TƏBİB rəsmisindən əhaliyə çağırış: “Həyəcana, təşvişə qapılıb özlərini...”

TƏBİB rəsmisindən əhaliyə çağırış: “Həyəcana, təşvişə qapılıb özlərini...”

TƏBİB rəsmisindən əhaliyə çağırış: “Həyəcana, təşvişə qapılıb özlərini...”

“Son günlər Omikron ştammının yüksək sürətlə yayılmasının müşahidə edirik. Lakin bu yalnız bizim ölkədə müşahidə edilmir. Son iki ayda dünya ölkələrində də virus təhlükəli hal alıb. Bu isə “Omikron” ştammının xüsusiyyətinə bağlıdır. Daha öncəki ştammlarla müqayisə etsək “Omikron” ştammının ən böyük özəlliyi insanları virusa sürətli yoluxdurmasıdır”.

Bu sözləri Polemika.az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva söyləyib. Həkimin sözlərinə görə “Omikron”a yoluxanlar xəstəliyi daha yüngül keçirir:

“Kütləvi yoluxmalar artır və insanlar arasında təşvişə, həyacana səbəb olur. Covid 19-un bugünkü gündə tam təsdiqini tapmış, beynəlxalq səhiyyə qurumları tərəfindən kütləvi istifadə üçün icazə verdiyi bir dərman yoxdur. Eyni zamanda “Omikron” ştammına yoluxanlar xəstəliyi digər ştammlara nisbətən zəif keçirirlər. Əhalinin böyük bir hissəsi də peyvəndlənib.

Bu məqamları nəzərə alaraq deyə bilərəm ki, panikaya ehtiyac yoxdur. Təbii ki, vaksinasiya prosesindən keçməyən, “Buster doza” nı vurdurmayan vətəndaşlar istisnadır. Bu gün vaksinlərin effektivliyi, qoruyuculuğu müzakirə mövzusu deyil. Bunu son bir ildəki müşahidələrimizdə də gördük. Vaksinasiyadan keçən şəxslər xəstəliyi daha yüngül formada keçirirlər. Vaksinlər insanları ağırlaşmadan, ölümdən kifayət qədər qorudu”.

TƏBİB həkimi əhaliyə çağırış edib: “Önə çıxan vacib məqamlardan biri xəstələrin həyəcana, təşvişə qapılıb özlərini ev şəraitində yanlış müalicə etmələridir. Bununla bağlı bir açıqlama vermək istəyirəm.

Səhiyyə qurumları, Səhiyyə nazirliyi, TƏBİB icbari tibbi sığorta agentliyi tərəfindən bir-neçə dəfə birgə məlumatlar paylaşıldı. Həmin məlumatlar mütəxəssislər tərəfindən hazırlanan tövsiyyələrdir. Xarici ölkədə, avropa ölkələrində ambulator müalicəyə cəlb olunmuş xəstələrdə də bu tövsiyələrdən istifadə olunur. Yəni virusun xüsusi bir müalicə üsulu yoxdur.

Xəstələr bol maye qəbul edib, simptomatik müalicələr edə bilərlər. Yüksək hərarət olduğu zaman qızdırma salıcı dərmanlardan, ağrı olarsa ağrıkəsici dərmanlardan istifadə edə bilərlər.

Ev şəraitində antibiotiklərin, vena daxili sistemlərin, hormonal dərmanların, antiviral dərmanların istifadəsi yol verilməzdir. Bunu unutmamalıyıq”.

N.Mustafayevə qoruyucu tədbirlərin gücləndirilməli olduğunu bildirib: “Biz bilirik “Omikron” ştammı ilə ikincili yoluxmalar da mümkündür. Daha öncə xəstəliyi keçirib sağalmış şəxslərdə ikinci yoluxmalara daha çox rast gəlinir. Bütün bunları nəzərə alaraq qoruyucu tədbirləri daha da gücləndirməli, kütləvi məkanlardan, tədbirlərdən uzaq olmalı, vaksinləri, “Buster doza”nı vaxtı-vaxtında qəbul etməliyik”.

Mehri QURBAN

TƏBİB rəsmisindən əhaliyə çağırış: “Həyəcana, təşvişə qapılıb özlərini...”