Tural Abbaslı dediyindən dönmür: “Zelenski kloundur"

Tural Abbaslı dediyindən dönmür:

Tural Abbaslı dediyindən dönmür: “Zelenski kloundur"

“O müsahibə müharibə başlamazdan 1 ay əvvəl götürülüb və orada Volodimir Zelinskinin siyasətçiliyindən söhbət gedirdi”.

Bu sözləri Polemika.az-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib.

O, Ukrayna prezidenti Volodimir Zelenski barəsində səsləndirdiyi fikirlərdən sonra sosial şəbəkələrdə ona qarşı olan təpkilərdən söz açıb.

Xatırladaq ki, AĞ Partiya sədri məlum telemüsahibədə bildirib: "Zelenskinin siyasətdən anlayışı yoxdur, getsin aktyorluğu ilə məşğul olsun".

Bu dəfə T. Abbaslı qeyd edib:

“Aktyorluq, klounluq Zelenskinin peşəsidir, sənətidir. Özü də bunu inkar etmir. İndi müharibə başlayıb deyə adam aktyortluqdan imtina etməyib ki? Peşəsi odur. Amma prezident seçilib, ölkə başçısıdır, son 1 həftədə şəxsi cəsarət nümayiş etdirir və Kiyev şəhərini tərk etmir, döyüşür, xalqının önündədir. İnsani keyfiyyətlər kimi, təbii ki, bu, üstün lider keyfiyyətləridir. Müharibədən sonra isə onun siyasi kimliyi barədə müzakirələr aparmaq olar.

Hər qəhrəman siyasətçi deyil. Məsələn, Hikmət Mirzəyev, Şuşa fatehimizdir. O siyasətçidirmi? Yaxud marşal Jukov. İkinci Dünya müharibəsinin qəhrəmanı. Məgər Jukov siyasətçi idi?”

Partiya sədri bu məsələnin şişirdilməsini partiyasına qaşrı təxribat kimi qiymətləndirib:

“Sadəcə olaraq 1 ay öncədən verilən müsahibənin tam Ukrayna xalqının mübarizə apardığı və liderininin məzlum bir vəziyyətdə olduğu zamanda yayılması, təbii ki, bizə qarşı tənqidləri çoxaltdı. İnsanlarda da belə bir rəy formalaşdı ki, əgər indi bu adam Zelenskini tənqid edirsə, deməli, Putini dəstəkləyir. Düşünmürəm ki, təsadüfidir. AĞ Partiyaya qarşı onsuz da hökumətdən daha çox özünə "müxalifət" deyən dairələr vuruşur. Başa düşüləndir. Çünki bir çoxları artıq siyasi mübarizədə ictimaiyyət arasında mövqelərini itirdiyini bilir. Ona görə də, kontektsdən çıxarmalar, vaxtı qeyd etməmə və s. gözlənilən idi. Olsun. İndi oldun dəyirmançı, çağır gəlsin qoç Koroğlu.

Hətta dünən “Müsavat TV”də dedim ki, Krım və Donbas ilhaq olunandan sonra Avropa səssiz qaldı deyə, Putinin iştahası artdı. Bu hissəni kəsib verirlər ki, Tural deyir, mən də Putinin yerinə olsam, Ukraynaya girərdim. O qədər bəsit variantlardan istifadə edirlər ki... Amma yenə deyirəm, yalan ayaq tutar, yeriməz”.

Siyasətçi vurğulayıb ki, müharibə başlayandan dərhal sonra partiyası Ukraynanın işğalı barəndə bəyanat yayımlayıb:

“Biz ilk gündən partiya olaraq mövqeyimizi bildirdik və bu günə qədər də eyni fikirdəyik. Partiyanın mövqeyini mən bildirirəm. İstər müsahibələrdə, istər verilişlərdə, istərsə də bəyanatlarda müstəqil Ukraynanın suverenliyini və ərazisini müdafiə etdiyimizi və Rusiyanın təcacüzkar hərəkətlərini pislədiyimizi qeyd etmişik.

Əgər bu gün Ukraynaya qarşı olan bu təcavüzə göz yumsaq, sabah Rusiya eyni tankıyla, topuyla Azərbaycana da gələcək, Bakını da tutacaq. Burada birmənalı olaraq Rusiya ümumi düşməndir və düşmənin başı nə qədər tez əzilsə, bir o qədər yaxşıdır. Amma bir məsələ də var ki, biz Ukraynanın 44 günlük müharibədə Azərbaycana verdiyi dəstək qədər də ona dəstək verməyin tərəfdarıyıq”.

Rafi MÜSLÜMOV

Tural Abbaslı dediyindən dönmür: “Zelenski kloundur"