Əli Əliyevlə bağlı bir gündə iki məhkəmə prosesi keçirildi

Əli Əliyevlə bağlı bir gündə iki məhkəmə prosesi keçirildi

Əli Əliyevlə bağlı bir gündə iki məhkəmə prosesi keçirildi

Yanvarın 7-də Yasamal Rayon Məhkəməsində Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterinin qəzaya uğraması nəticəsində yaralanmış polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında verdikləri şikayət əsasında iki məhkəmə iclası keçirilib. 

Polemika.az xəbər verir ki, iddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” “YouTube” kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. 

Emil Cəfərovun iddiası üzrə hakim Hüseyn Səfərovun, Ramin Ədilovun iddiası üzrə isə hakim Rauf Daşdəmirovun sədrlik etdiyi iclasda Əli Əliyevin və onun vəkilinin eyni mahiyyət kəsb etdiyi üçün sözügedən şikayətlərin birləşdirilməsinə dair vəsatətləri qəbul olunmayıb.

Qeyd olunan iddialar üzrə növbəti məhkəmə iclasları müvafiq olaraq, 2022-ci il yanvarın 11-i və 13-nə təyin edilib.

Vətəndaş və İnkişaf Partiyası (VİP) Əli Əliyevə qarşı qaldırılmış bu iddiaları və məhkəmə proseslərini ardıcıl təzyiqlərin davamı, o cümlədən, Azərbaycan dövlətinin beynəlxalq imicinə növbəti zərbə kimi qiymətləndirərək, hakimiyyəti siyasi mübarizədə yolverilməz üsullardan birmənalı imtina etməyə çağırır.

Xatırladaq ki, 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbçi ölüb, iki nəfər yaralanıb. 

Əli Əliyevlə bağlı bir gündə iki məhkəmə prosesi keçirildi