Bakıda narkoman avtobus sürücüləri - Nəqliyyat şirkətlərinin aqibəti necə olmalıdır?

Bakıda narkoman avtobus sürücüləri

Bakıda narkoman avtobus sürücüləri - Nəqliyyat şirkətlərinin aqibəti necə olmalıdır?

Bu gün 3 avtobusun sürücüsünün narkotik vasitələrin təsiri altında idarə etdiyi aşkarlanıb. Polemika.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, bu hadisə şirkətlərin öz sürücülərinə tam nəzarət etmədiyini göstərir:

“Çox təəssüf doğuran bir haldır və bu hadisədən ciddi nəticə çıxarılmalıdır. Sürücülərin tibbi müayinə məsələsi öz əksini tapmalıdır. Azərbaycanda hələ də sürücülərin tibbi müayinəsi açıq qalmış məsələdir. Sürücülərin böyük hissəsi formal olaraq tibbi müayinədən keçir. Bəziləri heç həkim üzü də görmür. Əslində, sürücü qarajdan çıxmamış tibbi müayinədən keçməlidir”.

Ekspertin sözlərinə görə, reysə narkotik vasitə təsiri ilə çıxan sürücülər sərt cəzalandırılmalıdır:

“Adam narkotik aludəçisidir. Aludəçilik isə davamlı xəstəlikdir. Belələrinə həbs cəzası verilməlidir. Çünki başqalarının həyatını riskə atır. Biri var, narkotik istifadə edib öz maşınını sürə, bir də var, narkotik maddənin təsiri altında 50-60 nəfərin həyatını təhlükəyə ata. Sürücülük hüququ da alına bilər. İctimai nəqliyyatdakı kateqoriyası geri qayıtmamalıdır”.

E.Muradlı qeyd edib ki, bu problemin qarşısı alınmasa gec-tez faciə ilə nəticələnə bilər:

“Qanunvericilikdə boşluqlar var, nəzarət mexanizmi də zəifdir. Sürücüyə lazımi nəzarət olmadığından şirkətin rəhbərinə cinayət işi açılmalıdır. Hətta şirkətin lisenziyası ləğv olunmalıdır. Çünki sabaha çox gec ola bilər”.

Nəzrin Vahid

Bakıda narkoman avtobus sürücüləri - Nəqliyyat şirkətlərinin aqibəti necə olmalıdır?