Azərbaycanın enerjisi: Makronun Əliyev - Paşinyan görüşünü təşkil etməsində məqsəd

Azərbaycanın enerjisi: Makronun Əliyev - Paşinyan görüşünü təşkil etməsində məqsəd

Azərbaycanın enerjisi: Makronun Əliyev - Paşinyan görüşünü təşkil etməsində məqsəd

Bakıda enerji mövzusunda qlobal hərarətin artdığı bir zamanda, daha dəqiq desək, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının baş tutduğu bir məqamda Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesi üçün daha bir təşəbbüs ortaya qoyuldu.

Belə ki, fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Bu görüş Ukrayna böhranının dərinləşməsi fonunda Azərbaycan təbii qazının Avropa bazarlarında əhəmiyyətli dərəcədə şaxələndirilməsi ideyalarının müzakirə masasına daşınması fonunda diqqət çəkir.

İndi Avropa dövlətlərinin, o cümlədən Fransanın Azərbaycana xüsusi maraq göstərməsinin səbəbləri sırasında enerji amilini axtarmaq lazımdır.

Fransa Rusiya ilə qarşıdurmaya girişmək meyllərindən uzaqdır, amma onun Avropa İttifaqında və NATO-dakı öhdəlikləri üzərinə məsuliyyət yükləyir ki, Ukrayna - Rusiya münaqişəsində NATO xəttini güclü mövqeyə çıxarsın.

Qərb isə kritik şərtlərin formalaşdığı bir zamanda Azərbaycanın praktiki əhəmiyyətini anlayır və Bakının müsbət enerjisinin özünə ötürülməsini istəyir.

Həssas zəmin Fransa siyasi rəhbərliyinin anti-Azərbaycan ovqatından müvəqqəti də olsa, ayrılmasına təkan verir, bununla da həm də etimad itkisini bərpa etmək cəhdlərini ortaya qoyur.

Bakı təmaslara, danışıqlara qarşı deyil, amma nəticənin yalnız özünün və strateji müttəfiqi Türkiyənin şərtləri daxilində hasil olması qətiyyətini nümayiş etdirir.

Fevralın 4-də liderlərin müzakirəsi Brüssel gündəliyinin məntiqi davamının elanı kimi başa düşülməlidir.

Bakı Azərbaycan - Ermənistan əlaqələrində “buzların əriməsi” üçün üçüncü tərəfə monopoliya verməməkdən ötrü böyük səy göstərir, buna görə də, istər Rusiyadan, istərsə də, Qərbdən gələn praqmatik təklifləri dəyərləndirir.

İlham Əliyevin görüşdə qaldırdığı məsələlər sülh gündəliyinin sülh müqaviləsinə aparılması üçün lazım olan bir çox məqamları özündə ehtiva edir.

Prezident İlham Əliyev Azərbaycan - Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinin vacibliyinə, kommunikasiyaların açılmasının əhəmiyyətinə, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin önəminə toxunub.

Həm də 30 illik tarixə söykənən və bu gün də həllini tapmayan məsələlər barədə danışıb, söhbət Birinci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlıların taleyindən, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsindən gedir.

Bakının gündəliyi sadə və beynəlxalq hüquqa söykənən mövqeyə əsaslanır.

Nikol Paşinyan isə görüşdə erməni cəmiyyətinin üzərinə zillənən narahat baxışlarından dolayı yenə münaqişə sözünü işlədib, bu, Paşinyanın birbaşa təmaslarda Fransadan dəstəkləyici söz almasına hesablanmış addımdır, amma necə deyərlər, onun atdığı daş hədəfə çatmadan düşüb.

Makron və Şarl Mişel isə regionda gərginliyin azaldılması və etimadın yaradılmasına yönəlmiş səyləri dəstəkləməyə tam sadiq olduqlarını bir daha bəyan ediblər.

İstənilən halda, 2022-ci ildə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan ilk təmas əhəmiyyətlidir. Vəziyyətin düzəlməsi Azərbaycana qərəzli münasibətin düzəlməsindən, Ermənistanın düşmən axtarışı ideyasından əl çəkməsindən, ümumi təbliğat metodologiyasında destruktivliyin bütün təzahürlərinin inkarından keçir.

Qərəz məsələsində Fransa, digər məsələlərdə isə Ermənistanın çiyinlərinə yük düşür.

Fransa təkcə çətin durumda yox, xoş günlərdə də Bakının potensialını düzgün dəyərləndirən siyasət formalaşdırıb özünün prioritetlərinə daxil etməlidir.

NƏTİCƏ:

1. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi yox, Avropa İttifaqının sədri kimi təşəbbüs ortaya qoyub. Bu, o deməkdir ki, Fransa Cənubi Qafqazda yaranan reallığı dərk edir.

2. Görüşə dair qəbul edilən bəyanatda Qarabağ ifadəsinə yer verilməyib.

3. Sənəddə Minsk Qrupuna istinad yoxdur. Bu, Soçi və Brüssel görüşlərinin mahiyyəti ilə ayaqlaşır.

4. Görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilməsi də sülh və etimad quruculuğu məsələsində önəmli addımdır.

Aqşin Kərimov

Azərbaycanın enerjisi: Makronun Əliyev - Paşinyan görüşünü təşkil etməsində məqsəd