Əməkhaqqı və pensiyalar nə qədər artacaq? - Büdcədən bu qədər vəsait ayrıldı
Hazırkı reallıqlar göstərir ki, Azərbaycanın II Qarabağ müharibəsindəki qələbəsini, ərazi bütövlüyümüz və süverenliyimizin təmin edilməsini həzm edə bilməyən qüvvələr tərəfindən ölkəmizə qarşı təzyiq və riyakarlıqlar davam etməkdədir. Bir sıra dövlətlərin Azərbaycana qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş erməni oyunlarına yeni nəfəs vermək cəhdləri açıq-aydın görünür. Ona görə Ermənistanın öz havadarlarının təhriki ilə son vaxtlar geniş vüsət alan genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən əlavə cavab tədbirlərinin görülməsi üçün müdafiə və təhlükəsizlik xərclərinin artırılacağı gözlənilən idi.
Polemika.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib.
O qeyd edib ki, II Qarabağ müharibəsindəki qələbəmizin nəticələrini qoruyub saxlamaq başlıca vəzifədir:
“Eyni zamanda ölkəmizin inkişafı, xalqımızın bundan sonra da təhlükəsiz həyatını təmin etməkdən ötrü zəruri addımların atılması labüddür. Məhz bu kontekstdə hərbi gücümüzün artırılması və təhlükəsizlik məsələsi prioritet məsələlər sırasında olacaq: “Sözsüz ki, 2025-ci il dövlət büdcəsinin layihəsində sosial sahədə artımların olması da gözlənilir. Artıq gələn ilin dövlət büdcəsi zərfi Milli Məclisə göndərilib. 2025-ci il dövlət büdcəsi zərfinin Milli Məclisə daxil olan variantı əsasında sosial sahədə artırımların necə olacağını proqnozlaşdırmaq mümkündür. Artımların konkret əhatə dairəsini detallaşdırılmış şəkildə büdcə sənədlərini təhlil etdikdən sonra söyləmək doğru olar”.
Millət vəkili Maliyyə Nazirliyi tərəfindən 2025-ci il dövlət büdcəsi layihəsinin ilkin variantının açıqlandığını bildirib:
“Gələn ilin dövlət büdcəsində sosial müdafiə və təminat üzrə xərclər üçün 4 milyard 998 milyon manat ayrılması nəzərdə tutulmuşdu. Yeni variantda isə sosial müdafiə və təminat xərcləri 4 milyard 812 milyon manat göstərilib”.
Əli Məsimli hələlik minimum əməkhaqqı və minimum pensiyanın hökumət tərəfindən nə qədər artırılacağı barədə konkret rəqəm demək mümkün olmadığını söyləyib:
“Amma sözügedən ümumi rəqəmlərdən çıxış edərək demək olar ki, həmin miqdarda vəsait minimum əməkhaqqı, pensiya, müavinətlər sahəsində böyük artımlar həyata keçirmək üçün yetərli deyil və məbləğ artırılmalıdır”.
What's Your Reaction?