Bolqarıstanın eks-Baş naziri saxlanıldı

Bolqarıstanın eks-Baş naziri saxlanıldı

Bolqarıstanın eks-Baş naziri saxlanıldı

Bolqarıstanın keçmiş baş naziri və ən böyük müxalifət partiyası olan GERB-nin lideri Boyko Borisov Aİ prokurorluğunun apardığı araşdırmalar çərçivəsində saxlanılıb.

Polemika.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Keçmiş baş nazir Borisovun on illik hakimiyyəti ötən ilin aprelində seçkilərdən sonra başa çatıb. Dekabrda yeni mərkəzçi koalisiya hökuməti rüşvətxorluğa sıfır tolerantlıq elan edərək hakimiyyətə gəlib.

Avropa Prokurorluğunun (EPP) Bolqarıstanda keçirdiyi əməliyyatda keçmiş maliyyə naziri Vladislav Qoranov da daxil olmaqla sağ mərkəzçi GERB partiyasının daha 3 üzvü də saxlanılıb.

Onlarla siyasətçi və GERB tərəfdarı Borisovun Sofiya kənarındakı evinin qarşısına toplaşaraq yeni hökumətin istefasını tələb edib, onu və polisi siyasi repressiyalarda ittiham ediblər.

Vəkili Menko Menkov bildirib: “Borisova hələ də ittiham irəli sürülməyib. Polis onun evində axtarış aparıb. O, Milli Polisin qərargahına aparılıb, çox güman ki, orada bir sutka saxlanılacaq”.

2 il əvvəl bir sıra Bolqarıstan saytları Borisovun iddia edilən sərvətini göstərən fotoşəkillər, o cümlədən qızıl külçələr və 500 avroluq əskinaslarla doldurulmuş çarpayının yanındakı stolun şəkillərini dərc edib.

Bolqarıstanın eks-Baş naziri saxlanıldı