Ali məktəblərə maraq niyə azalıb? - "Bu, ciddi və təhlükəli bir məqamdır"

Ali məktəblərə maraq niyə azalıb? - "Bu, ciddi və təhlükəli bir məqamdır"

Ali məktəblərə maraq niyə azalıb? - "Bu, ciddi və təhlükəli bir məqamdır"

"Ərizə qəbulundan iştirak edənlərin sayı ötən il ilə müqayisədə çox aşağıdır".

Bunu Polemika.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Xatırladaq ki, bu gün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu başa çatır. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, indiyə qədər 90 810 abituriyent öz ərizəsini təsdiq edib. Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak ediblər.

Kamran Əsədov qeyd edib:

“Ümumiyyətlə, builki qəbul prosesinin əvvəlki illərlə müqayisədə daha tez başlaması, müddətin qısa olması elektron ərizə verənlərə öz təsiri göstərib. Hazırda ali məktəbə qəbul olmaq istəyən, lakin elektron ərizənin vaxtından xəbəri olmayanlar var. Bu sənəd qəbuluna öz təsirini göstərdi.

Sənəd verənlərin sayı ötən il ilə müqayisədə az olsa da, ümumi say eynidir. Lakin bir məqam var ki, digər ixtisas qruplarına qəbul olmaq istəyənlər V qrupa da sənəd veriblər. Say ona görə eynidir”.

Ekspertin sözlərinə görə, III ixtisas qrupuna verənlərin sayı kəskin azalıb:

“Digər tərəfdən, builki dəyişikliyə görə, III ixtisas qrupuna beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları əlavə edilib. Ayrılan plan yerindən dəfələrlə az adam bu alt qrupu seçib.

III ixtisas qrupu ilə bağlı qarşıya qoyulan hədəf özünü doğrultmadı. Məqsəd o idi ki, yüksək ballılar bu ixtisaslara yönəlsinlər, bununla da plan yerləri dolsun. Regionşünaslığa yenə 150 balla qəbul olacaq. Kifayət qədər plan yeri də boş qalacaq.

Bu il daha fərqli qəbul proqramı həyata keçirmək olardı. Lakin proses daha da çətinləşdi”.

K.Əsədov qeyd edib ki, Azərbaycanda ali təhsil bahalı və keyfiyyətsizdir:

“Azərbaycanda 2 min manat təhsil haqqı vermək yerinə, daha aşağı məbləğlə oxumaq yaxşıdır. Gənclərimiz Azərbaycanda oxumaq istəmirlər. Bu, ciddi və təhlükəli bir məqamdır. Ona görə də, xaricə kütləvi axın var. Çünki orada əlçatan və keyfiyyətli təhsil görürlər. 2010-cu ildə ali məktəblərə 110 min qəbul olunmaq istəyən vardı, indi heç yarısı da yoxdur”.

Nəzrin Vahid

Ali məktəblərə maraq niyə azalıb? - "Bu, ciddi və təhlükəli bir məqamdır"