Yas məclisində qadın molla: "Bu anlayış zamanla meydana çıxıb”

Yas məclisində qadın molla: "Bu anlayış zamanla meydana çıxıb”

Yas məclisində qadın molla: "Bu anlayış zamanla meydana çıxıb”

“İslam dinində "məclis mollası" deyilən bir anlayış və ya fəaliyyət növü yoxdur”.

Polemika.az xəbər verir ki, bunu ilahiyyatçı-alim Kənan Rövşənoğlu bildirib.

O, sosial şəbəkə hesabında deputat Məlahət İbrahimqızının açıqlamasına münasibət bildirib.

Xatırladaq ki, fevralın 1-də Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat bildirib: 

“Qadın mollaların əksəriyyəti cahil vəziyyətdədir. Onların yas məclislərində hər şeydən –şeirdən, müxtəlif əhvalatlardan danışdığını görürük. Amma onlar Qurandan, hədisdən heç nə anlatmırlar”.

K.Rövşənoğlunun sözlərinə görə, İslamda din xadimi anlayışı əvvəldən olmayıb. Amma zamanla din biliciləri (“molla” sözü də elə bilici deməkdir) tədricən məscidlərdə müxtəlif növ namaz və digər dini vəzəfələri icra edib. 

“Din üçün işi bilən istənilən insan dini vəzifələri, o cümlədən namaz qıldırmaq, meyit basdırmaq və s. yerinə yetirə bilər. Amma bu işləri yerinə yetirənlər siyahıya alınmalı, cavabdehlik daşımalıdır deyə, zamanla bu anlayış meydana çıxıb”, – deyə ilahiyyatçı izah edib.

O əlavə edib: 

“Məclis mollası və ya din xadiminin yas məclislərində gedişi cəmi 4 məscidin açıq olduğu sovet dövrdə yaranıb. Din xadimləri bundan heç olmasa yas mərasimlərində iştirak edərək orada insanlara moizə etmək, dini xatırlatmaq üçün fürsət sanıblar. Amma indi dini öyrənmək üçün kimsə yasdan istifadə etmir. Heç yasa gedən mollaların özü də orada din təbliğ aparmır, daha çox ibarətamiz mövzularda danışırlar. 

Etiraf edək ki, savadlı din xadimləri bəzən yas mərasimlərində maraqlı söhbətlər edir. Amma bunu hamının etməsi mümkün deyil. Buna görə də, nəticə etibarı ilə yas məclislərində belə mənzərə yaranır. Yəni insanlar artıq “Yasa “ştatlı”, “attestasiyadan keçmiş" molla gətirim, başda oturub məclis aparsın” anlayışından xilas olmalıdır. Ailədə, yaxınlar arasında Quran oxumağı bacaran ağsaqqal və ya cavan, fərq etmir, varsa, bu iş onlara tapşırılmalıdır. O cümlədən “qadın molla” anlayışı da sonradan, xüsusən də son 20 ildə geniş yayılan bir "peşə"yə çevrilib. 

Əlbəttə, məclis gətirilən adamlara - qadın və ya kişi olsun - molla deyil, ən yaxşı halda “məclis aparan” demək olar.

Cavad Salmanlı

 

Yas məclisində qadın molla: "Bu anlayış zamanla meydana çıxıb”