Mehdiyevin istefasından sonra AMEA-da nə baş verəcək? - HÜQUQİ İZAH

Mehdiyevin istefasından sonra AMEA-da nə baş verəcək?

Mehdiyevin istefasından sonra AMEA-da nə baş verəcək? - HÜQUQİ İZAH

Bir neçə gün idi ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin istefaya çağırılması ölkə gündəmin əsas müzakirə mövzusu idi. Tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, müxalifət partiyalarının rəhbərləri, AMEA-nın üzvləri Ramiz Mehdiyevin istefası ilə bağlı çıxışlar edərək, onun təyinatından sonra elm ocağının fəaliyyətindən narazılıqlarını bildirirdilər. Müxtəlif fikirlər səsləndirilirdi ki, Rəyasət Heyəti yığışacaq, Ramiz Mehdiyevi vəzifəsindən azad edəcək. Bəziləri isə başqa versiyalar irəli sürürdülər. Bu gün Ramiz Mehdiyev AMEA-nın Rəyasət Heyətinin iclasında istefa qərarı verərək, rəhbərlikdən getdiyini açıqlayıb.

İndi hər kəsi düşündürən bir məqam var: Ramiz Mehdiyevin istefasından nə baş verəcək? AMEA-nın yeni prezidenti necə müəyyənləşdiriləcək və bu vəzifəyə namizədlər kimlərdir?

Məsələnin hüquqi tərəfini Modern.az-a izah edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə vurğulayıb ki, Ramiz Mehdiyev ictimaiyyətin istefa çağırışına riayət edərək, özü vəzifədən getməyə qərar verdi.

“Ramiz Mehdiyev məsələnin böyüməsinə məhəl qoymadan dirəniş göstərdi, haqqında yazanları təhqir etdi, sabitliyin pozulmasına maraqlı açıqlamaları ilə gündəmə gəldi. Sabiq AMEA prezidenti ölkədə olan siyasi sabitlik, dövlət və müxalifət partiyaları arasında konfiqurasiyanın inkişafına maneə törədən fikirləri ortaya qoyaraq, hətta parlamenti belə legitim olmamaqda ittiham etdi. Bu yolverilməzdir, AMEA prezidentinin dilindən bu cür fikirlərin səsləndirilməsi qəbuledilməz idi. Ona görə də cəmiyyət ayağa qalxaraq onun istefa verməsini tələb etdi. İstefa ən rahat yol olsa da, bu yolu seçməkdə gecikən Ramiz Mehdiyevə etimadsızlıq da göstərilə bilərdi və AMEA prezidenti vəzifədən getmək haqqında addım ataraq, özünü bundan müəyyən qədər xilas etdi.

AMEA 2014-cü il 11 dekabr tarixli təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərən qurumdur. Akademiyaya rəhbər şəxslər elə akademiyanın özünün üzvləri tərəfindən seçilir. Həmin nizamnamənin 7.9.3-cü maddəsində ümumi yığıncağın keçirilməsi,və Rəyasət Heyətində prezidentin seçilməsi məsələsinə toxunulur. Nizamnamənin 9.2-ci maddəsində akademiyanın prezidentinin 5 il müddətində ümumi yığıncaq vasitəsilə seçilməsi və sonra bu qərar uyğun olaraq təsdiq edilməsi üçün ölkə başçısına göndərilməsi nəzərdə tutulub”.

Çingiz Qənizadə qeyd edib ki, Ramiz Mehdiyev istefa verməsəydi, Rəyasət Heyəti ona etimadsızlıq göstərə bilərdi:

"AMEA rəhbəri ölkə başçısı tərəfindən təyin edilmir, daxili seçkidən sonra onun təyinatı haqqında qərar Prezidentə təqdim olunur və ölkə başçısı təsdiq edərsə, fəaliyyətinə başlayır. Ramiz Mehdiyev istefa verməsəydi, onun vəzifədən çıxarılması ümumi yığıncağın çağırılması və burada ona etimadsızlıq göstərilməsi ilə baş verə bilərdi. Hesab edirəm ki, Azərbaycan tarixində indiyə qədər hələ heç kim bu qədər ictimai qınaq obyektinə çevrilməmişdi”.

İstefa verməyin hər bir vəzifəli şəxsin müstəsna hüququ olduğunu xatırladan Çingiz Qənizadə bildirib ki, ilk olaraq Rəyasət Heyəti istefanı qəbul etməlidir:

“Yayılan məlumata görə, artıq Rəyasət Heyəti bunu qəbul edib. Bundan sonra dərhal ümumi yığıncaq çağırılmalı, AMEA rəhbərinin istefasına münasibət bildirilməlidir. Yeni namizədlərin müəyyənləşdirilməsi də məhz bu yığıncaqda qərara alınmalıdır. Yenidən AMEA prezidenti vəzifəsinə seçki keçirilməli və bunun nəticəsinə uyğun olaraq, sənədlər təsdiq edilməsi üçün ölkə başçısına göndərilməlidir. İndiki halda Rəyasət Heyəti istefa vermiş rəhbərin səlahiyyətlərinin kimə həvalə olunması barədə qərar qəbul edəcək”.

Mehdiyevin istefasından sonra AMEA-da nə baş verəcək? - HÜQUQİ İZAH