Rusiya XİN-dən əcaib açıqlama… - Lavrovun idarəsi bizə hansı mesajı verir?

Rusiya XİN-dən əcaib açıqlama… - Lavrovun idarəsi bizə hansı mesajı verir?

Rusiya XİN-dən əcaib açıqlama… - Lavrovun idarəsi bizə hansı mesajı verir?

Rusiya Xarici İşlər Nazirliyi Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli (Rusiya bu tarixi 9 noyabr kimi qeyd edir) Bəyanatın ildönümü ilə bağlı açıqlama yayıb. Açıqlama “növbətçi” xarakter daşımır və orada maraqlı məqamlar var. 

Məsələn, Rusiya XİN qeyd edib ki, üçtərəfli bəyanatdan keçən bir ilin tamamında “Rusiyanın sülhməramlı səylərinin Dağlıq Qarabağın qoparılıb Azərbaycana təslim edilməsinə, Ermənistanın protektorata çevrilməsinə yönəldiyi” barədə sosial şəbəkələrdə və internet resurslarında dövriyyəyə buraxılan informasiyaları təkzib etmək olar: 

“Bu cür bəyanatlar populist xarakter daşıyır, açıq-aşkar xarici sifarişdir və reallıqla heç bir əlaqəsi yoxdur. Bəzi təşəbbüslərimizi razılaşdırmaq mümkün olmayıb və bu, normaldır. Amma artıq təsdiqlənmiş razılıq, necə deyərlər, əziyyətlə əldə olunub və praktikada səmərəli şəkildə həyata keçirilir”.

Sosial şəbəkələrdə və internet resurslarında hər gün, hər saat saysız-hesabsız informasiya, dezinformasiya, şərh, replika və istifadəçilərin digər reaksiyaları yayılır. Rusiya XİN-in onların içərisindən “Rusiyanın sülhməramlı səylərinin Dağlıq Qarabağın qoparılıb Azərbaycana təslim edilməsinə yönəldiyi” barədə olan məlumatı və ya iddianı seçib, ona rəsmi münasibət bildirmək ehtiyacı hiss etməsi diqqəti cəlb edir. Bu münasibət isə təkzibdən ibarətdir. Rusiya XİN “gördüyünüz kimi, biz ötən bir ildə Dağlıq Qarabağı Azərbaycana təslim etməmişik” demək istəyir. Üstəlik, bu yöndəki iddiaları “xarici sifariş” adlandırır. İndi bunu necə başa düşək? Yəni Rusiya “sülhməramlı” əməliyyat keçirdiyi ərazini gələcəkdə də Azərbaycana təhvil vermək niyyətində deyil? Çünki Lavrovun idarəsinin məntiqincə, belə bir addım o mənaya gələcək ki, Rusiya dövləti xarici sifariş yerinə yetirir. 

Onu da istisna etmirik ki, biz Rusiya XİN-in dilini səhv anlayırıq və yanlış izah edirik. İstənilən halda, əcaib bir açıqlama olduğunu əminliklə söyləmək mümkündür və yəqin ki, bu fikrimizlə hər kəs razılaşar.  

Daha bir önəmli detal da var. 

“Xüsusən də, belə demək mümkündürsə (так называемый – red.), Zəngəzur dəhlizi ətrafında vəziyyətlə bağlı KİV-də yayılanlar fonunda üçtərəfli işçi qrupun bütün üzvlərinin açılacaq və yenidən yaradılacaq nəqliyyat marşrutlarının hansı ərazidən keçirlərsə, həmin dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında işləyəcəkləri barədə razılığa gəlməsi az əhəmiyyət daşımır”, – deyə bəyanatda bildirilir. 

Eyni məqamı noyabrın 5-də İrəvanda Nikol Paşinyanla görüşən Rusiya baş nazirinin müavini Aleksey Overçuk da vurğulayıb: 

“…22 oktyabrda, birgə işçi qrupumuzun 8-ci iclasını keçirərkən, bizə elə gəlir ki, konkret qərarlara yaxınlaşmışıq. Bu qərarlar ən əvvəl ona əsaslanır ki, yollar üzərində suverenlik bu yollar hansı ölkələrin ərazisindən keçirsə, onlara məxsusdur…”  

Rusiya bununla Zəngəzurda Ermənistan qanunlarının şamil olunmayacağı, xüsusi statusa malik eksterritorial dəhliz yaradılacağı barədə Ermənistanda, eləcə də İranda mövcud olan narahatlıqları, qorxuları aradan qaldırmağa çalışır. Yəni Zəngəzurdan yol açılacaq, amma bu, dəhliz statusunda olmayacaq.    

Şahin Cəfərli

Pressklub.az

Rusiya XİN-dən əcaib açıqlama… - Lavrovun idarəsi bizə hansı mesajı verir?