Anarın “800 cüt ayaqqabı açıqlaması”na cavab: “Bunlar mənəvi baxımdan zəngin olmayan insanlardır

Anarın “800 cüt ayaqqabı açıqlaması”na cavab:

Anarın “800 cüt ayaqqabı açıqlaması”na cavab: “Bunlar mənəvi baxımdan zəngin olmayan insanlardır

Stilist Anar Ağakişiyev “Üzə-üzə” proqramına açıqlamasında ayaqqablarından bəhs edib:

“Bu yaxınlarda yeni evə köçəndə başa düşdüm ki, məndə bir xəstəlik var. O da ayaqqabılara olan sevgi xəstəliyi. 800 cüt ayaqqabım var. Ən ucuzu 200-250 dollar, ən bahalısı 3000 dollar. Ortalama qiymət 700-800-1000 dollardır”.

Bu açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Çoxları Anarın bu sözlərini təəccüblə qarşılayıb. Hətta bunun psixoloji xəstəlik olduğunu deyənlər də tapılıb.

Maraqlıdır, bir insanın bu qədər ayaqqabı və geyiminin olması doğurdanmı xəstəlikdir?

Ümumiyyətlə, 800 cüt ayaqqabı adamın nəyinə lazımdır? 

Psixoloq Gülnar Orucova Polemika.az-a açıqlamasında deyib ki, bir insanın çox geyim və ayaqqabısının olması normaldır, lakin həddi aşmaq olmaz:

“Ümumilikdə götürəndə istər geyim, istərsə də ayaqqabı olsun, bunlar insanın tələbatıdır. İnsan onu müəyyən  məbləğlərə əldə edə bilər. Yəni baha və ya ucuz, bir sözlə öz büdcəsinə uyğun şəkildə.

Bəzi insanlar var ki, onlar çox geyim və ayaqqabı almırlar. Onlara bir neçə dənəsi olsa, kifayətdir. Lakin bəzilərində məsələn, işləyən xanımlarda, efirdə olan insanlarda geyimin, ayaqqabıların, aksesuarların çox olması normaldır. Lakin həddi aşmaq olmaz. Daha 800 cüt yox”.

Psixoloqun sözlərinə görə, bəzi insanlar var ki, geyim onlarda artıq aludəçiyə çevrilib:

“Həmin şəxsə sual versən ki, hansını daha çox sevirsən. O 800 cütün içindən rahat ola biləcək 8-ni seçəcək. Bəzən insan sırf gözünün önündə olsun deyə alır. Geyinmək üçün almır. Adamlar var ki, özlərini bir geyimdə narahat hiss edir deyə başqa geyimləri alır. Hətta həmin geyimin başqa-başqa rənglərini də ala bilirlər. Bir geyim onlara rahat olanda eynisinin müxtəlif rənglərini ala bilirlər.

Və yaxud elə olur ki, vitrində, dükanda bəyənir. Oradan ayrılan  kimi evə gətirib, qüsur axtarmağa çalışırlar. Qüsur axtaranda qüsur tapmaq çox asandır. Və yaxud bir paltarı geyir, daha sonra onun başqa yerdə satışda olduğunu görür, daha sonra geyinmir. Artıq insanlar bir dəfə geyimək üçün paltarlar alırlar”.

G.Orucova qeyd edib ki, psixoloji pozuntusu olan insanlar lazım olan, olmayan geyimləri alırlar:

“Elələri var ki, xüsusi ilə marka geyirlər. Sırf geyimi, ayaqqabını marka olduğuna görə alır. Bəzi insanlar özlərini mənəviyyatları ilə təsdiq edə bilmirlər. Təsdiq edə bilmədikləri üçün başlayırlar maddi olaraq nələrisə, əldə etməyə. Maddi olaraq nələrisə əldə edəndə düşünürlər ki, onlar özgüvən qazanacaqlar. Hörmətə sahib olacaqlar. Özlərini geyim, ziynət əşyaları ilə təsdiq etməyə çalışanlar var. Çox varlı olmayan insanlar var ki, üzərlərində kilo ilə qızıl gəzdirirlər. Özlərini elə göstərməyə çalışırlar. Bunlar mənəvi baxımdan zəngin olmayan insanlardır. Psixoloji pozuntusu olan insanlar lazım oldu, olmadı geyimlər almağa daha çox meyilli olurlar”.

Nəzrin Vahid

Anarın “800 cüt ayaqqabı açıqlaması”na cavab: “Bunlar mənəvi baxımdan zəngin olmayan insanlardır