İran-İsrail müharibəsi qapıda: Azərbaycan qlobal təhdidi fürsətə çevirmək yolunda

Oct 24, 2024 - 12:28
 0
İran-İsrail müharibəsi qapıda: Azərbaycan qlobal təhdidi fürsətə çevirmək yolunda
İran-İsrail müharibəsi qapıda: Azərbaycan qlobal təhdidi fürsətə çevirmək yolunda

Yeni regional hərbi-siyasi şəraitin diktəsi – Azərbaycan üçün tarixi şans yaranır?

İsrail və İran arasında müharibə ehtimalı hər keçən gün daha da artır. İsrailin baş naziri Benyamin Netanyahunun qeyd etdiyi kimi, İsrailin İrana “gözlənilməz və sarsıdıcı” zərbə endirməsi regionda geniş miqyaslı müharibəyə çevrilə bilər.

Hazırda region ölkələri, o cümlədən, ABŞ bu ehtimalı nəzərə alaraq bir tərəfdən mümkün qarşıdurmanın baş verməməsi üçün cəhdlər edir, digər tərəfdən İsrailə raket hücumundan müdafiə vasitələri göndərir.

İsrail kimi İran da mümkün müharibəyə hazırlaşır. Xarici işlər naziri Abbas Əraqçi son həftələrdə region ölkələrinə, o cümlədən körfəz dövlətlərinə səfər edərək danışıqlar aparır. Yeri gəlmişkən, Əraqçi Küveytdə yerləşən ABŞ hərbi bazasından İrana hücum ehtimalı barədə suala cavab olaraq bildirib ki, qonşularımız bizi əmin etdilər ki, ölkələrinin bizə qarşı istifadəsinə icazə verilməyəcək.

Azərbaycan bu mövqeni hələ 2012-ci ildə prezident səviyyəsində elan edib. Azərbaycan öz ərazilərindən qonşu ölkələrə qarşı istifadə olunmasına imkan verməyəcək. Rəsmi Bakı İran-İsrail qarşıdurmasında tərəf olmaq istəmir, baxmayaraq ki, Fələstin məsələsində də BMT və İslam Əməkdaşlıq Təşkilatı qərarlarını dəstəkləyir.

Bakının İran-İsrail gərginliyində tutduğu mövqe neytrallıq, hər iki tərəfə eyni dərəcədə məsafəli yanaşmadır. Əlbəttə, son illərdə, xüsusən də ikinci Qarabağ müharibəsindən sonra Bakı-Tehran münasibətlərində dərin çatlar yaransa da, bu il baş verən hadisələr göstərdi ki, bunlar strateji planda deyil, taktiki geriləmələrdir və Bakı bunu aradan qaldıra bildi. Azərbaycan İranla münasibətləri sabit, normal qaydada tutmaq istədiyini, ancaq eyni zamanda Tehranın onun 3-cü ölkə, o cümlədən, İsraillə münasibətlərinə müdaxilə etməsinə imkan vermək fikrində olmadığını siyasi və diplomatik dillə nümayiş etdirdi. Başqa sözlə, Azərbaycan hakimiyyəti hər iki ölkə ilə balanslı isti münasibətlər qurmaq istədiyini göstərməyə çalışır. Belə görünür ki, bu, alınır.

Sirr deyil ki, Azərbaycan İsraillə son 30 ildə yaxşı əlaqələr qurub, Azərbaycanda multikultural mühit yəhudilər üçün Azərbaycanı cəlbedici edir. Eyni zamanda İsrail əksər Qərb dövlətlərinin satmaqdan imtina etdiyi silah və texnikanı Bakıya satıb. Yəhudi lobbisi beynəlxalq aləmdə Azərbaycanı müdafiə edib və bu, xüsusən də işğal dövründə Azərbaycan üçün faydalı olub.

Ancaq əlbəttə, Bakı İsraillə münasibətlərində Fələstin münaqişəsini nəzərə alır, bu məsələdə beynəlxalq hüquq və BMT qərarları çərçivəsində çıxış edir. 2017-ci ildə ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı olaraq tanıyanda Azərbaycan rəsmən bu qərarı tanımayıb və İƏT dövlət başçıları toplantısında qərara qarşı çıxıb. Digər tərəfdən, Azərbaycanın İsraillə əlaqələri digər bir neçə ərəb və müsəlman ölkələrinin İsraillə əlaqələri ilə bərabər səviyyədədir. Əlbəttə, Bakı qatı anti-İsrail mövqeyində deyil və buna görə xüsusən də son illərdə müsəlman ölkələrində bəzən aşkar, bəzən gizli anti-təbliğata məruz qalır. Amma qeyd etdiyim kimi, Bakının İsraillə münasibətləri bəzi ərəb ölkələrinin İsraillə münasibətləri ilə müqayisə oluna bilməz.

Əlbəttə, İsrail və İran arasında gərginliyin müharibəyə çevrilməsi yalnız Azərbaycan deyil, bütövlükdə Yaxın Şərq regionu üçün fəlakət vəd edir. İranda milyonlarla soydaşımız yaşayır və İran ərazisinin mühüm bir hissəsi tarixi Azərbaycan əraziləridir. Bu ərazilərin müharibə nəticəsində dağıntılara məruz qalması, soydaşlarımızın ölümü və ümumiyyətlə, qonşuluqda baş verə biləcək müharibə ölkəmiz üçün fəlakətli nəticələr doğura bilər. Bu mənada müharibə arzuolunmaz nəticə deməkdir. Lakin hazırda cərəyan edən hadisələr onu göstərir ki, böyük müharibə ehtimalı çox yüksək deyil.

Lakin eyni zamanda Yaxın Şərqdə yüksələn gərginlik, hərbi qarşıdurmalar buradakı enerji və nəqliyyat dəhlizləri ətrafında riskləri artırır və bu zaman əlbəttə, Azərbaycan da daxil olmaqla alternativlərə ehtiyac artır. Bu mənada Azərbaycan və yerləşdiyimiz region ciddi bir alternativə çevrilə bilər.

Ancaq bunun üçün əlbəttə ki, balanslı siyasət, regionda və dünyada daha çox və etibarlı dost qazanmaq, əldə olan imkanlardan daha effektiv istifadə etməklə neytrallığı qoruyub saxlamaq lazımdır. Unutmaq olmaz ki, gərginlik yüksəldikcə Qərb və Rusiya, eləcə də İran və İsrail Azərbaycandan tərəf olmağı tələb edəcək və bunun üçün təzyiq edəcəklər. Bu təzyiqlərdən yayınmaq, Azərbaycanı Qətər və Oman nümunəsində regionun sabitlik və diplomatiya məkanına çevirmək üçün ciddi və ağıllı diplomatiya aparmaq, məqsədyönlü, uzun dövrə hesablanmış strategiya həyata keçirilməlidir.

Unutmaq olmaz ki, müharibələr əbədi olmur, bütün müharibələrin sonu uzun və sürəkli diplomatik danışıqlardır. Bu mənada indiki zamanda həssas və həddən artıq mürəkkəb bir mərhələdən keçdiyimizi nəzərə alaraq ağıllı, tədbirli siyasət aparmaqla Azərbaycanı ədalətli, sülhsevər və eyni zamanda güclü siyasi intellektə malik ölkəyə çevirmək, siyasi nüfuzunu artırmaq, coğrafiyanın və siyasi şəraitin verdiyi imkanlardan milli maraqlar naminə uğurla istifadə etmək üçün tarixi şans mövcuddur./musavat.com

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow