Yazıçı Şərif Ağ "Kulis"dən niyə getdi?

Yazıçı Şərif Ağ "Kulis"dən niyə getdi?

Yazıçı Şərif Ağ "Kulis"dən niyə getdi?

Tanınmış yazıçı Şərif Ağ (Ağayar) Kulis.az-dan ayrılıb.

Polemika.az xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat verib: 

“Noyabrın 1-dən ömrümün 5 ilini köşə yazarı, 3 ilini redaktor, 4 ilini baş redaktor kimi sərf etdiyim doğma “Kulis”dən ayrılıram.

Bildiyiniz kimi, “Kulis” təkcə Azərbaycanda deyil, həm də yaxın coğrafiyada ən böyük, uzunömürlü və davamlı mədəniyyət portallarından biridir. Bu trendi qazanmaq asan olmasa da, mümkündür, lakin illərlə qoruyub-saxlamaq hər oğulun işi deyil. 

“Kulis” mədəniyyət tariximizin ciddi hadisəsidir. Mən ilk cümləmi yazandan son nöqtəmi qoyanacan bu məsuliyyəti anlamışam və anlamayanlarla, anlamaq istəməyənlərlə daima dava-qırğın eləmişəm.

İndi işdən ayrılmağımın da ən vacib səbəbi elə həmin bu məsuliyyət hissidir.

“Kulis”ə kənardan bir çoxuna gülməli gələn qəribə - Novruzəli sədaqəti bəsləmişəm! Danmayacam, bu illər ərzində narazılıqlar da olub, anlaşılmazlıqlar da. İstər APA Group-da, istər “Kulis”in özündə, istərsə də kənarda məni sevməyən, pislik edən, hətta şər-böhtan atmağa çalışan adamlarla da rastlaşmışam. Lakin mən güclü adamam və belə xırda söz-söhbətlər ciddi qərar verməyimə səbəb ola bilməz. “Kulis”i öz məqamında saxlamaq üçün güc, enerji və zaman lazımdır. Üstəlik yolum uzaqdır. Hər gün 3 saat maşınlarda, qatarlardayam. Yazılarımın bir çoxunu bu yollarda telefonla yazmışam. Gileylənmirəm. Sadəcə gerçəkləri izah etmək istəyirəm. Həyatım həmişə çətin keçib. Özümü hərbi əsir kimi hiss etdiyim bu ölkənin zülmkar həyat şərtləri altında maaşla yaşayan və dürüstlüyə axmaqcasına bağlı olan birisiyəm. Vəziyyətimi anlamaq çox da çətin olmamalıdır…”

Şərif Ağ fiziki olaraq yorulduğu üçün dogma iş yerindən ayrıldığını qeyd edib:

“Nisbətən azad mühiti və ölməmək üçün mənəvi oksigeni olan “Kulis”də bir cümləni belə ürəksiz yazmadım, bir sözü belə ürəksiz düzəltmədim, bir fotonu belə ürəksiz qoymadım. Buna əxlaqı və vicdanı olan hər kəs şahidlik edə bilər.

Bütün bu səbəblərdən yazıçı kimliyim, şəxsi qayğılarım həmişə arxa plana atıldı, bir də onda gördüm, özüm-özümdən cüda düşmüşəm və dəhşətli dərəcədə yorulmuşam. İstefa etmək fikrinə bir ildir gəlmişəm. Rəhbərliyə də aylar öncə demişdim.

Hörmətli Vüsalə Mahirqızı sağ olsun. “Kulis” üçün, mənim də orda işləməyimə verdiyi fürsət üçün və ən nəhayət, son qərarımda məni başa düşdüyü üçün. “APA Group”, o cümlədən “Kulis” mənə doğma ünvan olaraq qalacaqdır. İllərin xoş xatirələrinə və aradakı xətir-hörmətə sayğım əbədidir.

Onu da deyim: redaktor və yazıçı kimi fəaliyyətim davam edəcək. Həm də daha çox və daha səmərəli. Buralardayam. Yanınızdayam. Qulluğunuzdayam. Hər zaman! Sağlıqla qal, doğma “Kulis”! Mənə verdiyini halal et, mən də sənə bir şey verə bildimsə halalın olsun! Ümid edirəm, öz ucalığından enməyəcəksən!”

Yazıçı Şərif Ağ "Kulis"dən niyə getdi?