Azərbaycan tarixi necə araşdırılır? – Dərsdən dərs çıxarmaq...

Azərbaycan tarixi necə araşdırılır? – Dərsdən dərs çıxarmaq...

Azərbaycan tarixi necə araşdırılır? – Dərsdən dərs çıxarmaq...

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnsititutunda baş verən son hadisələr tariximizin araşdırılması mövzusunu yenidən gündəmə gətirdi. Tarix təkcə araşdırmaq üçün deyil, həm də öyrənmək və nəticələrdən dərs çıxarmaq üçündür. Xüsusilə də dövlətçilik tarixinin araşdırılması dövlət idarəçiliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Polemika.az-a danışan tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının (DİA) tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova bildirib ki, Azərbaycanın dövlətçilik tarixi çox qədim ənənəyə malikdir.

Onun sözlərinə görə, Azərbaycan dövlətçilik tarixinin zəngin keçmişini gənc nəsilə elə çatdırmaq lazımdır ki, onlar bu tarixin, Azərbaycanda dövlətçiliyin var olmasını və onun inkişafının mahiyyətini düzgün dərk edə bilsinlər:

“Çünki qədim dövlətçiliyə malik olmaq hər bir xalqa nəsib olan bir nemət deyildir. Hazırda Azərbaycan xalqının müstəqil, suveren dövlətinin olması da, dünyada hər xalqa, millətə nəsib olan bir nemət deyil. O baxımdan, dövlətçilik tarixi, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra orta və ali məktəb dərsliklərində, artıq tamamilə yeni bir məzmunda təqdim olunmağa başlandı və eyni zamanda, tətqiqat işləri də paralel gedirdi. Çünki uzun müddət sovet idealogiyasının təsiri ilə yazılmış, istər akademik nəşrlər, istərsə də orta məktəb dərslikləri, bunlar obyektiv tarixi əks etdirmirdi.

Ümumiyyətlə, nəzərə alsaq ki, nəinki orta məktəblərdə, eləcə də, ali məktəblərdə Azırbaycan tarixi çox epizodik, ümumsovet tarixinin tərkibi kimi keçirilirdi və çox zaman da demək olar ki, Azərbaycan tarixi tədris olunmurdu. Amma müstəqilliyimiz bərpa olunandan sonra, elə o dinamikada xalq özünün obyektiv tarixini öyrənmək üçün çox səy göstərirdi. Hətta dərsliklər, akademik nəşrlər ortada olmayanda belə, kiçik broşüralar şəklində surətləri çıxarılmaqla ayrı-ayrı, xüsusən də mühacirət dövründə yazılmış Azərbaycan tarixi və ədəbiyyatı ilə bağlı əsərlər əldən-ələ gəzirdi. 

Bu özün onu göstərir ki, xalq, gənclər nə qədər öz tarixini bilməyə meylli olublar və elədilər. Yəni bu həvəs bizim gənclərdə var və bu təqdirəlayiq bir haldır ki, gənclər tarixi məhz obyektiv məzmunda öyrənməyə səy göstərirlər. Bir müəllimin auditoriyada dedikləri və yaxud dərsliklərdə yazılanlarla kifayətlənmirlər, axtarışdadırlar. Yəni tam həqiqətin öyrənilməsinə can atırlar. Bu da çox müsbət bir məziyyətdir ki, bizim gənclərimiz belə axtarışdadırlar. 

Amma necə etmək olar ki, məhz Azərbaycan dövlətçiliyinə nəinki marağı artırmaq, eləcə də, hansı məqamları gəncliyin diqqətinə çatdıraq? Təbii ki, bu, elmi tədqiqat işlərinə aid deyil, çünki elmi tədqiqat yönündə aparılan işlərdə heç bir konyekturadan asılı olmayaraq, mənbələrə əsaslanaraq obyektiv tarix ortaya qoyulmalı və yazılmalıdır”.

 F.Əhmədova hesab edir ki, Azırbaycan dövlətçilik tarixini öyrənərkən bu dövlətlərin qurulma coğrafiyasını bilmək, hansı əraziləri əhatə edib, Azərbaycanın tarixi torpaqları hansı coğrafiyanı əhatə edib, Azərbaycan xalqının etnoginezi məsələsi və təbii ki, Azərbaycan ərazisində olan dövlətlərin qonşularla münasibətdə siyasətə diqqət yetirmək lazımdır. 

“Azərbaycan hərb tarixinin də şanlı bir keçmişi vardır. Çar Rusiyası dönəmində azərbaycanlıları hərbiyə çağırmırdılar və sovet dönəmində də hərbi baxımdan Azərbaycan əsgərlərinin xidmət etdiyi yerlər də peşəkar hərbçi olmaq üçün məhdud idi. 30 il ərzində bizim torpaqlarımızın işğal altında olması və İkinci Qarabağ müharibəsində əldə olunan zəfərin mahiyyətini nəzərə alsaq, hesab edirəm ki, bizim gənclərimizə həm də Azərbaycan dövlətçliyi tarixi müstəvisində Azərbaycan hərb tarixini, Azərbaycan sərkərdələrinin döyüş yolunu əhatə edən tarixi də öyrətmək lazımdır. Tarixi biləndə, onun keçmişinə arxalananda gənc nəsil daha güvənli və daha qürurlu olur”.

Mütəxəssis onu da vurğulayıb ki, bu günkü Azərbaycan gənci bu baxımdan geniş imkanlara malikdir: “Çünki onun kifayət qədər yaşadığı torpaqda çox qədimlərə söykənən bir dövlətçilik ənənəsi vardır. Bu baxımdan, yalnız keçmişi ilə qürur duyub və keçmişin kölgəsinə sığınmaqdan da söhbət getmir. Söhbət ondan gedir ki, bu enerji, hansı ki, Azərbaycan ərazisində dövlətlər quran, hərbi rəşadətlər göstərən bir nəslin varisi, ləyaqətli vətəndaş, ədalətli torpaq övladı olmaq hissini özündə daşıya bilsin. Çünki bu gün Azərbaycanın tarixi torpaqları demək olar ki, qonşu dövlətlərin ərazilərinə birləşdirilibdir. 

Ancaq bununla yanaşı Azərbaycan tolerant, dinc və yanaşı yaşamaq siyasətinə həmişə üstünlük verib və Azərbaycan dövlətçilik ənənələrində də biz bunu görürük. Ona görə də, bu günkü gənc öz torpaqları uğrunda mübarizə aparanda, işğalçı, təcavüzkar fəaliyyət göstərmirdi. Əksinə, öz torpaqlarını azad edib ədaləti bərpa edirdi. O baxımdan, ləyaqətli, ədalətli, qürurlu, eyni zamanda, vətənsevər və azad yaşamağa qadir olan bir vətəndaşın formalaşması üçün dövlətçilik tarixində məhz bu məqamlara diqqət vermək lazımdır ki, Azərbaycan xalqı əsrlər boyu cahangirlərə, yadellilərə qarşı torpaqlarını müdafiə edib, fədakarlıq göstəribdir və eyni zamanda da, ədalətli olmağa çalışıbdır. Həmçinin qatı düşmənə qarşı belə müharibə apararkən mərdliklə mübarizəni aparıblar. Bu dəyərləri gənclərə aşılayanda, o məqamlara diqqət yetirəndə təbii ki, gənc nəsil həm torpağına, yurduna, Vətəninə bağlı, eyni zamanda, dövlətçiliyindən qürurlanıb, Azərbaycan dövlətinin möhkəmlənməsi, inkişafı yönündə fəaliyyətini quracaqdır. Bunun da bir yolu Azərbaycanın dövlətçilik atributlarına dəyər verməkdən keçir və biz, artıq görürük ki, Azərbaycan bayrağı nümunəsində gənc nəsildə nə qədər Azərbaycan bayrağına ehtiram var, onun yüksəklərdə tutulması üçün böyük hörmətlə yanaşırlar. Dəyərlər aparıcı olmalıdır və dövlətçilik tarixini öyrədərkən şablon salnamə öyrətməməliyik. O dövlətçiliyin daşıdığı dəyərləri yeni nəsilə ötürməliyik”, - deyı həmsöhbətimiz yekunlaşdırıb.

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov isə Azərbaycan tarixindəki dövlətçilik ənənələrindən söz açıb. Onun sözlərinə görə, dövlətçilik ənənələrimizi təbliğ etmək lazımdır:

“Bu millət, azı 4 min illik dövlətçilik tarixinə malik olan bir xalqdır. Bunu təsdiq edən tarixi ərazilərimizdə əcdadlarımızın yaratdıqları dövlətlərdir. Tarixi və coğrafi nöqteyi-nəzərindən yanaşanda biz Allahın verdiyi torpaqlarda öz dövlətlərimizi yaratmışıq. Bu dövlətlərin hər biri çox uzun müddət mövcud olub. Cənubi Azərbaycanın ərazisini əhatə edən Manna, Midiya, Atropatena tarixi ilə yanaşı, Şimali Azərbaycanda mövcud olan Albaniya dövlətini buna misal çəkə bilərik. Sonrasında ərəb işğallarından sonra vahid Azərbaycan məkanı yaranır. Nə az, nə çox 1400 illik dövrü əhatə edən bir zamandır. Burada Cənubla Şimalın bütövləşməsi prosesi gedir.

Ərəb Xilafətinin süqutundan sonra Azərbaycan ərazisində, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Şirvanşahlar dövləti yaranıb. Nəhayət həmin bu proses Atabəylər dövlətinin yaranmasına gətirib çıxarır. Ondan sonrakı monqol işğalları elə də uzun çəkmir və Azərbaycan ərazisində Qaraqoyunlular və Ağqoyunlular dövləti yaranır. Sonrasında isə vahid Azərbaycan dövləti olan Səfəvilər meydana çıxır. Yəni başlıca məsələ ondan ibarətdir ki, bütün bu dövlətləri yaradan Azərbaycan xalqının özüdür. Bu torpaq bizimdir və bizim başqasının torpağında gözümüz yoxdur. Əfşarlar dövlətinin dağılmasından sonra yaranan siyasi pərakəndəlik 20-dən çox xanlığın yaranmasına və nəhayət Çar Rusiya işğalına gətirib çıxardı”.

“Nəhayət 1918-ci ildə Azərbaycan xalqı öz şimal torpaqlarında öz müstəqilliyini elan etdi. Cənubi Azərbaycan torpaqlarında Şeyx Məhəmməd Xiyabani ilə başlanan azadlıq hərəkatında cənublu həmvətənlilərimiz də müstəqilliyə can atırdı. Yaddaşdan heç zaman silinməyib ki, bu xalq həm dövlət orqanizmi yaratmaqla yanaşı, eləcə də, dövləti idarə etmək prinsiplərini işləyib və hazırlayıb.

1918-ci ildə biz Şimal torpaqlarımızda Cümhuriyyəti elan etdik və Avropadakı prinsipləri əsas götürüb hüquqi, dünyəvi və demokratik bir dövlətin əsasını qoyduq. Amma dünyanın o yırtıcı qüvvələri və onların arxasında dayanan maliyyə maqnatları buna imkan vermədilər. Özlərinin yaratdığı Sovet Rusiyası, sonradan isə SSRİ adlandırılan dövlət bu ərazini işğal etdi, 70 il yenə əsarətdə qalsaq da, heç vaxt müstəqilliyimizi unutmadıq. Müstəqil dövlət yaratmaq hissini itirmədik. Çox ağır bir mübarizədən sonra nəhayət, 1991-ci ildə öz dövlət müstəqilliyimizi bərpa etdik, amma bu bərpa bizə çox baha başa gəldi. Çox böyük itkilər verdik. Nəhayət, 27 ildən sonra torpaqlarımızın 20%-ni işğaldan azad edərək bütün dünyaya öz gücümüzü göstərdik. Hansı ki, ermənilərdən bizə qarşı bir ölüm aləti olaraq istifadə etmişdilər. Həmin ölüm alətini məhv etməklə onların arxasında qüvvələlərə biz qalib gələrək müstəqil Azərbaycan dövlətinin sərhədlərini biz bərpa etmişik. İndi Azərbaycan dünyanın aparıcı dövlətlərindən biridir və biz müstəqilliyimizlə yanaşı, dövlətçilik ənənələrimizi də qoruyub saxlamışıq”, - tarixçi alim fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Azərbaycan tarixi necə araşdırılır? – Dərsdən dərs çıxarmaq...