Əlindən qələmi alıb qoltuğuna qazan verdilər...

Əlindən qələmi alıb qoltuğuna qazan verdilər...

Əlindən qələmi alıb qoltuğuna qazan verdilər...

“Orda elə qonaqlar var idi ki, redaksiyalarına yemək göndərirdilər, menyuda olmayan içkilər istəyirdilər. Tanınmış adamlar çox olduğu üçün, biz çalışırdıq ki, bütün dediklərini edək. Çünki reklam olunurduq. KİV bizi reklam edirdi, ondan sonra çox toylar tuturduq”.

Bunu ötən gün keçmiş KİVDF-nin sədri Vüqar Səfərli ilə bağlı məhkəmə prosesində “Xəmsə” restoranının icadarı Bəxtiyar Fətullayev deyib. Dövlət büdcəsindən KİV-in inkişafına ayrılmış pullarla bu adamlar təkcə toy tutmurmuşlar, həm də mediaya “toy tutrmuşlar”. Sözün əsl mənasında. Bəzi acgöz toy sahibləri restoranda artıq qalan yeməkləri yığıb apardığı kimi, bu görməmişlər də “ley-pey”i redaksiyalarda davam etdirirmiş. Yazının dioloqla davam etməsi üçün şərh yerində həmin görməmiş media “boss”larından kimlərin qazan qoltuğunda restorandan çıxdığını təsəvvür edirsinizsə, yazın. 

Bir neçə dəfə mən də Vüqar Səfərlinin təşkilatçılığı, Əli Həsənovun tamadalığı ilə keçirilən bu məclislərdə oldum. Çox ürəkbulandırıcı idi. Menyunu demirəm, təəssüratı deyirəm. Media adına 3 cümləni səhvsiz yaza bilməyən adamların media “tortuna” acgözcəsinə ağız marçıldatması adamı diksindirirdi. KİV üçün dövlətdən ayrılan milyonların çırpışdırılmasının pərdəarxası savaşı bu məclislərdə göz deşirdi. Onlar doymurdular. Qarınları doysa da, gözləri doymurdu. Bəxtiyar Fətullayevin dediyi kimi, redaksiyalara qazanla yemək də daşıyırdılar. Kim bilir, bəlkə ordan qalanı arvad-uşaqlarına da aparırmışlar. Bu cür adamların tamahının həddi-hüdudu olmur.

Bu cümlələri yazarkən belə ürəyim bulanır. Çünki çox şey dəyişməyib. Həmin qazan daşıyan media rəhbərləri elə indi də qoltuqlarında qazan gəzirlər. Əməkdaşına minimum əməkhaqqı yazan, onun bütün vergisini, dövlət ödənişlərini də işçisinin maaşından kəsən bu rəhbərlər istənilən hava şəraitində balıq tutmağı bacaran ovçulardan fərqli deyil. Bu gün Əli Həsənov və ya Vüqar Səfərli yoxdur. Nə olsun ki?! Vüqar Səfərlinin üzünə həmin media patronlarından istənilən birinin sifətini yapışdırın. Nə dəyişəcək? Yenə də Vüqarı görəcəksiniz. 

Haqq, ədalət nisbi ola bilər. Hər kəsin öz ədalət anlayışı var və hətta iki bir-birinə zidd baxışı da elə əsaslandırmaq mümkündür ki, hər ikisi haqlı və ədalətli görünə bilər. Və ən maraqlısı da bu ola bilər ki, onların arasında ortaq nöqtə tapa bilməzsən. 

Amma qanun nisbi anlayış deyil. Qətidir, birmənalıdır. Qanun tələb edir ki, Vüqar Səfərli indi həbsdə olsun və həbsdədir. Qanun həm də tələb edir ki, eyni zamanda onun cinayətinə ortaqlıq edənlər də bu gün onunla bərabər dustaq həmkarlığı etsinlər. Bunu görmürüksə, deməli qanunlarda da nisbilik yaratmaq mümkündür. Onların mədəsini tox tutmağa çalışanlar bilsin ki, onsuz da doymayacaqlar. Əməkdaşının minimum maaşı hesabına öz şirkətinin vergilərini ödəyənlər doymayacaq. Sabah qapılarına daha böyük qazanla gələcəklər.

Media həqiqətən güzgüdür. Güzgü olmalıdır. Səfərlinin məhkəmə prosesi göstərir ki, biz bu güzgüdə nə qədər eybəcər görünmüşük. Bütün kosmetkalarımıza rəğmən gizlənə bilməmişik, vampir dişlərimiz ağarıb bu “ekran əsərində”. Bu ona görə baş verdi ki, “media kapitanlarının” əlindən qələmi alıb qoltuqlarına qazan verildi. İndi nə qədər çalışsalar da qazanı onlardan, onları da qazandan qopara bilmirlər. Siam əkizinə çevriliblər...

Elnur Məmmədli

Əlindən qələmi alıb qoltuğuna qazan verdilər...