Başqaları üçün yaşamaq dərdi

Başqaları üçün yaşamaq dərdi

Başqaları üçün yaşamaq dərdi

Əminəm ki, bir gün hamımız öləcəyik. Bu sətirləri oxuyanların hər birinin bunu bildiyini adım kimi bilirəm. 

Bu həyata vida edərkən geri baxdıqda nə düşünəcəyik? Doya-doya yaşaya bilmədiniz bu həyatı, elə deyilmi? Boş yaşadığınız günlər üçün hansı hissləri keçirəcəksiniz o son dəqiqələrdə? “Kaş ki” ilə başlayan nida cümlələrinin sizə hər hansı faydası olmayacaq, düzdürmü? Heç mənə də faydası olmayacaq. Başqaları üçün yelə verdiyiniz zamanı geri qaytarmaq mümkün olsaydı, nəyisə fərqli edərdinizmi? 

Əgər bu suallara cavabınız müsbətdirsə, sizə yaxşı xəbərim var. Bu yazını oxumaqda davam edirsinizsə, deməli, hələ son dəqiqələriniz deyil. Hər şey çox asandır: Başqaları üçün yaşamağı dayandırın...

Qısa müddət əvvəl bir yaxın dost psixoloq axtarırdı. Məndən soruşdu. Tanıdığım və həm də dostum olan əla bir psixoloqu nişan verdim. Qəbuluna düşmək üçün zəng etdim. Cavab verdi ki, onun qəbulu tam 10 gün  doludur. Yalnız 11-ci günə siyahıda boş yer var. 

Bu gün Azərbaycanda bəlkə də psixoloqlar qədər qrafiki sıx olan ikinci peşə sahibləri yoxdur. Çünki toplum olaraq kütləvi şəkildə psixopatlığa yoluxuruq. Bizi bu bəlaya yoluxduran səbəblərin də heç biri özümüzlə bağlı deyil. Başqaları kimi olmaq, başqalarından daha üstün görünmək, bəhsəbəhs, at yarışı, eşşək döyüşü, kin, nifrət və daha nələr... Başqasının haqqımızda dediyi orta çəkili neqativ bir sözü günlərlə nədir, hətta aylarla beynimizdə fırladırıq, ondan qisas almaq üçün ağılagəlməz planlar qururuq. Bununla da fərqinə varmadan özümüzün deyil başqasının həyatını yaşayırıq. Zaman isə su kimi axıb gedir.

Adamlar tanıyıram ətrafındakıların övladları ali məktəb oxuduğu üçün o, övladının başına açmadığı oyun qalmayıb. Övladının həyat fəlsəfəsi, planları, arzuları tamam fərqlidir. O valideyinin onun üçün düşündüyü həyatdan daha fərqli bir həyat arzulayır. Amma ana ömrünü rəfiqələri ilə at yarışına çıxarıb və övladını da buna alət edib. Nəticə nə olacaq sizcə? Çox düşünməyin, deyim. O övlad ya 3-4 il dözüb həmin ali məktəbi bitirəcək, ya da yarımçıq dayandıracaq təhsilini. Yaxşı bəs ali məktəbi bitirsə, nə baş verəcək? Ya 4 ilinin üstündən xətt çəkib öz arzusunun dalınca gedəcək, ya da valideyninin öz narsist eqosunun qurbanı olaraq bütün həyatı boyu sevmədiyi bir işlə məşğul olacaq.

Və yaxud ailələr var, it-pişik kimi dolanırlar. Elə bir gün yoxdur ki, evdə söyüş-dava olmasın. Amma boşanmırlar. “Qonşu, qohum nə deyər” yanaşması ilə bu zıkkıma dönmüş həyatlarını davam etdirirlər. 

Kimsə sizi incidirsə, badalaq gəlməyə çalışırsa, zamanınızn itirilməsinə səbəb olursa, bu tələyə düşməməyin yolu çox sadədir. Sadəcə başını buraxın. Delet edin. Unitazın suyunu buraxırmış kimi...

Seçim hər zaman var. Amma həyatın sonunda bu seçim yoxdur. “Bir gün düzələcək” yanaşmasından heç zaman əmin olmayın. Nədənsə əmin olmaq insanı kar və kor edir. Birinci cümlədə yazdığım kimi: hamınız öləcəksiniz. Heç olmasa, diriykən ölü olmayın...

Elnur MƏMMƏDLİ

Başqaları üçün yaşamaq dərdi