Atamın atasının atası ilə onun anasının... - Əflatun Amaşov yazır

Atamın atasının atası ilə onun anasının...

Atamın atasının atası ilə onun anasının... - Əflatun Amaşov yazır

Atamın atasının atası ilə ...anasının atasının babası əmioğlu imişlər

Əziz dostlar, bir neçə gün əvvəl müxtəlif saytlarda “Əflatun Amaşovun bacısı oğlu həbs edildi” sərlövhəsinə rast gəldim. Sayları təxminən 25 olardı. Hamısında da mənim şəklim. Düzü, mənzərə maraqlı gəldi. Saytlardan yalnız biri (peşə etikasına sayğı göstərdiyinə görə sağ olsun) mənə zəng edib fikrimi öyrəndi. O da necə? Cavabımdan belə çıxdı ki, guya mən hadisəni inkar edirəm. Hərçənd nəyi inkar etdiyim də bilinmir. 

Bir anlıq qohumlarım barədə düşündüm. Maşallah sayları kifayət qədər çoxdur. Gürcüstanı, Azərbaycanı demirəm, yalnız Türkiyədə 300-dən çox ailə yaxın qohumumdur və ölkənin hər yerinə səpələniblər. Ümumən Türkiyənin ictimai, mədəni, iqtisadi həyatını zənginləşdirən qohumlarım saysızdır. Bir xırda arayış da verim ki, vaxtilə mövcud olmuş Qərbi Almaniyadakı populyar rok qruplarından birinin yaradıcıları sırasında əmim oğlu da var idi. Digər əmim oğlu hazırda ABŞ-ın Klivlend şəhərindəki populyar iki xəstəxananın birində çalışır. Yarım əsrə yaxındır ki, əmim qızı Almaniyada tanınmış  tibb müəssisəsini yaradıb. Hələ Rusiyadakıları demirəm. İçərilərində cızığından çıxanların ola biləcəyini də istisna etmirəm.  İndi keçək həbs olunan həmin şəxsə. Allah qapısını açsın. Atasının, anasının üzüntüsü qısa olsun. Onunla həqiqətən uzaq qohumluq əlaqəm var. Deməli, atamın atasının atası ilə onun anasının atasının babası əmioğlu imişlər. Məncə, şərhə ehtiyac yoxdur. Ancaq məsələnin məni narahat edən cəhətindən yazmaq istərdim.

Medianın cəmiyyətdə bu və ya digər şəkildə tanınmış kiməsə fokuslanmaq əzmini anlayışla qəbul edirəm. Zənnimcə, cəmiyyətdə az-çox tanınıram. Hərçənd heç bir qohumumun, lap elə bacım oğlunun əməlinə məsuliyyət daşıya bilmərəm. Əlbəttə, məsələdə mənimlə necəsə bağlılıq yoxdursa. Amma hər bir halda media marağının da tam həqiqəti üzə çıxarmağa köklənməli olduğu düşüncəsindəyəm. Güman edirəm, məni tapmaq, məsələni dəqiqləşdirmək çətin olmazdı. 

Nə isə, bu qeydimi heç kəs inciklik kimi başa düşməsin. Nə də kimisə ittiham etmək niyyətindəyəm. Onsuz da gerçəklik var. Tövsiyəm budur ki, yazanda, hansısa fikri işlədəndə bir balaca düşünək. Həm də ona görə ki, gerçəkliyi və reallığı yazmaq jurnalistə daha çox zövq verir. Niyə bu ləzzətdən imtina edək?

Əflatun Amaşov

Azərbaycan Mətbuat Şurasının sədri 

Atamın atasının atası ilə onun anasının... - Əflatun Amaşov yazır