Atəşkəs olmasaydı, Ermənistan ordusu neçə gün müqavimət göstərə bilərdi? – Hərbi ekspertdən cavab

Atəşkəs olmasaydı, Ermənistan ordusu neçə gün müqavimət göstərə bilərdi?

Atəşkəs olmasaydı, Ermənistan ordusu neçə gün müqavimət göstərə bilərdi? – Hərbi ekspertdən cavab

Hərbi ekspert Ramil Məmmədlinin Polemika.az-a müsahibəsi:

- Ötən gün ehtiyatda olan general-mayor Natiq Əliyev öz açıqlamasında bildirmişdi ki, Ermənistan kapitulyasiyaya imza atmasaydı, müharibə bu günə qədər davam edə bilərdi. Sizcə, bu fikir doğrudur?

- Müharibənin 1 il davam edəcəyi haqqında səsləndirilən fikirlər həqiqətə uyğun deyil. Çünki Qarabağdakı ermənilərin əsas müdafiə xətti darmadağın edilmiş, birinci, ikinci eşalon sıradan çıxarılmış, müdafiəni təşkil edəcək sonuncu eşalon isə öz müdafiə qabiliyyətini itirmişdi. Bəzi hərbi icmalçılar, politoloqlar, mövcud vəziyyəti bilməyən şəxslər Ermənistan ordusunun Qarabağda yerləşən bölmələri haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirirdilər. Müharibə dövründə bəlli oldu ki, Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşən bölmələri kifayət qədər döyüş hazırlığına malik hərbi birləşmələrdir və müdafiə istehkamları olduqca yüksək səviyyədə qurulmuşdu. Ermənistan ordusu yalnız və yalnız Azərbaycan əsgərinin əzmi və dövlətinin siyasi iradəsi ilə məğlub oldu.

Qarabağda yerləşən hərbi birləşmə Ermənistan Müdafiə Nazirliyinin I Əlahiddə Ordusu idi. Bu ordunun aparıcı qüvvəsi dağatıcı alayı olub və həmçinin əks-hücum, həmlə əməliyyatlarını həyata keçirən xüsusi təyinatlı 22 saylı hərbi hissə.

– Ermənilərin 15 minlik ordusunun mühasirəyə düşməsi iddiası doğrudur?

– Müharibənin ilk günlərində Azərbaycan ordusunun şimal cəbhəsində (Murovdağ silsiləsi, keçmiş Ağdərə rayonu – red.) həyata keçirdiyi əməliyyatlar, həmçinin cənub istiqamətində (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa və Xocavənd – red.) aparılan döyüşlər, sözün əsl mənasında, ölüm-dirim savaşı idi. Ermənistan ordusunun rəhbərliyi artıq halqanın daraldığını gördüyünə görə vəziyyəti ələ almaq üçün bütün vasitələrdən istifadə edirdi. Lakin Azərbaycan Silahlı Qüvvələri şimal, cənub-şərq və cənub istiqamətindən həyata keçirdiyi əməliyyatlarda üstünlüyə sahib idi. Əlbəttə, şəxsi qulluqçuların iradəsi və müasir texnologiyadan istifadə hesabına.

O ki qaldı Ermənistan ordusunun davam gətirmək bacarığına, Azərbaycanın sürətli hücumun nəticəsində Ermənistan ordusunun bir çox bölmələri arxada qalmışdı. Onlar açıq döyüş aparmır və lokal döyüşlər hesabına müəyyən nəticə əldə etmək istəyirdi.

– Fikirnizcə, müharibə davam etsəydi, sonrakı prosesi necə ola bilərdi?

– Birmənalı demək olmaz ki, əgər noyabrın 10-da müharibə bitməsəydi, proses hansı istiqamətdə davam edəcəkdi. Çünki artıq Azərbaycan ordusu Laçın dəhlizi istiqamətində gərgin döyüşlər aparırdı. Ermənistan ordusunun Qarabağ ərazisində, xüsusilə Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və Əsgəran istiqamətinə dislokasiya olunan bölmələrinin təchizatında ciddi problemlər yaradacaqdı. Yəni müharibənin hansı vəziyyət alacağını proqnozlaşdırmaq çətin idi, amma onu demək lazımdır ki, şahidlərin fikirləri, həmçinin döyüşün gedişatında baş verən hadisələr onu deməyə əsas verirdi ki, Ermənistan mövqelərini itirir.

– Əgər noyabrın 9-da atəşkəs bəyanatı imzalanmasaydı, Ermənistan ordusu neçə gün müqavimət göstərə bilərdi?

– Minimum 3 ay. Çünki müharibə təkcə Xankəndini, Xocavəndi, Əsgəranı, Xocalını və Ağdərəni almaqla bitməyəcəkdi, qarşıda Kəlbəcər, Ağdam, Laçın kimi rayonlar qalırdı. Biz yaxşı bilirik ki, Kəlbəcərin coğrafi mövqeyi çox sərtdir və həmin istiqamətdə hərbi əməliyyatların keçirilməsi çətin olacaqdı. Həmçinin təbiətlə, mövsümlə bağlı problem vardı. Havalar soyumağa doğru gedirdi və həmin şəraitdə döyüşün aparılması hansı formada olacaqdı, demək çətindir.

Hər bir halda Azərbaycan istədiyinə nail oldu. Ermənistan tərəfi kapitulyasiyaya imza atdı və onun ardınca artıq Ağdam, Kəlbəcər və Laçın kimi rayonlar Azərbaycana qaytarıldı. Qarabağın daxilində gedən proseslər də onu deməyə əsas verir ki, bəzən müahribəsiz də lazım olan qalib gəlmək olar.

Rafi Müslümov

Atəşkəs olmasaydı, Ermənistan ordusu neçə gün müqavimət göstərə bilərdi? – Hərbi ekspertdən cavab