Milli Məclis özü aydınlıq gətirsin...

Unutmayın: qanunu qəbul edənlər və onun aliliyini qorumalı olanlar o qanunlara əməl edilməsində nümunə göstərməzlərsə, adi vətəndaşlar üçün bu qanunların kağız parçasından başqa heç bir dəyəri qalmaz!

Elxan Şükürlü

 

Cavanşir Feyziyevin mandatı necə alına bilər? - Hüquqi əsaslar