"Arayikin taleyi o qədər də vacib məsələ deyil” - Tofiq Zülfüqarov

"Arayikin taleyi o qədər də vacib məsələ deyil”

"Arayikin taleyi o qədər də vacib məsələ deyil” - Tofiq Zülfüqarov

“Arayik Arutyunyanın həbsi nə vaxt təmin olunacaq, - indiki mərhələdə bunu dəqiq söyləmək çətindir”.

Bu sözləri Polemika.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O, Baş Prokukorluğun bugünkü brifinqində A. Arutyunyanın həbsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xatırladaq ki, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov qeyd edib ki, separatçı rejimin “rəhbəri” Arayik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək.

T. Zülfüqarov isə məsələyə fərqli yöndən yanaşır:

“Arayikdən başqa orada separatçı qurumun fəaliyyətini təmin edən insanlar çoxdur. Bu baxımdan, hansısa praktiki addımlar olmalıdır ki, yekun məqsədə nail olaq və tam şəkildə orada təşəbbüsü ələ alaq. Yəni bu işlərlə məşğul olan qurumlar var ki, onlar vəziyyəti içəridən daha yaxşı bilir və hansı addımı nə vaxt atmaq lazımdır, təbii ki, bunu çox yaxşı anlayır.

Biz yerimizdə otura-otura deyə bilmərik ki, filankəsi tutub məhkəmə qarşısına çıxarmalıyıq. Söhbət ondan gedir ki, hazırda Qarabağda çox mürəkkəb reinteqrasiya prosesi gedir.

Sülhməramlılara gəlincə, inanmıram ki, onlar bu məsələdə Azərbaycana yardımçı olacaq. Çünki onlar Arayik kimi insanları özlərinə tabe adamlar kimi qəbul edirlər.

Ümumiyyətlə, Rusiyanın Qarabağdakı siyasəti ondan ibarətdir ki, bu münaqişənin hansısa şəkildə qalması təmin olunsun və münaqişə vasitəsilə Azərbaycanı, eləcə də Ermənistanı idarə etsin. Amma hiss olunur ki, bu, tam şəkildə alınmır. Çünki hazırda Qarabağdan kənara güclü köç axını baş verir. Bunun nəticəsində münaqişəni davam etdirmə üsulları və imkanları azalır.

Hansısa müddətdən sonra əsas münaqişə zonası sərhəddə olacaq və Rusiya Qarabağdakı vəziyyəti idarə edərkən, həmin idarəetmə üsulunu sərhəddə davam etdirəcək”.

Siyasətçi düşünür ki, hazırda özümüzü aldatmamalıyıq:

“Hər bir addım indiki şəraitdə sülhməramlılarla razılaşdırma əsasında baş verə bilər. Azərbaycan daha çox strateji təmkinlik nümayiş etdirir. Yəni imkan verir ki, Qarabağdan kənara ermənilərin axını davam etsin. İmkan verilməməlidir ki, bu vəziyyəti dəyişsin.

Firkimcə, Arayikin və digərlərinin həbsi, onların məsuliyyətə cəlb olunması və s. ümumi proseslərə bağlı olmalıdır. Yəni Qarabağ problemi fonunda Arayikin taleyi o qədər də vacib məsələ deyil”, - deyə T. Zülfüqarov yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

"Arayikin taleyi o qədər də vacib məsələ deyil” - Tofiq Zülfüqarov