Artezanların udduğu milyonlar: Pul var, su yox…

Artezanların udduğu milyonlar: Pul var, su yox…

Artezanların udduğu milyonlar: Pul var, su yox…

Azərbaycanda meliorasiyaya dair 5 milyon manatlıq 4 tenderə yekun vurulub.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti mərkəzləşdirilmiş elektron uçot sisteminin yaradılması (1), meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması (2), maşın və mexanizmlərə GPS izləmə sisteminin quraşdırılması(3), Ağstafa rayonu, Köçəsgər kəndində sel sularından mühafizə tədbirlərinin görülməsi (4) ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Dövlət satınalmalarının vahid internet portal xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Prosys", "Datum", “Matrix” və “Real-İnşaat” MMC-lərdir. Qalib şirkətlərə müvafiq olaraq 0,69 milyon manat, 2,1 milyon manat, 0,657 milyon manat və 1,152 milyon manat, ümumilikdə isə 4,599 milyon manat ödəniləcək.

Meliorasiya ilə bağlı növbəti tenderə yekun vurulsa da, bölgələrdə bu sahədə problemlər öz həllini tapmayıb. Xatırladaq ki, hələ ötən il meliorasiya sahəsində mövcud problemlərə toxunan ölkə başçısı çıxışında bildirmişdi ki, içməli su, meliorasiya layihələri gündəlikdə ən vacib məsələlər kimi duracaq. Əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin. Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır:

“Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıb. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir. Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır”.

Ölkə başçısının səsləndirdiyi fikirlərdən 1 ildən artıq vaxt keçsə də, hələ də yerlərdə su problemi yaşanır, bu da yəqin ki, müvafiq qurumların məsələyə ciddi yanaşmadığını göstərir. Bunu sosial şəbəkədə vətəndaşların yazdığı fikirlərdən də görmək olar. Belə ki, “Facebook”da vətəndaşlar yazır:

“Saatlı rayonunun Soltanabad və Mircəlalkəndi aprel ayın sonunda gördüyü su olub”, “Gəncədə artezianlar dağıdılaraq əhali susuz qoyulur”, “Sabirabad rayonunun Həsənli kəndindən keçən kollektorlar tamamilə dolub”, “Xahiş edirəm, bir dəfədə olsun Şəmkirdə hər hansısa görülən bir işi paylaşın. Çünki Şəmkir su kimi lazımlı işlərdən geridə qalıb”, “Sağ əli Goranboyun başına. Nazirlik nümayəndələri imkan olsa yeni yaradilan idarəyə gəlin və oradakı səhnəni seyr edin”.

Bugünlərdə Bakıda təşkil edilən “Kənddən Şəhərə” yarmarkasında iştirak edən fermerlərin bir çoxu da su problemi ilə bağlı məhsulun məhv olduğunu bildirdilər. Beləliklə, bölgə sakinləri yerlərdə hələ də su problemi ilə üzləşdiklərini, bunun da əkinçiliyə böyük ziyan vurduğunu deyirsə, bu, müvafiq qurumların hələ də tənqiddən nəticə çıxarmadığını göstərir.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bununla bağlı bildirib ki, ölkədə 20-30 tender keçirilib, 800-ə yaxın artezian quyusunun qazılması ilə bağlı qərarlar verilib:

“Tək-tək yerlərdə suvarma ilə bağlı həmin artezian quyularından istifadə edilir. Bizdə əsas problem yalnız suyun azlığından deyil, eyni zamanda suyun qeyri-effektiv istifadəsindən yaranır. Yəni Azərbaycan effektiv şəkildə damcılı, müasir texnologiyalardan istifadə etməklə suvarma metoduna keçə bilmir. Nəticədə su itkiləri həddindən artıq çoxdur. İkinci problem isə odur ki, ölkədə texniki bitkilər, o cümlədən pambıq əkilməyə başlanandan bəri suya tələbat artdı. Texniki bitkilər daha çox su tələb etdiyindən və yeni qayda ilə deyil, ənənəvi üsulla suvarma tətbiq edildi. Bu kimi texniki bitkilər su çatışmazlığı problemləri yaratdı. Ona görə də yalnız tenderlərlə, artezian quyularının qazılması ilə yox, sudan effektiv istifadə edilmək yolu ilə ölkədə suvarma problemini həll etmək mümkün olar. Təəssüf ki, indiyədək ölkədə sudan rasional istifadə qaydaları tətbiq olunmayıb”.

Ekspert deyir ki, meliorasiya ilə bağlı müvafiq qurumda yalnız rəhbərliyin dəyişməsi yox, idarəetmənin konsepsiyasının da dəyişməsi lazımdır:

“Yeni rəhbərlik eyni qaydada idarəetməni təşkil edirsə, sistemdə dəyişikliyi yoxdursa, qısa zamanda hansısa effektiv nəticələr əldə etmək, yaxud bunu gözləmək əbəsdir. Problem daha dərindir. Elmi yanaşma yoxdur. Suvarma probleminin elmi yanaşması, damcılı suvarma sistemləri, beynəlxalq praktikada istifadə edilən effektiv üsullar, yeni texnologiyalar tətbiq edilməlidir. Təəssüf ki, bununla bağlı yeni rəhbərliyin ciddi bir addımlar atdığını görmürük”.

 

Artezanların udduğu milyonlar: Pul var, su yox…