“Bəzən insanlar bilmədən bir-birinə güllə atır” - Ovçu Kamal

“Bəzən insanlar bilmədən bir-birinə güllə atır” - Ovçu Kamal

“Bəzən insanlar bilmədən bir-birinə güllə atır” - Ovçu Kamal

Azərbaycanda hər gün ən azı bir neçə nəfər qanunsuz ov etdiyinə görə saxlanılır. Polemika.az-a açıqlamasında “Çöl adamı” televerilişinin aparıcısı, ovçu Kamal Dəniz bunun səbəbini ovçuluq təsərrüfatlarındakı maarifləndirmə prosesinin zəifliyi ilə əlaqələndirib:

“Azərbaycanda hazırda ov mövsümü açıq elan olunub və səhv etmirəmsə, mövsüm ötən ilin oktyabrın 10-nu, ya da 15-dən açılıb. Əsasən, sentyabrdan açılır, amma ötən il bir az gec açılıb. Qanunsuz ova görə cəzalandırılmaya gəlincə, ən böyük səhv insanların maarifləndirilməməsidir. Bu, təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təqsiri deyil. İnsanlar silah alma icazəsini alandan sonra ovçuluq bileti də alırr. Ancaq ova getməmişdən öncə onlar bilməlidir ki, Azərbaycan ərazisində neçə ovçuluq təsərrüfatı var, hansı heyvanı, yaxud quşu vurmaq olar, hansını olmaz. 

İkincisi, ov yeri yaşayış məntəqəsindən 1 km yarım aralıda həyata keçirilməlidir. Qoruqlarda, Milli Parklarda ov qəti qadağandır. Bu, qayda və qadağalar ETSN-in saytında da var. İnsanlar o sayta girməli və orada bütün ovçuluq təsərrüfatlarının siyahısına baxmalıdır”.

Kamal Dənizin sözlərinə görə, qanunsuzluq silah satılan yerlərdən başlayır:

“Çünki hər bir silah satılan mağazada Azərbaycanda mövcud olan ovçuluq təsərrüfatlarının siyahısı olmalıdır. Silah satışı zamanı da maarifləndirmə aparılmalıdır. Silahı alanın evində seyf olmalıdır. Yəni uşaqdan və digər ailə üzvlərinin kənar müdaxiləsindən uzaq bir yerdə. Həmin seyfə sahə polisi baxış keçirməlidir. Ondan sonra arayış verir ki, bəli, bu adam silah ala bilər. Qanun belə tələb edir. 

Daha sonra silah ovçuluq bileti ilə silah mağazasına getməlidir. Ovçuluq mağazaları da silahı yoxlayıb verməlidirlər. Çünki bəzən silah atəş açmır. 

Silah elə bir şeydir ki, onu etibarnamə formasında başqasına vermək olmaz. Hətta ETSN işçisi silahı ovçunun əlindən almamalıdır. Ovçu idarəyə dəvət olunmalı, əgər qanunsuz ov edibsə, ona cərimə tətbiq olunmalıdır”.

K.Dəniz əlavə edib:

“İnsanların ovçuluq biliyi yoxlanılmır. Hər uçan quşa, qaçan heyvana güllə atmaq olmaz. Əgər bilmirsənsə, ova peşəkar bir ovçuyla get. Heç bir ovçuluq təsərrüfatında bu yoxdur”. 

“Gecə ov etmə ümumiyyətlə, qadağandır. Bəzən insanlar bilmədən bir-birinə güllə atır”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

 

“Bəzən insanlar bilmədən bir-birinə güllə atır” - Ovçu Kamal