Piyada keçidinin xətləri silindi, avtobuslar da bir-birinə yol vermir: "Çox ciddi təhlükələr var" - AÇIQLAMA
Biləcəri qəsəbəsində yaşayan şəxslərdən biri ərazidəki problemlərlə bağlı şikayət edib.
Polemika.az Ajans.az-a istinadən xəbər verir ki, sakin həmin bölgədəki piyada keçidi və avtobus dayanacağından narazılığını bildirib:
“Məsələ Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 44 ünvanında (Bazarstore və Avropa Tədris Mərkəzinin önü) yerləşən avtobus dayanacağı və onun radiusundakılardı. Əvvəla orada demək olar ki, 90% hissəsi silinən piyada keçidi, həmçinin piyada keçidi ilə bağlı sürücülərin görə bilməyəcəyi yerdə piyada keçidi nişanı var. Bu keçiddə maşınlar piyadaya yox, piyadalar maşınlara yol verir, elə vaxt olmayıb ki, maşına yol vermədən keçim, özü də TŞ 8-238 oranı çəkir. Yəqin ki, cərimə göndərmir deyə şoferlər belə rahatdı.
İkinci məsələ avtobus dayanacağı ilə bağlıdır. 83, 130, 134, 135, 142, 157, 158, 159, 170, Bakı-Sumqayıt ekspress, bəzən də 114A və 114B orda saxlayır. 3-4 avtobus eyni anda gələndə də ajotaj yaranır”.
Bəs, bu cür problemlər sürücülərə və piyadalara hansı problemləri yaradır?
Məsələ ilə əlaqədar Ajans.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki,
“Əgər yolda piyada keçidinin xətləri pozulubsa, təbii ki, təhlükəli hal yaranır. Hərəkət iştirakçıları üçün problem yaranır. Piyadalar və sürücülər oranın piyada keçidi olduğunu bilmirlər. Nəticədə məsələ biraz da dərinləşir və qəza baş verə bilər. Avtobus dayanacağı ilə bağlı məsələ də həll olunmalıdır. İnsanlar bilməlidir ki, avtobus harada dayanacaq. Avtobus qrafikləri də elə qurulmalıdır ki, onların eyni vaxtda dayanacağa gəlməsi baş verməsin. Və yaxud da nadir hallarda olsun. Əgər bu baş verirsə, deməli qrafiklərdə problem var və ya avtobus sürücüləri qrafikə riayət etmir. Bu cür qüsurları AYNA aradan qaldırmalıdır”.
Qeyd edək ki, Ajans.az problemlə bağlı müvafiq qurumlarla əlaqə saxlamağa çalışdı, amma nə AYNA, nə də DYP cavab vermədi.
What's Your Reaction?