Vyanada Novruz bayramı münasibətilə konsert təşkil edildi - Fotolar

Vyanada Novruz bayramı münasibətilə konsert təşkil edildi - Fotolar

Vyanada Novruz bayramı münasibətilə konsert təşkil edildi - Fotolar

Martın 11-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Polemika.az xəbər verir ki, tədbirdə Vyanada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək baharın müjdəçisi olan Novruz bayramı haqqında qonaqlara məlumat verib. O bildirib ki, koronavirus pandemiyası ötən iki ildə hamının həyatına ciddi təsir göstərib, hamı bu baharın bütün çətinliklərə son qoyacağına, dünyada firavanlıq və əmin-amanlıq bərqərar olacağına ümid bəsləyir. Sülh, əmin-amanlıq və sevgi bayramı olan Novruzda bütün incikliklər köhnə ildə qalır, küsülülər barışır, qohum və dostlar bir-birinə baş çəkir, insanlar əsl bayram əhval-ruhiyyəsində olurlar.

Qeyd edilib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus adət-ənənələrə malikdir və ölkəmizdə hər il böyük şövqlə bayram edilir. Elə bu səbəbdəndir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib. 2011-ci ildə isə ATƏT-in Vyanada yerləşən Baş Katibliyi Novruzu rəsmi bayramlar təqviminə daxil edib.

Tədbirdə Azərbaycan musiqiçiləri milli musiqi proqramı ilə çıxış ediblər. Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq Zəfəri və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilən “Şuşa İli“ ilə əlaqədar ifa edilən mahnılar Şuşa və Qarabağa həsr olunub. Xanəndələr Günay İmamverdiyeva, Babək Quliyev və Həzrət Əzizli Azərbaycan xalq mahnıları, muğam və təsniflərindən ibarət musiqi proqramı ilə çıxış ediblər, aşıq Samirə Əliyeva aşıq mahnıları səsləndirib. Onları Əməkdar artist Nərgiz Əliyeva (fortepiano), Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança) və Amil Mustafayev (nağara) müşayiət ediblər.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri tərəfindən ifa edilən Azərbaycan milli rəqsləri sürəkli alqışlarla qarşılanıb.

Konsertdən sonra qonaqlar ziyafətə dəvət edilib, onlara Azərbaycan şirniyyatlarından ibarət bayram hədiyyələri verilib.

Vyanada Novruz bayramı münasibətilə konsert təşkil edildi - Fotolar