Bakıda müəllim şagirdləri üçün çay dəmləyir - Fotolar

Bakıda müəllim şagirdləri üçün çay dəmləyir

Bakıda müəllim şagirdləri üçün çay dəmləyir - Fotolar

Bakıda orta məktəb müəllimi öz davranışı ilə hamını təəccübləndirib.

Belə ki, Xətai rayon 25 saylı orta məktəbin müəllimi Fatimə Hacıbəyli şagirdlərinə qarşı münasibəti ilə diqqət çəkib. Onun sosial şəbəkədə bu barədə etdiyi paylaşım marağa səbəb olub:

“Dərsimin beşinci saat olmasına baxmayaraq, hər gün saat 8-də məktəbdə oluram. Çünki sinif rəhbəriyəm. Bu uşaqların valideynləri ən dəyərli varlıqlarını mənə etibar ediblər. Onların tənəffüsü olduğu zaman öncədən çay qaynadıram ki, hava soyuqdur uşaqlar isti çay içsinlər və məktəbin dəhlizində az olsunlar”.

Mövzu ilə bağlı Polemika.az-a danışan Fatimə Hacıbəyli 27 ildir müəllim kimi çalışdığını və bunun bir ilk olmadığını deyib:

“İngilis dili müəllimiyəm, artıq 27 ildir həmin məktəbdə işləyirəm. Mən bir müddət təhsildən uzaq dayanmışdım, çox az saatda dərslər götürürdüm, bilirsiniz ki, mən həm də QHT rəhbəriyəm, işimlə əlaqədar çatdıra bilmirdim. Amma bu ildən sırf məktəbə gəldim. Əvvəlcə məktəbdəkilər tərəfindən tam qəbul olunmadım, çünki dərs saatım da az idi - 10 saat. Düşünürdülər ki, mən işləyə bilməyəcəyəm. Hansı ki, mən neçə ilin müəllimiyəm. Mən hər zaman belə olmuşam, bunu bir ilk kimi sosial şəbəkədə paylaşmamışam. Həmin sinifdə mən hər tənəffüsdə bunu edirəm. Bunu uşaqların dəhlizə çıxmağının qarşısını almaq üçün edirəm. Valideynlər sağ olsun, çaynik alıb gətiriblər, onu qaynadırıq. Şirniyyatları özüm alıram, ya da uşaqlar gətirir, süfrə açıram, çay içirlər. Bunu həmişə tənəffüslərdə edirəm”.

Müəllim şagirdləri ilə aktiv sosial fəaliyyətlər də həyata keçirdiyini qeyd edib:

“Məktəb başlayandan şagirdlərimlə bir çox tədbir keçirmişik, psixoloqlar dəvət etmişəm, ahıllar gününü qeyd etmişik, “Qarabağ Azərbaycandır” adlı tədbir keçirmişik, Şəhidlər Xiyabanına getmişik, Ulu Öndərin məzarını ziyarət etmişik, loqoped dəvət etmişəm və s. Gələcəkdə də Xocalı ilə bağlı tədbir və uşaqlar öz hüquqlarını bilsin deyə vəkil dəvət etmək istəyirəm. Sırf o sinif üçün işləyirəm. Mən belə paylaşıram, deyirəm, bəlkə də çox adam elə bilər ki, mən məktəbdən çox maaş alıram və s. Amma belə deyil, cəmi 10 saat dərsim var, aldığım maaş da 300 manatdır. Həmin maaşa hər gün məktəbə gedirəm, Xırdalandan Əhmədliyə. Səhər saat 5-də oyanıram, 06:30-da evdən çıxıram”. 

Əsmətxanım

Bakıda müəllim şagirdləri üçün çay dəmləyir - Fotolar