Azərbaycan təhsil sistemi: İnkişaf, yoxsa geriyə qayıdış? 

Azərbaycan təhsil sistemi: İnkişaf, yoxsa geriyə qayıdış? 

Azərbaycan təhsil sistemi: İnkişaf, yoxsa geriyə qayıdış? 

Son günlər Azərbaycan məktəblərində baş verən analoji hadisələr Azərbaycanın təhsil sistemində olan problemləri bir daha gündəmə gətirdi. Hətta təhsil sisteminin dəyişməsi ilə bağlı növbəti müzakirələr də hazırda sosial şəbəkələr seqmentində davam edir.

Necə etmək olar ki, təhsildəki problemlər aradan qaldırılsın və orta məktəblərdə xoşagəlməz halların sayı minimuma endirilsin? Problem Azərbaycanın təhsil sistemindədir, yoxsa idarəetməsində? Dünyanın hansı təcrübəsi ölkəmiz üçün daha faydalı ola bilər? Bununla bağlı “Polemika.az” mütəxəsislərlə müzakirə aparıb. Onların problemdən çıxış yolunu nədə gördüklərini öyrənib.

Hazırda nə baş verir?

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı bildirir ki, təhsil daim inkişaf edən, dinamik bir sahədir:

“Təhsillə, onun müxtəlif pillələri ilə əlaqəsi olmayan ailə ölkəmizdə demək olar ki, yoxdur. Məktəbdə təhsildə nə baş verirsə, o dərhal cəmiyyətdə reaksiyalar doğurur. Dünyanın heç bir ölkəsində ideal təhsil sistemi yoxdur. Təhsildən narazılıqlar bütün ölkələrdə var. Əgər təhsildə inkişafa mane olan amillər varsa, dərhal aradan qaldırılmalıdır. Buna görə, hətta radikal addımlar da atmaq lazımdır.

Sosioloq Əhməd Qəşəmoğlu isə düşünür ki, təhsil siyasətində hökmən ciddi dəyişiklik olmalıdır. O, bununla bağlı ötən il  mətbuatda nazirə üç məktub yazdığını da xatırladır: “Yəni hər hansı bir tədbir həyata keçirməklə heç nəyi həll etmək olmaz. Gərək, təhsil siyasətimiz dəyişsin. Özü də təhsildə dəyişiklik, təkcə nazirliyin gücü çatan iş deyil. Təhsil siyasəti dəyişsə, məlum olacaq ki, Nazirlik nə iş görəcək, qanunvericilik orqanından, KİV-dən, valideynlərdən, məktəblərdən nə tələb olunur və s.

Bu gün bizim ortada konkret fəaliyyət proqramımız, təhsillə bağlı milli təhsil platformamız yoxdur. Ona görə, mən ürək ağrısı ilə deyirəm ki, gələn il bundan da pis olacaq”.

Bəlkə daha bir eksperiment?

Azərbaycan müstəqillik qazanandan bəri təhsillə bağlı dünyada mövcud olan bir neçə təcrübələrdən istifadə edib. Hər dəyişiklik zaman və maddi vəsait tələb edib. Nəhayətdə bu günkü neqativ hadisələr baş verir və bu göstərir ki, yenə də dəyişikliyə ehtiyac var.

Musa Qasımlı deyir ki, ümumiyyətlə, təhsil sistemi eksperimentləri sevmir. Sadəcə təhsildə müxtəlif qabaqcıl ölkələrin təhsil sistemləri öyrənilir və yerli şəraitə uyğun olaraq tətbiq edillir:

“Hesab edirəm ki, biz dünyanın ən qabaqcıl təhsil sistemlərinin təcrübəsindən yararlanmalıyıq və bizim təhsilimiz milli-mənəvi köklərimizə, tariximizə dayanaraq ən müasir çağırışların tələbləri əsasında inkişaf etdirilməlidir”.

Əhməd Qəşəmoğlu bildirir ki, o üç il əvvəl ADPU-nin akt zalında “Milli təhsil konsepsiyası” təqdim edib: “Bircə nəfər də maraqlanan olmadı. Burada başqa mütəxəssislərin də təklifləri var. Mən yenə qeyd edirəm, ciddi dəyişiklik olmalıdır. Ayrı cür mümkün deyil, çünki cəmiyyətdə münasibətlər dəyişib, cəmiyyət xeyli mürəkkəbləşib. 

Təhsil sistemi öz qarşısındakı konkret təlimatı bilməli və onu həyata keçirmək siyasətini dəyişməlidir”.

Problem öyrənilibmi?

Təhsildə mövcud olan çatışmazlıqların səbəbləri öyrənilibmi? Neqativ hadisələr niyə baş verir?

Musa Qasımlı bunun çox mürəkkəb olduğunu qeyd edir: “Bizi indiyə qədər hansı təhsil sistemi bu səviyyə gətirib çıxarıb və onda hansı qüsurlar var? İrəli getmək üçün daha nələri etmək lazımdır? Bunlar hələ bəlli deyil. Onlar öyrənilib, ondan sonra müvafiq qərarlar qəbul edilə bilər”.

Ə. Qəşəmoğlu isə bunun səbəbini ayrı-ayrı təcrübələrin tətbiqində görür: “Mən hər dəfə çağırışlar etmişəm ki, onun-bunun təcrübəsini həyata keçirmək olmaz. Bu, düzgün yol deyil. Bu ona bənzəyir ki, bir adam xəstələnir və ona baxırlar ki, qonşu hansı reseptlə müalicə olundu, biz də o resepti alaq. Elə şey olmaz. Hər bədənin öz xüsusiyyəti və öz xüsusiyyətinə uyğun resepti var. Ona görə də, Azərbaycan təhsil sistemində ilk gündən başqa bir yol tutmalıydıq”.

Təkliflər var, amma reaksiya yoxdur

Sosioloq 1994-cü ildə Azərbaycan Parlamentində “Elmi mərkəz”in rəhbəri olduğunu xatırladır. “Biz konkret təklif etmişdik ki, nə etmək lazımdır. Amma təəssüf ki, bu günləri onu həyata keçirdilər, bunu həyata keçirdilər, lakin ortada nəticə yoxdur. Əslində, ortada nəticə var, amma pis nəticə var. Bu, o deməkdir ki, həyata keçirilən tədbirlər məqsədəuyğun deyil. Ona görə də, tamamilə yeni yanaşma lazımdır və elmi əsaslarla yeni fəaliyyət planı hazırlanmalıdır”.

Mütəxəssis qeyd edib ki, Azərbaycan hansısa bir ölkənin təhsil sistemindən bəhrələnə bilər: “Amma götürüb onu tam istifadə etmək səhv yoldur. Çünki dediyim kimi, başqasının resepti ilə müalicə olmaq olmaz”. 

Sinqapur, Cənubi Koreya, Finlandiya yoxsa Yaponiya?

“Biz çalışmalıyıq ki, indiki vaxtda Şərq ölkələrinin təcrübələrindən yararlanaq. Məsələn, Cənubi Koreyanın təcrübəsini öyrənmək olar. Bizdə Finlandiya modelini kifayət qədər təbliğ edirlər. Mən isə daha çox Yaponiya və Cənubi Koreya modellərindən bəhrələnməyi məqsədəuyğun hesab edirəm.

Əvvəla, onlardakı müəyyən xüsusiyyətlərlə bizimkilər uyğun gəlir, amma onları təkrarlamaq özü neqativ və böyük bir səhv ola bilər. Biz onların təcrübəsini öyrənə-öyrənə öz modelimizi qurmalıyıq. 

Mən dərs dediyim tələbələrə öyrədirəm onları. Bir çox universitetlərdə sosial işdən mühazirə oxuyuram və bütün ölkələrin modellərini öyrədirəm. Mənim tələbələrim, mən də o xüsusiyyətləri yaxşı bilirik. 

Bizə daha çox Yaponiya və Cənubi Koreyadan bəhrələnmək yaxşıdır. Məsələn, Sinqapurda çox böyük inkişaf var, amma Sinqapur təhsil sistemi ingilis modelinə keçib. Bu, bizə o qədər də məqbul deyil. Cənubi Koreya və Yaponiyada öyrəniləsi çox şey var.

Onu da qeyd edim ki, Cənubi Koreyada şagirdlərə cəza vermək də var. Bir şərtlə ki, bu şagirdlərə fiziki və mənəvi ziyan vurmasın. Ona görə də, bu dediyim modellərə mənim marağım daha çoxdur”.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.

Azərbaycan təhsil sistemi: İnkişaf, yoxsa geriyə qayıdış?