Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

Bu gün Azərbaycanın 44 günlük müharibədə tarixi qələbə qazanmasından bir il ötür – xalqımız Zəfər Gününü qeyd edir.

Polemika.az xatırladır ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.

Döyüş meydanında ordumuzun göstərdiyi şücaət düşməni təslim olmağa məcbur qoyub. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb. Bu, Ermənistan üçün kapitulyasiya aktı idi. Beləliklə, bir güllə belə atılmadan işğalçı Ermənistan üç rayonu Azərbaycana təhvil verib.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.

Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

Azərbaycanın şanlı zəfəri onun qəhrəman övladlarının qanı hesabına başa gəlib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu günədək 2908 şəhidimizin dəfn olunduğunu açıqlayıb. 6 hərbçimiz itkin düşüb.

Azərbaycan Zəfər Gününü qeyd edir