"Ərdoğan Ukraynaya Azərbaycan qədər dəstək verməyəcək, amma..." - " Foreign Policy”

"Ərdoğan Ukraynaya Azərbaycan qədər dəstək verməyəcək, amma..." - " Foreign Policy”

"Ərdoğan Ukraynaya Azərbaycan qədər dəstək verməyəcək, amma..." - " Foreign Policy”

ABŞ-da nəşr olunan məşhur “Foreign Policy” dərgisi Türkiyənin Ukraynaya Rusiyanın mümkün təcavüzünə qarşı hansı səviyyədə dəstək göstərəcəyini təhlil edib.

Məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynanın yanında olduğunu dəfələrlə bəyan etdiyini xatırladılır və onun hakimiyyəti dövründə iki ölkə ticarət və müdafiə sahələrində ciddi tərəfdaşa çevrilməsi, milyardlarla dollarlıq azad ticarət sazişləri imzaladıqları vurğulanır. Həmçinin Türkiyənin Ukraynanın qlobal bazara çıxışı üçün vacib Bosfor boğazına nəzarət etdiyi qeyd edir.

Məqalədə Türkiyənin Krımın Rusiya tərəfindən ilhaqını tanımadığı vurğulanır: "1783-cü ilədək Osmanlı İmperiyasının tərkibində olan Krımı Rusiya işğal edərək oraya etnik rusları yerləşdirmiş, etnik krımlıları didərgin salmışdı. 1944-cü ildə sovet lideri İosif Stalin yüzminlərlə Krım tatarını qəddarcasına deportasiya edib. Ərdoğan çıxışlarında tatarları qan qardaşı adlandırıb".

“Foreign Policy” yazır ki, Ukraynaya dəstək, bu məsələdə həmrəylik Türkiyənin Qərblə münasibətlərinin yaxşılaşmasına kömək edər.

Amma bir məsələ də var ki, Suriya, Liviya, indi də Ukraynada münaqişələrdə fərqli tərəflərdə durmalarına baxmayaraq, Türkiyənin Rusiyadan müəyyən asılılığı var. Avropa Xarici Əlaqələr Şurasının aparıcı əməkdaşı, jurnalist Əsli Aydıntasbas iki ölkənin rəqabətli əməkdaşlıq etdiyini qeyd edib.

Türkiyənin ümumi təbii qaz ehtiyacının 40 faizindən çoxu Rusiya hesabına təmin olunur. Rusiyanın "Qazprom" nəhəngi ilə Türkiyənin "Botaş" şirkətinin imzaladığı dörd illik saziş çərçivəsində idxalın artacağı gözlənir.

Ukrayna-Türkiyə münasibətlərində əhəmiyyətli müdafiə və iqtisadi sazişlər imzalanıb. 2021-ci ildə Türkiyə Ukraynaya 4.5 milyard dollarlıq investisiya qoyub. İki ölkənin ticarəti 5 milyard dolları keçir. Türkiyə 2018-ci ildən Kiyevə"Bayraktar TB2" dronları satır. Bu silahlar 2020-ci ildə Qarabağ müharibəsində Azərbaycanın qələbə çalmasında rol oynayıb.

“Onların Ukraynaya dron satması faktı indiki gərgin məqamda güclü əlamətdir”, – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Atlantik Şurasının əməkdaşı Metyu Brayza deyib.

Ekspertlər Ərdoğanın Ukraynaya Azərbaycan qədər dəstək verəcəyinə inanmır. Bilkent Universitetindən Rusiya üzrə ekspert Onur İsci deyib ki, Putin və Ərdoğan üst-üstə düşən, bəzən də uyğun gəlməyən alyansları saxlaya bilərlər, çünki onlar diplomatiyaya dövlətin mənafeyindən baxırlar.

Yazıda daha sonra "Metropoll" şirkətinin ötən ay keçirdiyi rəy sorğusuna yer verilir. Sorğuta görə, respondentlərin 39.4 faizi Çin və Rusiya (Şərq) ilə münasibətlərin sıxlaşdırılmasını istəyir. Avropa İttifaqı və ABŞ (Qərb) ilə sıx münasibət istəyənlər 37.5% olub. Bir il öncə bu rəqəmlər uyğun olaraq 27.6% və 40.9% idi./AzPolitika.info

"Ərdoğan Ukraynaya Azərbaycan qədər dəstək verməyəcək, amma..." - " Foreign Policy”