Operativ Qərargah qaydaları sərtləşdirəcək? - Deputatdan cavab

Operativ Qərargah qaydaları sərtləşdirəcək? - Deputatdan cavab

Operativ Qərargah qaydaları sərtləşdirəcək? - Deputatdan cavab

Operativ Qərargahın Şənbə günü yenidən toplaşacağı ilə bağlı xəbərlər yayılıb. İddiaya görə, yoluxma sayının artması ilə əlaqədar sərt qərarların qəbulu gözlənilir. Bu sıraya açıq havada maskasız gəzmənin ləğvi və toy məclislərinin keçirilməsinə məhdudiyyətlərin qoyulması daxildir. Hətta təhsil müəssisələrinin qapadılması ilə bağlı məsələ də müzakirə oluna bilər.

Deputat Məlahət İbrahimqızı Polemika.az-a açıqlamasında ölkəmizdə virusa yoluxma və ölüm sayının artdığını deyib: “Yaxın və uzaq ölkələrin 2 ildə mübarizə apardığı koronavirus pandemiyası yeni dalğalarla, ştamlarla tüğyan edir. Türkiyə və Rusiyada vəziyyət gərgindir. Vəziyyət o dərəcəyə çatıb ki, Rusiyada növbəti dəfə sərt karantin qaydaları, qapanma tətbiq olunub. Avropanın bəzi ölkələrində də vəziyyət oxşardır. Azərbaycanda da yoluxmada artım açıq-aşkar görünür. Ölüm halları da artıb. Xəstələrin sayı sağalanların sayını üstələyir.

Operativ Qərargah vaxtaşırı toplaşır və yeni-yeni qərarlar qəbul edir. Azərbaycanda artıq bir neçə aydır ki, qaydalar yumşalıb. Toylar keçirilir, məktəblər, universitetlər açılıb. Amma yoluxma azalmayıb”. 

Deputatın sözlərinə görə, bu gün ən yaxşı qorunma üsulu peyvəndlənmədir: “Vaksinasiya işini sürətlə aparır. Bu gün ən yaxşı qorunma üsulu peyvənddir. Əhalinin təxminən 50 faizinə peyvənd vurulub. Hazırda 3-cü dozanın vurulması prosesi gedir. Eyni zamanda, aşağı yaş kateqoriyasında olan uşaqlar arasında da peyvəndlənmə başlayıb. Xəstəlik tamamilə nəzarət altındadır”. 

M.İbrahimqızı qeyd edib ki, xəstələrin sayı sağalanları üstələyərsə, ölüm halları xeyli artarsa, yenidən sərt qərarlar qəbul ediləcək: “Operativ Qərargah onsuz da vaxtaşırı yığışır. Vəziyyətdən asılı olaraq qərarlar qəbul ediləcək. Xəstələrin sayı sağalanlardan çox olarsa, eləcə də ölüm halları artarsa, Operativ Qərargah bir qədər sərt qaydalar tətbiq edə bilər. Yaxın günlərdə orta məktəblərdə tətil başlayır. Bu, Operativ Qərargahın qərarlarına təsir göstərəcək. Hesab edirəm ki, Qərargah vəziyyəti düzgün qiymətləndirərək, doğru qərarlar qəbul edəcək”. 

Nəzrin Vahid

 

Operativ Qərargah qaydaları sərtləşdirəcək? - Deputatdan cavab