“Beşinci kolon, FETÖ, İrançılar… Azərbaycanda bizə yer qalmayıb” – Müsahibə + VİDEO

“Beşinci kolon, FETÖ, İrançılar… Azərbaycanda bizə yer qalmayıb” – Müsahibə

“Beşinci kolon, FETÖ, İrançılar… Azərbaycanda bizə yer qalmayıb” – Müsahibə + VİDEO

Azərbaycanın keçmiş Təhsil naziri, professor Firudin Cəlilovun “Polemika.az”a müsahibəsi:

- Milli Elmlər Akademiyasında baş verən son hadisələr tarix elmi ilə bağlı problemləri yenidən gündəmə gətirib. Sizin mövqeyinizi bilmək istəyirik. Azərbaycanın tarix elmində hansı problemləri görürsünüz? 

- Ümumiyyətlə, akademiyanın Tarix İnstitutunda problemlər həddindən artıq çoxdur. Birinci struktur, ikinci problem onun idarə olunmasıdır, üçüncü problemsə elmi tədqiqadlardır. Hər institut öz profilinə uyğun tədqiqatlar aparmalıdır. Bu üç məsələdə də problem var. 

90-cı illərdə mən parlamentdə elm və mədəniyyət komissiyasının sədri idim. Elm və təhsil mənim kurasiyamda idi. Sonra baş nazirin müavini olanda da humanitar sahələrə baxırdım. O vaxt mən təhsil qanunu hazırladım, parlament bunu qəbul elədi. Eldar Salayevə telefonla zəng elədim ki, Eldar müəllim akademiyanın elmi şurasını topla, mənim onlarla söhbətim var. Sabahsı zəng elədi ki, biz səni gözləyirik. Gəldim gördüm oturublar rəhmətlik Ziya müəllim də başqa akademiklər də orada idi. Çoxu ilə də münasibətim vardı. 

 

Dedim sizinlə açıq söhbət edəcəyəm. Təhsillə elmi bir-birindən ayırmaq olmaz, bu bir medalın iki üzüdür. Ona görə Təhsil qanununu elə hazırlamışam ki, akademiyaya çıxışı olsun. Sizdən də xahişim odur ki, Elm qanunu hazırlayasınız və bunları uyğunlaşdıraq. İndi o dövr deyil, akademiyada 300-500 adam işləyir, maaş alır, onun cəmi 5-6-sı ciddi elmlə məşğuldur, qalanı formal olaraq orada işləyir. Müəyyən ixtisarlarla, rekostruksiyalarla akademiyanın işini qaydaya salaq dedim. Biz təhsil qanununda aspiranturanı, elmlər namizədini ləğv elədik. Bütün xarici dövlətlərdə olduğu kimi, onları magistratura ilə əvəz elədik. Bizdəki iki-üç mərtəbəli aşamalar elmə xeyir vermir. O qanunda nəzərdə tutmuşdum ki, universitetlərdə oxuyan magistrların böyük bir hissəsi akademiyada çalışacaq. Akademiyada uyğun ixtisaslar tanınmış alimlərin laboratoriyasında onun rəhbərliyi ilə elmi iş aparacaq. Ona rəhbərlik edən əlavə maaş alacaq. O vaxt büdcədə pul yox idi, dedim ki, orta məktəblərdə müəllimlərin maaşını üç qat artırdıq, sizin də maaşınızı ancaq bu cür artırmaq olar. 

“Onların soykökünə baxsanız hər şey aydın olacaq. Antitürkçü kadrları tapırlar...”

Bu söhbətləri edəndən sonra məndən çox razı oldular. Ziya Bünyadov dedi ki, mən 40 ildir ki, akademiyada işləyirəm birinci dəfədir ki, məmurun gəlib bizlə elmi söhbət elədiyini görürəm, çox sağ olun. Akademiyanın quruluşu bu 30 ildə dəyişmədi. İnstitutlara rəhbərlik edənlərin soykökünə baxsanız hər şey aydın olacaq. Antitürkçü kadrları tapırlar. 

Məsələn, tarix institutuna 20 il rəhmətlik İqrar Əliyev rəhbərlik elədi, o özü öz dili ilə deyirdi ki, “Mən türk sözü eşidəndə dəli oluram”. Bəs yaxşı, türk ölkəsində oturmusan, tarix institunun rəhbərisən, türk sözündən ürkürsənsə, orada nə işin var?! 

Fikir verirsiniz, elmlərin arxasında dayanan beşinci kolonun idarəçilərinin olması indi də davam edir. Bundan əvvəl də akademiyada tarix institutunun kadr məsələsi əsas mövzu idi. Tarix institutu nə ilə məşğul olur? Bu xalqın etnogenezi haqda iki görüş var: yerli xalqdır, yoxsa min il bundan qabaq gəliblər. Müxtəlif konsepsiyalar var. Bir dəfə eşitdinz ki, tarix institutu yığışıb bu konsepsiyaları müzakirə etsinlər? Başlarını salıblar aşağı, o vaxt rusların verdiyi proqramla bu gün də işləyirlər. 

Mən istəyərdim ki, Tarix institutunda ölü dillərin tarixi ilə məşğul olan şöbələr olsun, çünki bizim qədim tariximizi ölü dillərdən öyrənmək olar, amma bizdə mütəxəssis yoxdur. İqrar Əliyevin vaxtında görürdülər ki, savadlı aspirant gəlib, göndərirdilər ki, get sən kommunist partiyasının 20-ci qurultayını dissertasiya kimi işlə gətir. Bu adamdan tarixçi olar? Amma qədim mövzuları elə adamlara verirdilər ki, o konsepsiya ilə işləsin. Tarix institutunun içinin problemləri var. Ora elə adam rəhbər qoyulmalıdır ki, bu problemləri görə bilsin. 

- Sizcə, indiki rəhbər – Kərim Şükürov bu problemləri görə bilirmi? 

- Kərim bəyi mən tanıyıram, biz bir yerdə işləmişik. Kərim bəy normal tədqiqatçıdır, sağa-sola gedən deyil. Arxivlərlə işləyir. Məsələn, Türkmənçay müqaviləsinə aid yaxşı kitabları var, lakin qədim dövrləri yaxşı bilmir. Tarixsə qədimdən başlayır. Tarix institutunun rəhbərləri qədim dövrü bilən mütəxəssislər olmalıdır. İndiki dövlə məşğul olmaqla etnogenez, antropologiya, arxeologiya məsələsini işləmək olmaz. Mütləq ən azından qədim dövrə aid 5-10 məqaləsi olmalıdır. 

- İnstitut direktoru sizcə, daha çox idarəçilikdə yaxşı olmamalıdırmı?

- Bu səhv fikirdir. Bu kommunistlərdən qalma ideologiyadır. Məsələn, deyək ki, bir şöbədə 10 mütəxəssis işləyir, gətirib həmin şöbəyə bir “partkom” qoyurdular, onlara nəzarət edirdi. Təbii ki, KQB-nin nəzarəti altında. O necə istəsəydi, o cür də idarə olunacaqdı. Bu mənada keçmiş idarəçilikdən qurtarmaq lazımdır. 

- Amma bir adam da müəyyən sahəni A-dan Z-yə qədər bilə bilməz axı... 

- Niyə, elə adamlar var. Əvvəllər deyək ki, klassik alimlər olurdu, Jirinovski, Bertels, Rabolv, Kazımbəy kimi adamlar arxeologiyanı, etnoqrafiyanı bilirdi, dillər bilirdi. Və bu bilgilərlə ortaya qoyduqları şedevr idi. İndi o cür klassik alimlər, uzmanlar niyə yetişmir? Planlı şəkildə elmləri xırdaladılar. Əslində bu elmin xeyrinə oldu, yəni dar şəkildə elm sahələri inkişaf etdi, amma alimlər cırlaşdı. Başları qarışdı öz sahələrinə, digərlərindən xəbərləri olmadı. Deməli, orta mövqeyi tutmaq lazımdır. Yoxsa ancaq bir sahənin mütəxəssisini gətirib rəhbər qoysan, o iş getməz. Belə hərtəfəli insanlar var, gənclərin içində də belələri çoxdur. 

“Bunların hamısının arxasında Ramiz dayanıb”

- Akademiyanın indiki rəhbərliyi bu problemləri həll edə biləcəkmi?

- Yox, çünki köhnə hamam, köhnə tasdır. Dəyişiklik etmək üçün kökdən başlamaq lazımdır. Qanun işlənməlidir, institutlarda ixtisar hesabına yeni şöbələr açılmalıdır. Niyə akademiyada Qafqazşünaslıq olmamalıdır? Onun içində talış dilini, talış xalqını, ləzgi dilini, avar dilini, erməniləri, onların tarixini öyrənən insanlar olmalıdır. Biz nə qədər jurnalistlərin biliyi ilə bu məsələlərə yanaşmalıyıq? Necə olur İrəvanda Azərbaycan türkcəsi fakültəsi var, bizdə erməni dilində yazıb oxuyan bir-iki nəfər var. Onlar da Ermənistandan gələnlərdir.

- Ramiz Mehdiyevlə bağlı olan qalmaqalda siz mövqeyinizi bildirdinizmi?

- Mən mövqeyimi 30 ildir bildirirəm. Lakin konkret adamlar üzərində dayanmaq istəmirəm, çünki onu şəxsi-qərəzlik kimi dəyərləndirirlər. Məni televiziyalara, universitetlərə buraxmırlar, kitablarımı çap etməyə icazə vermirlər. Bilirəm ki, bunların hamısının arxasında Ramiz dayanıb. İndi mən onu yıxıb-sürüsəm deyəcəklər ki, heyifini çıxır. Yəni beşinci kolonun qara siyahısı ki, var mən orada başdayam.

- Onun da rəhbərliyini Ramiz Mehdiyev həyata keçirir?

- Tək o deyil, çoxları var. FETÖ-çular, beşinci kolon, İrançılar var. Tanıyırıq hətta görürük ki, kimlərdir bunlar.

- Özümüzə nə qədər meydan qalıb orada?

- Meydanı əlimizdən alıblar, bizim meydan yoxdur.

- Azərbaycan tarixinin ən mübahisəli dövrü hansıdır?

- Mübahisəsiz dövrünü soruşsanız deyərəm. Lakin əksər dövürləri mübahisəlidir. Çünki məsələni kökündən araşdırmaq lazımdır. Bizdə tarix mövzularının çoxu yarımçıqdır. Çünki dəqiq araşdırılmır.

- Akademiyada orfoqrafiya ilə bağlı qalmaqal oldu, bununla bağlı fikirləriniz necədir?

- Bu çox ciddi məsələdir. O vaxt Nazarbayev 5 professor göndərmişdi, 3-4 saat onlara izah etdim ki, əlifbanı dəyişsək hansı çətinliklər olacaq. Bunları göz önünə alın. İzah etdim və razılaşıb getdilər. Sonra bizə xəbər göndərdilər ki, bütün danışıqlar bizə bəs idi. Çünki burada imkan vermirlər bütün məsələlər keçsin. Bu danışdığım məsələnin üzərindən bəlkə də 1 il keçib. Ondan sonra Nazarbayev əlifbanı qəbul etdi.

“Orfoqrafiya bərbad vəziyyətdədir. Çağırıb yiyəsindən də soruşmurlar”

Dilçilik institunun direktoru Ərdəm Kazıbəyova yazdım ki, sən dilçisən niyə icazə verirsən ki, Qazax dilini korlayan əlifbanı seçsinlər. Dedi ki, bizə imkan vermirlər Nazarbayevlə əlaqə quraq. Beşinci kolon əhatəyə alıb onu. Həmin vəziyyəti mən 1990-cı illərdə burada yaşayıb, həmin çətinlikləri görmüşəm.

Qazaxıstanda baş verən hadisələri biz 1990-cı illərdə yaşamışıq. Xüsusilə əlifba məsələsini. O dövrdə prezidentin sərəncamı ilə əlifba komissiyası yaradılmışdı. Məni də ora rəhbər qoymuşdular. Bütün ağırlığı mən çəkdim. Həmin əlifbanı parlamentdə keçirəndən bir gün sonra, prezident aparatının qarşısında mitinq başladı. Üç saat içərisində kampaniya apardılar ki, siz niyə əlifbanı dəyişirsiz?

- Mitinq edənlər kimlər idi?

- Beşinci kolon, İranın burada olan agenturası. Asan başa gəlməyib. Hərəkatçılar da mənim qəbul etdirdiyim əlifbanın əleyhinə idilər. Onların ayrı istəkləri var idi. Həm kommunistlərlə, həm də cəbhəçilərlə vuruşa-vuruşa onu keçirdim. 30 il keçməsinə baxmayaraq bu gün də AXC-nin emblemində “X” hərfi yoxdur. Mənim acığıma “H” yazırlar. Yəni bu əlifba məsələsi çox ciddidir.

Bunun acınacaqlı durumu bilirsiniz nədir? Bu günə qədər məni bir dəfə çağırıb deməyiblər ki, Firudin bəy, burada bu hərif var, hansı sözdə işlədək? Soruşan yoxdur. Bu səbəbdən kirill əlifbasındakı ənənə bu gün də davam edir. Orfoqrafiya bərbad vəziyyətdədir. Nəyə görə? Orfoqrafiyanı düzgün işlədə bilmirlər. Çağırıb yiyəsindən də soruşmurlar ki, necə yazaq?

Yəni orfoqrafiya lüğətində bir dənə hörümçək sözünün getməməsi problem deyil. 10 söz də getməyə bilər. Problem orfoqrafiyanın elmi əsaslarla hazırlanmasıdır. Çünki Azərbaycan türkcəsinin orfoqrafiyası bütün türk dillərindən gözəldir. Niyə? Çünki 1950-ci illərdən dilçi alimlərimiz bunları işləyə-işləyə gəliblər. Məsələn elə dil var ki, “lar” şəkilçisi səkkiz cür yazılır.  Bizdə isə iki cür yazılır. Bütün orfoqrafik qanunlar bizdə mükəmməldir. Əlifbanı yanlış işlətməklə bu mükəmməl qanunları pozurlar.

Mən apostrofu əlifbadan çıxarana qədər müharibə aparmışam. Sonda ixtiyar keçdi əlimə, qulağından tutdum atdım. 30 ildir apostrof yoxdur. Apostrofa görə yazılı imtahan verən tələbələrin hansı oyunlara düşdüyünü gözümlə görmüşəm. Tələbələr gözəl məzmunda yazı yazırdı, orfoqrafik apostrof səhvlərinə görə 2 alırdılar. Sözüm ondadır ki, orfoqrafik lüğət ciddi elmi əsaslarla işlənməlidir.

Bir misal çəkim. Dilçilik institunun direktoru Möhsün Nağısoylu mənə zəng vurdu ki, iki “y”  ilə yazılan sözləri necə edək, nə məsləhət görürsən? Dedim ki, mən o sözləri 30 ildir bir “y” ilə yazıram, dünya dağılmır. Niyə iki “y” olmalıdır? Xalq necə tələffüz edir o cür də olsun. Dedilər biz də elə düşünürük. Həmin formada da təqdim etdilər. Sonra lüğət çıxdı, gördüm iki “y” var. Dedim bu nədir? Dedilər Nazirlər Kabinetinə məktublar yazıblar ki, türkçülər bizim dili korlayır, iki “y”nı  bir “y” ilə yazırlar, onlar da göstəriş verdilər ki, əvvəlki kimi yazın. Onlara məktub yazan, kontrolda saxlayanların kim olduğu bəllidir.

“Elə adamları nazir qoydular ki, bir saat da auditoriyada dərs deməyib”

- Fridun müəllim, Təhsil naziri olmusunuz və bir müddət Azərbaycan təhsilinə rəhbərlik etmisiniz. Azərbaycan 30 ildir müstəqildir və bu müüddətdə Azərbaycan təhsili üçün bəlkə də 30 dəfə təcrübələr keçirilib. Belə görünür ki, bu təcrübələrin heç biri özünü doğrultmur ki, nəticə bu yerə gəlib çıxıb… 

- Bunun müxtəlif səbəbləri var. Biz 1992-ci ildə “Təhsil qanunu”nu qəbul etdik. İlk dəfə MDB ölkələri içərisində test imtahanını təbliğ etdik. Hətta mənim yadımdadır o vaxtı Eduard Şevardnadze Orta Asiyadan qayıdanda Bakıda oturub söhbət edirdik. Testi soruşdu ki, bizdə yaman söhbət gedir ki, siz test keçirdirisniz, bu nə olan şeydir? O vaxtı da Prezidenti İsa Qəmbər əvəz edirdi, Əbülfəz Elçibəy hələ Prezident deyildi. İsa bəy dedi ki, testin yaradıcısı bu adamdır. Şevardnadze baxdı üzümə, mən də dedim ki, məmuniyyətlə izah edərəm, amma gərək bir qonaqlıq verəsiniz. O da zarafatla qayıtdı ki, qonaqlığı bu versin də. Sən demə, yanındakı da Gürcüstanın Təhsil naziri idi. Cavan adam idi. Yəni demək istəyirəm ki, MDB ölkələri içərisində test imtahanı çox böyük irəliləyiş idi. O sahəni mən yaratdım, gətirdim, verdik Vurğun Əyyuba və o idarə etdi. O ağır yükü Vurğun bəy çəkdi.

- Ümumiyyətlə bünövrə möhkəm oldu, bu sahədə.

- Çünki ayrı adamı mən orada görmək istəmirdim. Vurğun bəy həm prinsipial idi, həm ədalətli idi, həm də əlitəmiz adam idi. Mənə də o cür adam lazım idi. Güc-bəla onu oraya təyin etdirdim. Heç özü istəmirdi. 10 gün işə çıxmadı. Axırda çağırıb yalvarmışıq ki, o yan-bu yan, bir təhəri razı salmışıq ki, gedib bu işi görsün.

İlk dəfə səhv etmirəmsə, iyun ayı idi 2 min tələbə testdən keçirdim və göndərdim Türkiyəyə. Vurğun bəy də məndən təxminən 3-4 ay sonra Respublika üzrə keçirdi. Bunu niyə deyirəm? Çünki təhsildə həmişə inkişaf getməlidir. Həmişə mövcud duruma və gələcəyə hesablanmalıdır. Təhsil yeganə sahədir ki, oraya qoyduğun investisiya 15-20 ildən sonra bar verir. Bu taxıl deyil ki, aparıb buğdanı əkəsən, bir ildən sonra onu biçəsən. Bu, elə bir sahədir ki, millətin gələcəyi üçündür. Ona görə də təhsilə ciddi yanaşmaq lazımdır. Təssüf ki, o yoxdur. Məndən sonra elə adamları oraya rəhbər qoydular ki, bir saat gedib auditoriyada dərs deməyiblər. Bu təhsili bilmir axı?

- Yeri gəlmişkən, indi Misir Mərdanovu çıraqla axtarırlar…

- Misir Mərdanov o dövrdə məni müavinim olub və təhsili bilirdi. Adam təhsilin içindən gəlmişdi. Ona da imkan vermirdilər işləməyə. Sözüm ondadır ki, həm təhsilin idarə edilməsində böyük qüsurlar var, həm də təhsildə ciddi reforma getmir. 1992-ci ildə mən o məsələləri bilmirdim, Cümşüd Nuriyev bir jurnal gətirdi mənə ki, Fridun bəy, bax, təbrik edirəm səni! Dedim, nədir bu? Dedi, Dünya Bankının jurnalıdır və hər ilin sonunda bunu dərc edirlər. MDB ölkələrində də hansı irəliləyiş varsa, onları göstərirlər. Kənd Təsərrüfatı sahəsində, digər iqtisadi, sənaye və başqa sahələrdə Azərbaycan axırıncı planda idi. Yeganə təhsildə Azərbaycan birinci yerdə idi.

- Neçənci ildə?

- 1992-nin sonu idi. Həmin bu reformların hesabına yazmışdılar. Rusiya bizdən sonra üç, ya da dördüncü sırada idi. Yəni o sürətlə ki, biz təhsildə reforma başladıq, o davam etsəydi bu gün Azərbaycan təhsili dünyada bəlkə də birinci idi.

“Ateizm müəllimləri dindən dərs deməyə başladılar”

- Sonra baş verənləri reforma hesab etmirsiniz yəni?

- Nə baş verib ki? Bolonya sistemi deyirlər. O Bolonya sistemini bizim 1992-ci il təhsil qanununda var. Yəni magistr və digər pillələrdir. Orada var. Bunlar 10 ildən sonra kurikulum, boloniya sistemini gətirdilər. Ona nə ehtiyac var. İmtahanla təhsil çox ciddi məsələdir. Biz testi gətirəndə fikirləşirdik ki, bu 1-2 ildən sonra reforum olacaq. Mənim fikrim idi ki, 3-4 ildən sonra da qəbul imtahanı ləğv olunsun. Çünki insanların şüurlarında onu yaradırdıq ki, kim oxuya biləcəksə, buyursun qapı açıqdır. Gəlsin. Oxumaq da əziyyətdir. Gəlsin 5 il bu əziyyəti çəksin. Qapı hamıya açıqdır. Hər kəs gələ bilər. Lakin 6 aydan sonra semestr imtahanı verəcək o zaman məlum olacaq ki, bunun qabında bir şey var, ya yox. Oxuya bilən qalıb oxuyacaq. Dünyada bu sistemlər var.

Əvvəl ateizm fənni var idi. Mən onu ləğv etdim. Müəllimlər daha sonra gəlib dindən dərs deməyə başladılar. O dövrdə bizə beynəlxalq hüquq lazım idi. Lakin yox idi. Onu açdıq. Sosiologiya yox idi. Sosioloq, politoloq, diplomat yox idi. Bu sahələrə fikir vermək lazımdır. Onları gətirdik.

İndi baxmaq lazımdır ki, yaxın gələcəyə hansı mütəxəssislər lazımdır. Gələcək texnologiyaya gedir. O sahənin fənlərini artırmaq lazımdır. Bu səbəbdən təhsil dinamikdir. Orada inkişaf daima gedir. Təhsil uşaq bağçasından akademiyaya qədər davam etməlidir. Bu sistemi qurmaq lazımdır. Bunun üçün də mənim təklif etdiyim təhsil qanunu ilə elm qanunu bir-birini tamamlamalıdır.

- Orta məktəblərdə yayılan videoları izləmisinizmi? Bunun baş vermə səbəbini nədə görürsünüz? Azərbaycan müəlliminin nüfuzu niyə bu qədər aşağı düşdü ki, adi sinfi belə idarə edə bilmir?

-  Bu məsələlərə pedaqoq kimi yanaşmaq lazımdır. 1990-cı illərdə Bakıda orta məktəblərdə kişi müəllimləri qaçırdılar. Məktəbdə kişi müəllimi az olanda və yaxud ümumiyyətlə olmayanda orada təlim-tərbiyə işi yarıtmaz olur. Bu mənim fikrim deyil. Mütəxəssislərin gəldiyi nəticədir. Onun qabağını almaq üçün Yaqub Məmmədovun vaxtında mənim təkidimlə orta məktəb müəllimlərinin maaşını 3 dəfə qaldırdı. Sonra müəllimləri işıq, qaz, yol pulu və kommunal xərclərdən azad etdi. Müəllimə başa saldıq ki, sən cəmiyyətdə axırıncı insan deyilsən. Bəlkə də birinci adamsan. Qaçan kişi müəllimləri qayıtdılar. Müəllimə bu münasibət lazımdır. Çünki bütün cəmiyyət müəllimin əlindən gəlib, keçir. Elə etməlisən ki, əldən keçən cəmiyyət sağlam olsun.

Digər bir məsələ qanunlar yenilənməlidir. Yeni kadrlar hazırlanmalıdır. Elə tənzimləmək lazımdır ki, savadsız kadrlar yetişməsin. Bir qədər orta məktəbləri yaxşı bilmirəm. Baxmayaraq ki, 20 il o sahənin içində olmuşam. Gərək, məktəbdə işləyəsən ki, öncəllikləri biləsən. O vaxtı Badamdarda bir məktəb direktoru var idi. Dedilər ki, onun məktəbində söz-söhbət olub. Çağırdım yanıma dedi ki, məktəb direktoru olsam da, müəllimlərin saat bölgüsünə qarışmıram. Dedi ki, onu valideynlər edir. Uşaqlarını gətirir. Deyir ki, mən o müəllimə yox, bu müəllimə istəyirəm uşağıma dərs desin. Bununla hər məllimin qrupu müəyyənləşir.

Məktəblə bağlı çox şey demək olar. Lakin etikamı qoruyuram. Məndən sonra işləyənlərin buraxdığı səhvləri sadaladıqca, cəmiyyətdə belə bir fikir yaranar ki, mən paxıllıq edirəm.

“İndi testi ləğv etsək, rüşvət baş alıb gedəcək”

-  Xaricdə təhsil alan tələbələrin bir çoxu qayıtmır. Bunun səbəblərini düşünmüsünüzmü?

-  Mən özüm 165 tələbəni Türkiyəyə göndərdim. Çox gizli şəkildə oldu. Üstündən 20 il keçəndən sonra artıq bunu deyirəm. Onları hərbi məktəblərə göndərdim. Və o yerləri çox çətinliklə almışdım. Oradan çıxandan sonra kapitan rütbəsi olurdu. Onların çoxunu burada qəbul etmədilər. Onlarda gedib biri bizneslə, digərləri başqa işlərlə məşğul oldular. Xaricdə oxuyub gələnlərə sən şərait yaratmalı, ona dəyər verməlisən. Ona görə, xaricdə oxuyub gələnlər burada dəyəri görmədiyi üçün çoxu orada qalır. Bunun maddi tərəfi də var. Orada eyni işi görüb 3000 dollar maaş alır, həmin işi burada görür 300 dollar alır. Belə məsələlər var.

- Ali məktəblərə qəbul qaydalarının dəyişməsi ilə bağlı tez-tez fikirlər səsləndirilir. Yəqin ki, sizin də xəbəriniz var. Ümumiyyətlə buna ehtiyac varmı?

- Dəyişib nə edəcəklər onu bilmirəm. Testin ləğv olunması ziyan gətirər. 30 ildə buna hazırlıq getməyib. İndi testi ləğv etsək, rüşvət baş alıb gedəcək. Test bu gün ədaləti bərpa edir. Bəzən məni qınayırlar. Testi gətirmişəm, lakin bununla fəxr etmirəm. Bunun qüsurlu tərəflərini mən o vaxtı da bilirdim. İndi də görürəm. Qüsurlu bir üsuldur. Bu şagirdlərin nitq qabiliyyətini inkişaf etdirməyə imkan vermir. Hər tərəfli digər elmləri öyrənməyin qarşısını alır. Qüsurları çoxdur. Amma o vaxt test niyə lazım idi? Çünki ədaləti bərqərar etmək lazım idi. O ədaləti bərpa edib, bu qüsurları görməzdən gəlib, onu elədik. Yəni savadlı, kasıb uşağı qıraqda qalmasın. Onu bərpa etdik. Bu gün də o üsul ancaq ədalətə xidmət edir. Savadlıdırsa, qəbul ola biləcək. Bu səbədən testi ləğv etmək üçün hazırlıq mərhələləri olmalıdır. O da yoxdur.  

Elnur Məmmədli

Foto/Video Cavad Salmanlı

 

“Beşinci kolon, FETÖ, İrançılar… Azərbaycanda bizə yer qalmayıb” – Müsahibə + VİDEO