Bu gün o tarixdir: Müharibə başlayır?

Bu gün o tarixdir: Müharibə başlayır?

Bu gün o tarixdir: Müharibə başlayır?

Rusiya prezidenti Vladimir Putinin Almaniya kansleri Olaf Şolts ilə keçirdiyi görüşün Fransa prezidenti Emmanuel Makronla keçirdiyi görüşdən demək olar ki, heç bir fərqi olmadı. Putin burada da "uzun masa fetişi"ndən istifadə etdi. Kreml isə, yenə də analoji bəyanatla çıxış edərək, bunun sosial məsafə qaydalarına riayət edilməsi üçün tətbiq olunduğunu bildirdi.

Elə bu zəmində onu da qeyd etmək lazımdır ki, bu gün, hər kəsin gözlədiyi o tarixdir: Rusiya-Ukrayna müharibəsinin başlayacağı və bütün Qərb mətbuatının israrla iddia etdiyi həmin tarix - 16 fevral.

Böyük Britaniyanın "Reuters" agentliyi isə, artıq 14 saatdan çoxdur Kiyevin Azadlıq Meydanından (Maydan) canlı yayım açıb. Sanki Qərb gözləyir ki, ruslar Kiyevə ballistik raket atsın. 

Hər nə isə, qayıdaq Putinə və onun uzun masa simpatiyasına. Burada bir sıra siyasi fikirlər də hökm sürür. Kimisi rəsmi Kremlin "sosial məsafə" iddialarına inanır, kimisi isə bunu Rusiya və Avropa arasında NATO-nun Şərqə genişlənməsi və Ukrayna böhranı nəticəsində yaranmış dərin məsafə kimi qiymətləndirir. Həqiqətləri isə, ancaq siyasilər bilir.

Son 2 həftə ərzində avropalı siyasilərin çoxu Putini yola gətirmək üçün Moskva ilə var-gəl etməkdədirlər. Amma bu var gəllər demək olar ki, nəticəsiz qalıb. Sevindirici bir hal isə budur ki, Rusiya Belarusdakı hərbi kontingentlərinin bir hissəsini bazalarına geri qaytarmağa başlayıb. Lakin Qərbdə bunu Rusiyanın "yumşalması" kimi qiymətləndirənlərlə yanaşı, bu prosesi Rusiyanın gözbağlayıcı oyunu kimi şərh edənlər də az deyil.

Reallıq isə budur ki, son 2 həftə ərzində nə Böyük Britaniyanın XİN rəhbəri Liz Tras, nə bu ölkənin Müdafiə naziri Ben Uolles, nə Fransa prezidenti Emmanuel Makron, nə də Almaniya kansleri Olaf Şolts Putini fikrindən daşındıra bilmədi. Əksinə dünən Rusiya KİV-nin verdiyi məlumata görə, Rusiya Duması Vladimir Putinə qondarma Luqansk və Donetsk “xalq respublikaları”nı tanıması üçün qanun layihəsi göndərib.

Hadisələrin cərəyan etdiyi bu vaxtda Ukrayna ordusu da ehtiyatı əldən verməyərək Donbass istiqamətindəki qoşunlarını döyüş vəziyyətinə gətirib. İndi gözlər Ukraynaya zillənib. Bu gün müharibə başlayacaqmı?

Gün hələ indi başlayıb...

Rafi MÜSLÜMOV

 

Bu gün o tarixdir: Müharibə başlayır?