Toyuna getmədiyimiz əsgər Şuşaya bayraq sancanda...

Toyuna getmədiyimiz əsgər Şuşaya bayraq sancanda...

Bir həftədir facebook igid əsgərlərimizin şəkilləriylə dolub-daşır. Cəbrayılın, Füzulinin Zəngilanın, Qubadlının, Xocavəndin və cənnət Qarbağımızın digər bölgələrinin işğaldan azad olunmasında iştirak etmiş hərbçilərimizin Prezident İlham Əliyev tərəfindən mükafatlandırılması əsgər və zabitlərimizdən çox onların qohum-qardaşının, dost-tanışının sevincinə səbəb olub.

Gündə ən azı yüz dəfə bu cür paylaşımlara rast gəlirəm: “Əmioğlu, səninlə fəxr edirik!”

Ən son gördüyüm şəklin altından bu sözlər yazılmışdı: “Mənim igid dayıoğlum Cəbrayılın azad olunmasında göstərdiyi xidmətlərə görə medalla təltif olunub”.

Dünən isə sosial şəbəkə dostlarımdan biri xalası oğlunun, digəri isə bibisi nəvəsinin medal almasına görə qürur hissi keçirirdi...

Vətən Müharibəsi Azərbaycan Ordusunun düşmən üzərində parlaq qələbəsiylə başa çatdı. Biz nankor erməniləri havadarlarıyla birlikdə doğma Qarabağımızdan qovub çıxardıq. Sözsüz ki, bu qələbədən hamıya pay düşür. Sevinmək, fəxarət hissi keçirmək bizim haqqımzıdır...

Müharibə bizə təkcə düşmənlərimizi deyil, həm də dostlarımızı tanıtdı. Məlum oldu ki, Anadolu türkü təkcə yaxşı günün deyil, həm də pis günün dostu, qardaşı, sirdaşıdır. Bu 44 gündə pakistanlı qardaşlarımızın sədaqətinə bir daha əmin olduq. Başa düşdük ki, uzaq Ukrayna bizə din qardaşlarımızın çoxundan bir köynək daha yaxındır. Nə qədər gülməli olsa da, bu 44 gündə ən azı 44 dəfə Parisi partladan dərvişin ruhuna fatihə oxuduq...

Müharibə bizə həm də yaxın-uzaq qohumlarımzı tanıtdı. Kasıb olduğu üçün toyuna getmədiyimiz o igid əsgər Şuşaya bayraq sancanda yadımıza düşdü ki, xalamızın belə bir nəvəsi var. Dayımızın oğlu Zəngilanın işğaldan azad olunmasına görə medalla təltif olunanda toyda-bayramda özümüzə sığışdırıb onunla şəkil çəkdirmədiyimiz üçün ürəkdən təəssüfləndik. Bibimizin nəvəsi hər gün ən azı 3-4 erməni tankını sığırçın kimi ovlayandan sonra iş yoldaşlarımıza, dostlarımıza o igid qohumumuzdan bəhs etməyə başaldıq. Müharibə çoxdan uzaq düşdüyümüz qohumlarımızı bizə yenidən yaxınlaşdırdı. O qalib əsgərlə qohum olmağıyla kim fəxr etməz ki?!

Soruşa bilərsiniz ki, bəs bu irad, tənə nəyə lazımdır?

Deyim, biləsiniz...

Vətən Müharibəsinin simvollarından birinə çevrilən Topçu Vüsalın ehtiyac üzündən ali təhsil almadığından xəbəriniz varmı? Bu gün onunla fəxr edənlərin hərəsi o vaxt 1 manat versəydi, Vüsal cəbhəyə universitet tələbəsi kimi yollanardı...

Müharibədə iki gözünü, bir ayağını itirən könüllü əsgərin 3 uşağıyla qarajda yaşadığını bilirsiniz? Düşük, əttökən müğənnilərə villalar bağışlayan iş adamlarımızdan biri vaxtilə həmin əsgərə də bir ev bağışlasaydı, cəbhəyə gedəndə gözü arxada qalmazdı...

Müharibə bizə həm də səhvlərimizi düzəltmək, o igid qohumlarımızı lazımınca qiymətləndirmək üçün şans verib. Belə şans həmişə ələ düşmür...

Seymur VERDİZADƏ