“Əliyevə cavab verə bilmirlər, Lukaşenkoya xoruzlanırlar...” - Koçaryan

“Əliyevə cavab verə bilmirlər, Lukaşenkoya xoruzlanırlar...”

“Əliyevə cavab verə bilmirlər, Lukaşenkoya xoruzlanırlar...” - Koçaryan

“Ermənistanda Aleksandr Lukaşenkonun fikirlərinə göstərilən kəskin reaksiya mənim üçün anlaşılmaz oldu”. 

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan İrəvanda keçirdiyi mətbuat konfransında deyib. Xatırladaq ki, söhbət bir müddət əvvəl Belarus Prezidentinin Rusiyanın dövlət kanalına verdiyi müsahibədə Ermənistan barədə söylədiyi fikirlərdən gedirdi.

Lukaşenko həmin müsahibəsində deyib: “Ermənistanın gedəcək yeri yoxdur. Elə bilirsiniz ki, onlar kiməsə lazımdırlar? Onlar artıq bunu gördülər...”

Koçaryan mətbuat konfransında bildirib ki, Lukaşenko bir qədər nəzakət qaydalarını aşsa da, onun dedikləri həqiqətdir və bu sözlər Azərbaycan Prezidentinin Ermənistan barədə səsləndirdiyi fikirlərlə müqayisədə çox yumşaqdır.

Bununla yanaşı o, Ermənistanın indiki rəhbərliyini Lukaşenkoya kəskin etiraz etdiyi halda İlham Əliyevin qarşısında susmaqda ittiham edib: “Lukaşenkonun dedikləri Əliyevin Ermənistanla bağlı dediklərilə heç bir müqayisəyə gəlmir. O vaxt Ermənistanın reaksiyası sıfra bərabər oldu. Bəs, niyə onlar Lukaşenko ilə bağlı məsələdə belə xoruzlanırlar? Bəli, Lukaşenko fikrini belə tonda deməli deyildi. Amma biz anlamalıyıq ki, o, başqalarının da düşündüyü şeyi deyir. Bu, faktdır, hamı düşünür ki, Ermənistanın gedəcək yeri yoxdur. İndiki hakimiyyət məhz bu cür düşüncə tərzinin formalaşmasını istəyir”.

Koçaryan mətbuat konfransında Ermənistanın Rusiya və Belarusun birləşdiyi “İttifaq Dövləti”nə daxil olması perspektivinə dair suala isə birmənalı cavab verməyib və “nala-mıxa vurub”.

O, deyib ki, bu məsələdə “soyuq hesablamalar” aparmaq və daha sonra qərar vermək lazımdır. Bu da ondan irəli gəlir ki, Koçaryan erməni cəmiyyətinin “İttifaq Dövləti”nə qoşulmaq baxımından mövqeyini bilir və bilir ki, ermənilərin əksəriyyəti bunun əleyhinədir.

“Əliyevə cavab verə bilmirlər, Lukaşenkoya xoruzlanırlar...” - Koçaryan