Azərbaycanda çörəyin qiyməti qalxacaq? - "Rusiya taxıl verməsə..."

Azərbaycanda çörəyin qiyməti qalxacaq?

Azərbaycanda çörəyin qiyməti qalxacaq? - "Rusiya taxıl verməsə..."

"Azərbaycanın taxılın 90 faizini Rusiyadan idxal edir".

Bunu Polemika.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

O, Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə Rusiya hökumətinin tərtib etdiyi siyahını şərh edib.

Xatırladaq ki, 2022-ci ilin sonuna qədər Rusiya Federasiyasından 200 adda xammal və hazır məhsulun ixracı qadağan olunub.

Rəşad Həsənovun sözlərinə görə, 2021-ci ildə Azərbaycana idxal olunan taxılın 98 faiz Rusiyadan gətirilib.

O əlavə edib:

"Hər 100 kiloqram buğdanın 98 kq-nı Rusiyadan almışıq. Bu o deməkdir ki, Rusiya böhran fonunda taxılın ixracına kvota tətbiq edə bilər. Bununla yanaşı, digər sahələrdə olan itkilərinin bir qismini kompensasiya etməklə, ixrac rüsumlarını kəskin şəkildə artıracaq.

Bu iki istiqamətdə təzyiqlər gözləniləndir. Ukrayna və Rusiya birlikdə dünyada hər 100 kq buğdadan 25 kq-nı istehsal edən və dünya bazarına çıxaran ölkələrdir. Ayrılıqda Ukrayna 7 faiz paya malikdir”.

Ekspertin sözlərinə görə, proses bir ay davam etsə, çox ciddi problemlərə yol açacaq:

“Ukraynada artıq iqtisadi mühit pozulub, fəaliyyət imkanları məhdudlaşıb. Rusiyanın özünün isə planlaşdırma aparması çox çətindir. İqtisadiyyat və təssərrüfatçılıq davamlı olaraq investisiya tələb edir. Texniki təminat da yoxdur, sanksiyalar təsirini göstərir.

Rusiya qapanmaya, Şimali Koreyaya bənzər bir modelə keçsə, o zaman ehtiyatlarını artırmaq istəyəcək. İxrac kəskin şəkildə məhdudlaşdırıla bilər. İndiki halda dövlətlər "dost" və "qeyri-dost"a bölünüb, onlara əlavə rüsum, kvota məhdudiyyətləri tətbiq edilə bilər”.

R. Həsənov qeyd edib ki, son 16 gündə taxılın qiyməti 45 faiz artıb:

“Azərbaycanda qiymət artımı istiqamətində təzyiq formalaşıb. İstehsalçı məcburiyyət qarşısında qiyməti artırmalıdır. Ölkədə əhalinin vəziyyəti yaxşı deyil. Sürətli bahalaşma gedir. Yoxsullaşma təzyiqi artıb. Bu fonda hökumət çalışmalıdır ki, 2022-ci ildə qiymət artımlarından yaranmış vəziyyəti kompensasiya etsin, bahalaşmanı qismən neytralaşdırsın”.

Nəzrin Vahid 

Azərbaycanda çörəyin qiyməti qalxacaq? - "Rusiya taxıl verməsə..."