“Rusiya mesaj verir ki, Qarabağda da məsələləri qarışdıra bilər” - MÜSAHİBƏ

“Rusiya mesaj verir ki, Qarabağda da məsələləri qarışdıra bilər”

“Rusiya mesaj verir ki, Qarabağda da məsələləri qarışdıra bilər” - MÜSAHİBƏ

Polemika.az son günlər Azərbaycan-Ermənistan sərhəddində baş verən təxribatlarla bağlı politoloq Oqtay Qasımovla müsahibəni təqdim edir:

- Oqtay bəy, son günlər Azərbaycan – Ermənistan sərhəddində, o cümlədən rus sülhməramlıların nəzarətində olan ərazilərdə separatçı rejimin təxribata əl atdığının şahidi oluruq. Sizcə, mütəmadi olaraq atəşkəs rejiminin pozulmasının  səbəbi nədir?

- Bunun  bir çox səbəbləri var. Əsas səbəb hesab edirəm ki, bölgədə yerləşən rus hərbçilərinin və ümumiyyətlə, Rusiya dövlətinin məsələyə münasibəti ilə bağlıdır. O baxımdan ki, Rusiya 10 noyabr anlaşmasına görə, Qarabağda 1960 rus hərbçisi yerləşdirməli idi. Konkret olaraq onlara lazım olan hərbi-texnika, avtomobil, nəqliyyat vasitələri olmalı idi. Ancaq sonrakı dövrdə gördük ki, Rusiya tərəfindən 10 noyabr anlaşmasının şərtlərindəki böyük ölçüdə bir çox maddələrinə əməl olunmur. Bundan başqa, rus hərbçiləri missiyaya uyğun olmayan davranışlar sərgiləyirlər. Humanitar yardım adı altında bölgədə  infrastruktur layihələri həyata keçirilir, o cümlədən əlavə canlı qüvvə cəlb edilir.

- Qeyd edək ki, rus sülhməramlıların ermənilərlə isti münasibətdə olması da diqqətdən yayınmır.

- Bəli. Qeyd edim ki, Rusiya sülhməramlıları orada digər təxribatçı hərəkətlərə də yol veriblər. Məsələn, rus dili günlərinin keçirilməsi, eyni zamanda guya Qarabağ ərazisində hansısa rus icmasının yaradılması ilə bağlı hərəkətlər diqqətdən yayınmır. O cümlədən Şuşa ətrafında erməni terrorçunun Rusiya hərbçiləri tərəfindən himayəyə alınması, onun Qarabağdakı separatçılara təhvil verilməsi kimi məsələlər və ümumiyyətlə, rus hərbçilərinin oradakı separatçılara rejim nümayəndələrinə kifayət qədər isti münasibətləri var. Əlbəttə ki, onların bu isti münasibətləri oradakı təxribatçıları həvəsləndirir.

- Son 20 günü götürsək, biz nəyin şahidi oluruq?

- Fevral ayının 22-də Azərbaycan və Rusiya arasında müttəfiqlik sazişi imzalanır, bu saziş imzalanandan dərhal sonra Rusiya Xarici İşlər Nazirliyinin saytında Türkmənçay müqaviləsinin ildönümü ilə bağlı verilən açıqlamada Naxçıvan və İrəvan xanlıqları Şərqi Ermənistan kimi təxribatçı adla göstərilir. Ondan sonra Rusiya Müdafiə Nazirliyi tərəfindən iki gün öncə yayılan məlumatda guya Qarabağdan Ukraynadakı Rusiya hərbiçilərinin işğalı altında olan ərazilərə 15 ton humanitar yardımı göstərməsi ilə bağlı açıqlaması verilir ki, bu da kifayət qədər təxribatçı açıqlamadır.

- Ötən gün Xarkovda Azərbaycan Konsulluğunun vurulmasını təxribatçı addım kimi dəyərləndirirsinizmi?

- Əslində, Xarkov şəhərində Azərbaycan Konsulluğunun hədəf alınaraq vurulması, hesab edirəm ki, Rusiyanın Azərbaycana təzyiqləridir. O baxımdan ki, yanvar ayında Azərbaycan və Ukrayna arasında sənədlər imzalandı. Azərbaycan Prezidentinin Ukraynaya rəsmi səfəri və orada müzakirə olunan məsələlər, verilən bəyanatlar, əlbəttə ki, Rusiya tərəfindən çox da xoşluqla qarşılanmır. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi ilə bağlı məsələlərdə Azərbaycanın prinsipal mövqeyi və Rusiyanın bugünkü rəsmi siyasətinə zidd olduğu üçün Rusiya tərəfindən müəyyən təzyiqlər və təxribatlar əslində bir mesajdır. Yəni, mesajlar verirlər ki, istəsələr Qarabağda da məsələləri qarışdıra bilərlər.

 - Sizcə, bütün bunlar nə ilə bağlıdır?

- Hesab edirəm ki, bu, hazırda Rusiyanın düşdüyü durumla bağlıdır. Çünki Rusiya artıq beynəlxalq aləmdə böyük ölçüdə izolya olunmuş vəziyyətdədir. Faktiki olaraq, bugünkü Rusiyanın durumu təxminən 1940-ci il Almaniyasının durumu ilə eynidir. Bu baxımdan, Rusiyanın başı hələki Ukraynada qarışıb. Sadəcə olaraq, Qarabağda və digər Ermənistan sərhədlərində belə təxribatçı vasitələrə əl atmaq Azərbaycana təzyiq vasitəsidir.

 - Yaxın günlərdə bu təxribatlar geniş toqquşmalara səbəb ola bilərmi?

- Hesab etmirəm ki, bu tip təxribatlar böyük ölçüdə hansısa irimiqyaslı toqquşmalara çevrilə bilər. Amma çevrilsə, bu, təxribatçının özünə daha sarsıdıcı zərbələr vurmaqla nəticələnəcək. Ən azı Azərbaycanın buna qadir olan həm ordusu, həm də cəmiyyətin istəkləri və ümumi iradəsi var. Digər tərəfdən, Şuşa Bəyannaməsi ilə bağlı bizim qardaş Türkiyə ilə müttəfiqlik əlaqələrimiz və iş birliyimiz var. Bu kimi amillər bölgədə yaxın zamanlarda irimiqyaslı hansısa bir hərəkətlərin, döyüş əməliyyatlarının olacağını istisna edir./Demokrat.az

“Rusiya mesaj verir ki, Qarabağda da məsələləri qarışdıra bilər” - MÜSAHİBƏ