Tahir Kərimli müzakirələrə səbəb olan çıxışından danışdı: “İnsanın haqqını vermək yaltaqlıqdır?”

Tahir Kərimli müzakirələrə səbəb olan çıxışından danışdı:

Tahir Kərimli müzakirələrə səbəb olan çıxışından danışdı: “İnsanın haqqını vermək yaltaqlıqdır?”

“Milli Məclisin plenar iclasında Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edəndən  sonra bu reaksiyaları gözləyirdim. Bilirəm ki, radikallar var, onlar İlham Əliyevə düşmən münasibət bəsləyirlər. Qızıl söz desən də, əleyhinə olacaqlar. Bəziləri də dərin deyillər, çıxışın mənasını başa düşmür, elə müxalif yöndən yanaşırlar. Elələri də var ki, çoxluqdan çəkinir, haqqı müdafiə edə bilmir. Bilirsiniz, Milli Məclisdə çıxış üçün 3 dəqiqə vaxt verirlər, ona görə də ən zəruri məsələləri deyə bilirik. Çıxışımda dedim ki, İlham Əliyev dünya erməniliyini sındırıb. Mənim anlamımda dünya erməniliyi təpəgözdür. Basat təpəgözün gözünü çıxarır, amma o, yaşayır axı... Biz də dünya ermənliyinin gözünü çıxarmışıq, amma tam məhv etməmişik, Qarabağda Rusiyanın sülhməramlı kontingenti var, Xankəndi bizə verilməyib, suverenliyimiz tam bərpa olunmayıb. Mən də buna görə Prezident İlham Əliyevə çağırış etdim”.

Polemika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, bu məsələlərin öhdəsindən yalnız İlham Əliyev gələ bilər: “Alternativləri varsa, göstərsinlər, inanaq, gedək... Məlikməmməd nağıl personajıdır. Dediklərim nağılın real həyata müncər edilməsidir. Yeddibaşlı əjdaha Azərbaycanın inkişafının qarşısını alır. Birinci baş korrupsiya və rüşvətxorluq, ikinci baş inhisarçılıq, rəqabətsizlik, üçüncü baş işsizlik, dördüncü baş bahalaşma, beşinci baş qanunların işləməməsi, altıncı baş təhsil, səhiyyə və digər sahələrdə çatışmazlıq, yeddinci baş kadr siyasətində ayrı-seçkilikdir. İlham Əliyevə çağırış etdim ki, yeddibaşlı əjdahanı məhv etməlisən. Azərbaycan xalqı simurq quşu kimi lələyini yandırmağa hazırdır. İlham Əliyevə niyə çağırış etmişəm? Çünki Prezidentdir, səlahiyyətləri, nəzarət imkanları var. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində özünü doğruldub. Radikal müxalifət xaricdə azərbaycanlı adından fərəh hissi keçirirsə, bunun səbəbi müharibədə qalib gəlməyimizdir. Qalibiyyəti kim gətirdi? Xalq-ordu birliyini kim yaratdı? Əlbəttə ki, Prezident İlham Əliyev!

Bir daha qeyd edirəm, alternativləri varsa, desinlər. Bəlkə müxalifət liderlərini nəzərdə tuturlar?! Bəlkə xaricdə var, xəbərimiz yoxdur?! Açıq deyirəm, bilmirəm, İlham Əliyev olmazsa, hansı qüvvələr xaotik vəziyyət yarada bilər... Kim nəzarət edəcək, nə lovğalıq edirsiniz? Azərbaycanın tarixində imzası olanlardan biri mənəm. Xalqım, dövlətim üçün məsuliyyət daşımıram?! Kim yaltaqlıq edir? İnsanın haqqını vermək, xalqının, dövlətinin gələcəyini istəmək yaltaqlıqdır? İstər Napoleon, istər Sezar, istər Pyotr, istərsə də Şah İsmayıl Xətai olsun, hansı demokratikliyi ilə yadda qalıb? Hamısı dövlətlərini, millətlərini ucaltmaqla, qələbələri ilə yadda qalıblar. Siz istədiniz, ya istəmədiniz, İlham Əliyev tarixə möhürünü vurub. Bu qədər həqarət olar? Söyüş söyürlər, təhqir edirlər... Nə dediyini anlamırlar. Sənin anlamamağının təqsirkarı mənəm?”./Pravda.az

Tahir Kərimli müzakirələrə səbəb olan çıxışından danışdı: “İnsanın haqqını vermək yaltaqlıqdır?”