"Bir gündə 5 nəfər ölsə, kim cavab verəcək?!"

"Bir gündə 5 nəfər ölsə, kim cavab verəcək?!"

"Bir gündə 5 nəfər ölsə, kim cavab verəcək?!"

İşğaldan azad edilmiş ərazilərə bu günə kimi 602 nəfər qanunsuz səfər edib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Vətən müharibəsi başa çatandan sonra işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən həmin şəxslər barədə müvafiq tədbirlər görülüb.

Onlardan 175 nəfər barəsində inzibati həbs, 345 nəfərinə isə cərimə tətbiq edilib, digərlərinə isə məhkəmələr tərəfindən xəbərdarlıq olunub.

Milli Məclisin deputatı Fazil Mustafa Polemika.az-a açıqlamasında deyib ki, bu, zarafat məsələsi deyil, Qarabağa gedən yolları kefdən bağlamayıblar:

“Ora gedən istənilən şəxs minaya düşüb ölə bilər. Bu hər kəsin başına gələ bilər. Kimsə öləndə də deyirik ki, niyə baxmadınız, niyə məsuliyyətsizlik elədiniz? 

Qarabağa gedişə kefindən məhdudiyyət qoyulmayıb. İnsanlar müstəqil gedəndə yoldan çıxıb, dağıdılmış hər hansı bir əraziyə, tikiliyə baxmağa gedirlər. Minaya düşənsə məsuliyyəti kim daşıyacaq? Müvafiq qurumlar bəs nə etsinlərƏ Cərimə də tətbiq etməsinlər? Adamı döymürlər, öldürmürlər. Adama deyirlər ki, qaydalara uyğun hərəkət et. Vəssəlam”.

Deputatın sözlərinə görə, təhlükəsizlik hər şeydən öncədir:

“Xudafərinə çəkilişə gedirdik. Yolda 5 saat gözləməli olduq. Çünki orada mina partladırdılar. İndi biz onlara məcbur etməliydik ki, gedək, cəhənnəmə mina partladırlar? Elə şeylər var ki, ona ciddi yanaşılmalıdır. Bu zarafat məsələsi deyil.

Karantin qaydaları ilə bağlı hər hansı bir cərimələri ləğv etmək olar. Çünki ölüm-itim yoxdur. Amma bu məsələdə yox. Başa düşmək olar, kimsə evini görmək istəyir. Bu, bir duyğudur. Amma təhlükəsizlik hər şeydən öncədir. İki jurnalistimiz Kəlbəcərdə şəhid oldu. Təhlükəsizliyi təmin etməsək, nələr baş verər. Ona görə də bu məsələlərə ciddi yanaşılmalıdır. Yoxsa, faciələr baş verər”.

F.Mustafa qeyd edib ki, bu məsələdə yumşaq davranılmasının tərəfdarı deyil:

“Cəriməni dayandırmaq olmaz. Daxili İşlər Nazirliyinin də bu işdə əziyyətini başa düşmək lazımdır. Onlar kefdən orada post qurmayıblar. Başa düşməliyik. Əsas torpağın azad olunması idi. Oldu. Bir gün tez, bir gün gec olacaq, amma ora gediləcək.

Cərimə ləğv olunsa, axın başlayacaq. Axın başlasa və bir gündə 5 nəfər ölsə, nə baş verəcək? Füzulidə bir ailə məhv oldu. Vaxtında xəbərdarlıq olsaydı, özbaşınalıq olmasaydı bu hal baş verməzdi. Ona görə də məhdudiyyətləri sərtləşdirmək lazımdır. Ərazi təmizlənəndən sonra nə qədər istəyir getsinlər. İndiki vəziyyətdə bu real deyil.

Güzəştli, boş yanaşmaq olmaz. Hüquq mühafizə orqanlarının addımları anlaşılandır. Əslində vətəndaşın qarşılaşacağı sıxıntının məsuliyyətindən qurtarmaq üçün bu kimi məhdudlaşdırıcı addımlara əl atırlar”.

Nəzrin Vahid  

"Bir gündə 5 nəfər ölsə, kim cavab verəcək?!"