Azərbaycan Ankara və İrəvan arasında vasitəçilik edir? - "Bu, mümkün deyil"

Azərbaycan Ankara və İrəvan arasında vasitəçilik edir? - "Bu, mümkün deyil"

Azərbaycan Ankara və İrəvan arasında vasitəçilik edir? - "Bu, mümkün deyil"

“Bu məsələdə Azərbaycanın vasitəçiliyindən yox, yalnız Azərbaycanın iştirakından söhbət gedə bilər”.

Bu sözləri Polemika.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ictimai-siyasi əlaqələr üzrə sədr müavini Elçin Mirzəbəyli deyib.

O, Azərbaycanın Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılmasında vasitəçi kimi çıxış edib-etməyəcəyi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xatırladaq ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib ki, Azərbaycanın da dəstəyi ilə Ermənistanla əlaqələr normallaşır.

E. Mirzəbəyli isə qeyd edib ki, mahiyyət etibarilə, Türkiyə ilk gündən bəyan edib ki, Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşma prosesi Azərbaycan və Ermənistan münasibətlərinin inkişaf dinamikasından asılıdır:

“Bu baxımdan, Türkiyə Azərbaycanın razılığı olmadan Ermənistanla hər hansı bir məsələdə razılığa gəlməz və gəlməsi də mümkün deyil. Əgər Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə hansısa müsbət dinamika hiss olunursa, bu, o deməkdir ki, artıq bu dinamika həm də Azərbaycan-Ermənistan münasibətlərində var. Təbii ki, bunun detallarını söyləmək çox çətindir və Ermənistanın son davranışları da belə söyləməyə əsas vermir.

Səsləndirilən fikirlərin mahiyyəti tam ortaya çıxdıqdan sonra detalları barədə şərh vermək olar. Çünki hansı istiqamətdə razılaşdırılmalar var, o cümlədən diplomatik münasibətlərin qurulmasındanmı söhbət gedir, yoxsa iqtisadi əlaqələrin inkişafından, regionda həyata keçiriləcək kommunikasiyalardan və s. Nədən söhbət gedirsə, bu barədə detallar aydın olmalıdır”.

BAXCP funksioneri əlavə edib:

“Ona görə də, indiki şəraitdə Azərbaycanın Ermənistanla Türkiyə arasında vasitəçilik edəcəyi ilə bağlı fikrin səsləndirilməsinə sözün doğrusu, inanmıram, çünki bu, mümkün deyil. Türkiyə və Ermənistan münasibətlərinin də perspektivinin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindən asılı olduğunu düşünürəm”.

Rafi MÜSLÜMOV

 

Azərbaycan Ankara və İrəvan arasında vasitəçilik edir? - "Bu, mümkün deyil"