Azərbaycan Zəngəzur dəhlizinin əvəzində nə təklif edə bilər?

Azərbaycan Zəngəzur dəhlizinin əvəzində nə təklif edə bilər?

Azərbaycan Zəngəzur dəhlizinin əvəzində nə təklif edə bilər?

Ermənistan və Azərbaycan arasında başlanan sərhəd problemi yeni, Qarabağ müharibəsindən fərqli bir müharibə alovlandıra bilər.

Bunu AzadlıqRadiosuna müsahibəsində beynəlxalq Carnegie Araşdırmalar Fondunun Moskva ofisinin əməkdaşı, Kommersant qəzetinin yazarı Kirill Krivoşeyev deyir:

“Bu münaqişəni Qarabağ yox, Azərbaycan-Ermənistan konflikti adlandırmaq daha doğrudur. Çünki Dağlıq Qarabağ münaqişəsi demək olar ki, həll olunub. Amma indiki problemin miqyası daha böyükdür. İki müstəqil dövlət arasında gərginlik və müharibə ehtimalı var. Heç kim son 30 ildə bu bölgə ilə maraqlanmayıb və heç kim sərhəd problemini yada salmayıb”.

Kirill Krivoşeyev bildirir ki, Azərbaycan və Ermənistan arasında durumu gərginləşdirən iki ölkə liderlərinin Zəngəzur dəhlizi ilə bağlı razılığa gələ bilməməsidir. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev demişdi ki, əgər Ermənistan bu koridora razlıq verməsə, gücdən istifadə edəcək.

Kirill Krivoşeyev deyir ki, son bir ildə Ermənistanı razı salmaq mümkün olmayıb və indi Azərbaycan tərəfi Ermənistana təzyiq edir. Bəs Zəngəzurla bağlı Rusiyanın mövqeyi necədir? Bu suala cavabında Kiril Krivoşeyev deyir:

“Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, bütün kommunikasiya xətləri ölkələrin ərazi bütövlüyünə hörmət edilərək çəkilməlidir. Bu o deməkdir ki, Rusiya Zəngəzur koridorunun ekstraterritorial olmasının əleyhinədir və istəyir ki, bu yoldan ermənilər də istifadə edə bilsinlər. Amma bu çox mürəkkəb ssenaridir - burda təhlükəsizlik, logistika, gömrük və sair məsələlər var. Bəli, bu məqamda Rusiya Ermənistanı dəstəkləyir, amma bu o demək deyil ki, məsələ bağlanıb. Azərbaycan bu məsələdə təzyiqlərini davam etdirir və Bakı istəyini reallaşdırmağa çalışır”.

Ermənistan tərəfi iddia edir ki, Azərbaycan Naxçıvana kommunikasiya xəttinin Ermənistanın heç bir nəzarəti olmadan reallaşdırmaq istəyir, bu isə ölkənin ərazi bütövlüyü üçün təhlükədir. Azərbaycam tərəfi isə bu barədə iddiaya detallı aydınlıq gətirməyib.

Bununla belə, Kirill Krivoşeyev hesab edir ki, Bakı, Ankara və Moskva arasında münasibətlər sövdələşmələr üzərində qurulub. Yəni, tərəflərin bir-birinə təkliflərindən asılı olaraq Rusiyanın baxışı dəyişə bilər:

“Heç kim bilmir ki, Azərbaycan Zəngəzurun əvəzində nə təklif edə bilər. Məncə, Qarabağdakı Rusiya sülhməramlılarının missiyasını uzatmaq məsələsi sual altındadır. Düşünürəm ki, tərəflər arasında bu məsələ də sövdələşmə predmeti ola bilər. Çünki bilirsiniz ki, Ermənistan tərəfi missiyanın müddətinin uzadılmasını istəyir. Azərbaycan tərəfi isə deyir ki, missiya daimi deyil. İndi Rusiya tərəfləri razılığa gətirməyə çalışır. Amma əgər tərəflər özləri üzbəüz danışmağı öyrənməsələr, onda Rusiya faktoru heç vaxt ortadan qalxmayacaq və münaqişə də heç vaxt bitməyəcək”.

Hər dəfə gərginlik artanda Ermənistan Rusiyaya yardım üçün müraciət edir. Ermənistan rəsmiləri bu dəfə də yardım üçün Kremlə üz tutublar. Kirill Krivoşeyev isə deyir ki, Rusiyanın Azərbaycana qarşı olacağını və Ermənistana kömək edəcəyini düşünmür:

“Amma Rusiyanın sərhəddə yaxın Syunik regionunda iki hərbi zastavası və sərhədçiləri var. Bu, sirr deyil. Beləliklə, Rusiya bu məsələyə daha çox diqqət yetirə bilər. Ən yaxşı variant isə delimitasiya başa çatana qədər hərbisizləşdirilmiş zona yaratmaq olardı. Amma bu da real görünmür, çünki çox radikal addım olardı. O ki qaldı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana yardımına, bu da texniki olaraq real görünmür. Belə ki, Ermənistanın iddia etdiyi kimi Azərbaycanın bu ölkənin ərazisinə daxil olması faktını sübut etmək mümkün deyil, çünki sərhədlər hələ ki, müəyyənləşməyib. Üstəlik, qurumun proseduru çox büroktarikdir. Qurumun iki üzvü - Tacikistan və Qırğızıstan bir-bir ilə müharibə ediblər, bu təşkilat haqqında nə demək olar? Təəssüf ki, bu qurum heç vaxt effektiv olmayıb”.

Son bir həftədir ki, Ermənistan və Azərbaycan arasında gərginlik artıb, rəsmi məlumata görə, tərəflər noyabrın 16-da artileriya silahlarından istifadə edib, hər iki tərəf itki verib. Bu, keçənilki 10 noyabr bəyanatından sonra ən irimiqyaslı qarşıdurmadır.

Azərbaycan Zəngəzur dəhlizinin əvəzində nə təklif edə bilər?