"Əmək bazarı ilə təhsil arasında uyğunsuzluqlar yaranıb" - Rektor
"Əmək bazarı ilə təhsil arasında uyğunsuzluqlar yaranıb" - Rektor
Cəmiyyətdə və iqtisadiyyatda, bütövlükdə həyatın bütün sahələrində köklü dəyişikliklər baş verməsinə baxmayaraq, universitetlər yarandığı ilk vaxtlardan bu günlərə qədər təhsil texnologiyaları dəyişməz olaraq qalıb.
Polemika.az xəbər veirir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.
Rektor bildirib ki, mütəxəssislərə tələblər ciddi dəyişikliklərə məruz qalsa da, təhsil texnologiyaları dəyişməz olaraq qalıb. Bu isə əmək bazarı ilə ali təhsil sistemi arasında ciddi obyektiv uyğunsuzluqlar yaradıb:
“Söhbət ondan gedir ki, mövcud təhsil texnologiyaları keçmişdə olduğu kimi, bilik və vərdişlərə malik olanlarla həmin bilik və vərdişlərə sahib olmaq istəyənlər arasında bir vasitəçilikdən ibarətdir. Son nəticədə bilik və vərdişlərə sahib olmaq istəyənlərin uğuru müəllimin malik olduğu bilik və vərdişlərə uyğunluğu ilə qiymətləndirilir”.
Ədalət Muradovun sözlərinə görə, müasir tələblərə cavab verən ali təhsilin gələcəyi həm də təhsil texnologiyalarının yenilənməsindən keçir. Yeni təhsil texnologiyaları təhsilalanların komandalarda, bilik və vərdişləri daha çox müstəqil şəkildə əldə etməsinə imkan verən, hər bir təhsilalanın fərdi bacarıqlarını nəzərə alan təhsil texnologiyalarıdır.