İşğaldan azad olunmuş həyətdən çıxan tut arağı...

İşğaldan azad olunmuş həyətdən çıxan tut arağı...

İşğaldan azad olunmuş həyətdən çıxan tut arağı...

- Qaz, əmioğlu, başua dönüm... Bir az sağ tərəfi qaz. Bizim tut ağacı elə buralarda olmalı idi, yadımdadır... 

O ağacın heç kötüyü də qalmamışdı. Amma arzu o qədər böyük idi ki...

29 ildən sonra ilk dəfə getmişdilər ata yurduna. Cəmi 5-6 ay bundan əvvəl vətən oğulları qanları bahasına bu torpaqları işğaldan azad etmişdi. Sözün əsl mənasında can qoymuşdular. İnanılmaz bir şücaət göstərərək 29 ildə düşmən tərəfindən çəkilən bütün sədləri aşmışdılar. Bu sədləri keçmək üçün onlarla qardaşlarımızın qanı tökülmüşdü. İndi bu yer qazıb “xəzinə” axtaran oğlanların doğulub böyüdükləri şəhərə, kəndə zəfər bayraqları asılmışdı. Bütün vətəndaşlar bayram edirdi. 

Savaşdan bir neçə ay sonra isə bu iki əmioğlu sərbəst girişin qadağan olunduğu torpaqlara gəlmişdilər. Onlar başqa əmioğluları “görmüş” və xərc çəkmişdilər bu səfər üçün. 

Bu zonaya gəlmək təhlükəli idi. Hər tərəf qan qardaşlarımız demişkən “sərsəri mayın”la dolu idi. Onlarla adam savaşdan sonra ata torpaqlarına “arxa yollarla” gəldiyi üçün bu axmaq minaların hədəfinə çevililmişdi. Bəziləri bunu öz həyatları bahasına ödəmişdi, bəziləri isə ömürlük şikəst olmuşdu.

Amma bu əmioğulları sağ-salamat gəlib öz ata yurdlarını tapmışdılar. 

Onları bura gətirən böyüdükləri, ayaqyalın gəzdikləri ata yurdlarını görmək, bu arzuya, bu həsrətə son qoymaq idi. Onlar 29 il bu torpaqlardan ayrı yaşamış və mənəvi olaraq bunun ağrı-acısını çəkmişdilər. Hər gecə yuxularında görmüşdülər bu yerləri. 

İndi bu xəyallarına çatmışdılar. Ata yurdlarında idilər. Bəlkə də onların ən əziz günləri idi. Bu, mənim düşüncələrim və hisslərimdir. Düşünürəm ki, bu, belə də olmalıdır. Həqiqətən də uşaqlılq altşürü 7-dən 77-yə kimi hər zaman şeytan çarxı kimi adamın xatirələrində dəyişmədən fırlanır. 

Əmioğlular isə bu duyğusallıqdan uzaq idilər. Onlar bura gələndə hərəsi bir ədəd sapı yarım metr olan “lapatka” götürmüşdü. Doğulduqları, boy atdıqları həyəti “şumlayırdılar”. İndi 40-45 yaşı olan bu “uşaqlar” öz həyətlərində “xəzinə” axtarırdılar. 

İkisinin də indiki kimi yadındadır: Birinin atası, o birinin əmisi öldüyü günə qədər deyirdi ki, qaçhaqçda rayondan çıxanda həyətdəki tut ağacının filan yerində 20 litr tut arağı bastırmışam. Əmioğlanları böyüdükdən, əlləri rumka tutandan bu günə qədər həmin 20 litr tut arağını bəlkə də 200 nəfərə söz vermişdilər ki, əgər torpaqlar alınsa, o arağı səninlə “vuracağam”. 

Arzular real oldu. Vaxt vədə yetişdi. Aradan 30 ilə yaxın vaxt keçdi və torpaqlar düşməndən azad olundu. Bu azadlığın ilk günlərindən əmioğlular həmin tut ağacının yerləşdiyi koordinatlara getmək üçün əl atmadıqları yol qalmadı. Təbii ki, arzu varsa, bunun üçün cəhd varsa, o, əvvəl-axır mütləq reallaşacaq. Bu əmioğulları da arzularına çatdılar. Artıq öz ata yurdlarındadırlar və həmin xəzinəni axtarırlar. 

Nəhayət onlardan birinin lapatkası xəfifcə cingilti çıxarır. “Tapdım, qaqa” deyib elə sevinir ki, sanki atasının müqəddəs vəsiyyətini yerinə yetirmişdi. 

Onlar şumladıqları həyətdən 10 il əvvəl doğulduğu topaqlarda dəfn olunmasını vəsiyyət edərək vəfat etmiş əziz adamlarının 29 il əvvəl bastıdığı “xəzinə”yə sahib olmuşdular. Nirvanada idilər. Hər biri 10 litrlik iki böyük balonu qazıb yerdən çıxardılar. Ən böyük arzularına çatmışdılar. İndiyə kimi söz verdikləri adamlar isə getsinlər öz işlərinə. “Bu bizim haqqımızdır” deyib həmin məhsulu son damlarına kimi içib həzz alacaqdılar. 

Bu düşüncələrlə əmioğlanları Qarabağdan geri qayıdırdı. Maşınlarında 20 litr, öz dilləri ilə desək, “ceyran südü” vardı...

Onlardan cəmi bir neçə yüz metr arxada daha bir avtomobil şütüyürdü. Bu avtomobildə sükut hökm sürürdü. Orada Birinci Qarabağ müharibəsində oğlu döyüşlərdə şəhid olmuş bir ana əyləşmişdi. O, 29 il sonra öz oğlunun məzarını ilk dəfə ziyarət edə bilmişdi. Bütün sevgisi, həsrəti və bu həyata qəzəbi ilə ovucunu sıxmışdı. Onun əlində oğlunun məzarından götürülmüş bir ovuc nəm torpaq var idi...

Elnur Məmmədli

İşğaldan azad olunmuş həyətdən çıxan tut arağı...